​CFD müqavilələri: investorlar üçün perspektivli maliyyə aləti - ANALİTİKA

​CFD müqavilələri: investorlar üçün perspektivli maliyyə aləti - ANALİTİKA Emmanuil Lemonakis: "CFD müqavilələri treyderlərə daha az xərclə artan və ya enən qiymətlərdən faydalanmaq imkanı verir"
Analitika
5 Fevral , 2015 11:52
​CFD müqavilələri: investorlar üçün perspektivli maliyyə aləti - ANALİTİKA

Bakı. 5 fevral. REPORT.AZ/ Bazar şəraitindən asılı olmayaraq, təcrübəli və savadlı sərmayəçilər daim öz kapitallarının qorunub saxlanması, daha da artırılması üçün yeni vasitə və imkanlar axtarırlar. Bu məsələ investorların öz gəlirlərini artırmaq məqsədilə istifadə etdikləri aktivlərlə münasibətdə xüsusilə zəruridir. İnvestorlar aktivlərin idarəolunması ilə bazarlarda olan yüksəliş və enmələrdən yararlanmaq, brokerlərə müraciət zamanı ödənən komissiya haqqlarını azaltmaq üçün müxtəlif üsul və vasitələr tətbiq edirlər.

Son 10 ildə dünya maliyyə bazarında geniş yayılmış Qiymət Fərqinə dair Müqavilə (Contract for Difference/CFD) investorlara baza aktivinə malik olmadan sövdələşmələrdə iştirak etməyə imkan verir. CFD vasitəsilə həyata keçirilən əməliyyatlarda investor əsas maliyyə alətləri olmadan, səhm, məzənnə, əmtəə və ya indekslərin qiymət dəyişməsini öncədən müəyyən etməklə mənfəət əldə edə bilir. CFD müqavilələri treyderlərə daha az xərclə, artan (uzun mövqe) və ya enən qiymətlərdən (qısa mövqe) əsas maliyyə alətləri vasitəsilə faydalanmaq imkanı verir. "Report"un məlumatına görə, bunu "Saxo Bank"ın Şərqi və Mərkəzi Avropa üzrə direktoru Emmanuil Lemonakis (Emmanouil Lemonakis) bildirib.

E.Lemonakis hesab edir ki, CFD müqavilələri bazarın inkişaf perspektivləri ilə bağlı investorun öz rəyinə əsasən, uzun və ya qısa mövqelərdə (go long/go short) çıxış etmək üçün seçim imkanı yaradır ki, bu da əksər investorlar üçün həlledici amillərdən biridir. Əgər investor uzun mövqedə çıxış edir və CFD əldə edirsə, bu, baza kapitalının alınmasında öz əksini tapır və səhm kimi baza aktivinin qiymət artımı nəticəsində investor gəlir əldə edə bilər. Eyni qayda ilə, qısa mövqedə çıxış edərək CFD müqavilələrinin satışı ilə müəyyən səhmlərə olan qiymətlərin və ya bütövlükdə bazar qiymətlərinin aşağı düşməsindən mənfəət əldə etmək olar. Bir sıra investorlar portfel hecləşdirilməsində bu texnikadan istifadə edir: məsələn, səhmlərin 80%-i uzun mövqedə olduğu halda, fond bazarında baş verəcək mümkün tənəzzüldən sığortalanmaq üçün səhmlərin 20%-i qısa mövqedə saxlanılır.

"Adətən, marjaya olan tələb aşağı göstərici sayılan 2%-dən başladığı halda, CFD müqavilələri ilə sövdələşmədə kredit təklifinin yuxarı həddə olması, bu cür sövdələşmələrin daha bir üstün cəhətini təşkil edir. Başqa sözlə, məhsuldarlığın əldə olunması üçün aktivlərin alınması ilə müqayisədə daha az vəsait tələb olunacaq. CFD-nin digər cəlbedici tərəfi bu cür müqavilələrin yalnız səhmlər üçün deyil, həm də əmtəə, istiqraz, valyuta və qlobal indekslərə əsaslanan qiymət fərqlərinə dair tərtib oluna bilməsidir. Bunun sayəsində, CFD sektoru investorlar arasında daha da geniş vüsət alır. CFD müqavilələri əsasən vahid platformada təqdim olunur və artıq yeni nəsil innovasiyalı onlayn ticarət platformasının özünəməxsus maliyyə alətinə çevrilib", - deyə E.Lemonakis qeyd edib.

Strategiya baxımından CFD bazarı qısa satış qaydaları ilə məhdudlaşmır və burada baza aktivləri investorun mülkiyyətində olmadığından kreditlər üzrə çəkilən xərclərdən söhbət belə gedə bilməz. İnvestorlar yalnız spredlərə, yəni "ask" və "bid" arasındakı fərqə görə xərc çəkməli olurlar. Bu da sövdələşmələrdə aktiv iştirak edən brokerlər üçün ənənəvi olaraq tutulan komissiya haqları fonunda daha da cəlbedici görsənir.

CFD vasitəsilə əməliyyatlar böyük miqdarda mənfəət əldə etmək imkanı verir. Ancaq qeyd etmək lazımdır ki, CFD əməliyyatlarında itkilər də kredit vəsaitlərinə əsaslanan digər aşağı səviyyəli alətlərlə müqayisədə daha yüksək ola bilər. CFD brokerlərinin əksəriyyəti ənənəvi brokerlərin yararlandığı əmr ("order") tiplərini təklif edir ki, bunlara dayanma ("stop order"), limit ("limit order") və şərti ("contingent order") sifarişlər aiddir. Lakin bununla yanaşı, investorlar digər ticarət vasitələrində olduğu kimi, kompleks yoxlamalar və investisiya analizini unutmadan, diqqətlə sövdələşmə aparmalıdır.

"Hər hansı bir maliyyə alətinin istifadəsi zamanı, investorlar məhsulun tədqiq edilməsi üçün bütün lazımi tədbirləri həyata keçirməli, bu və ya digər alətin müsbət və mənfi cəhətlərini tam şəkildə müəyyən etməlidir. Bu məsələ yanvarda qarşılaşdığımız qeyri-stabil bazar mühitində xüsusi əhəmiyyət kəsb edir. "Saxo Bank" investorların formalaşmasına çox ciddi yanaşır və biz müştərilərimizin dünya bazarının təklif etdiyi imkanlardan tam yararlanmalarını təmin etməklə, onlar üçün uzunmüddətli fəaliyyət platforması formalaşdırmaq naminə səy göstəririk", - deyə "Saxo Bank"ın regional direktoru bildirib.

Son xəbərlər

Orphus sistemi