"Bu yolla qeyri-neft sektorunun xarici investisiyalar üçün cəlbediciliyini artıra bilərik" - RƏYLƏR

"Bu yolla qeyri-neft sektorunun xarici investisiyalar üçün cəlbediciliyini artıra bilərik" - RƏYLƏR Azərbaycanda iqtisadi inkişafın təmin olunması, dövlət büdcəsi gəlirlərinin saxələndirilməsi üçün qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması ölkənin yeni iqtisadi modelinin əsas prioritetlərindəndir. Burada mühüm məsələlərdən biri isə xarici investorlar üçün iqtisadiyyatın cəlbediciliyini maksimal dərəcədə təmin etməkdir. Bəs bu hədəflərə nail olmaq üçün nələr edilib və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində daha hansı işlərin görülməsi vacibdir?
Analitika
28 Oktyabr , 2019 13:56
Bu yolla qeyri-neft sektorunun xarici investisiyalar üçün cəlbediciliyini artıra bilərik - RƏYLƏR

Azərbaycanda iqtisadi inkişafın təmin olunması, dövlət büdcəsi gəlirlərinin saxələndirilməsi üçün qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması ölkənin yeni iqtisadi modelinin əsas prioritetlərindəndir. Burada mühüm məsələlərdən biri isə xarici investorlar üçün iqtisadiyyatın cəlbediciliyini maksimal dərəcədə təmin etməkdir. Bəs bu hədəflərə nail olmaq üçün nələr edilib və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində daha hansı işlərin görülməsi vacibdir?

Məsələni "Report"a şərh edən iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev cari ildə qeyri-neft sektorunda artımın müşahidə olunmasına baxmayaraq, əvvəlki illərə nisbətən bu artımın qənaətbəxş görülmədiyini deyib: "Neft gəlirlərinə olan asılılığın azaldılması və illər üzrə qeyri-neft sektorunun “iqtisadi artım şəraitində” ÜDM-də çəkisinin artırılması qarşıya qoyulan əsas hədəflərdəndir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, ölkə iqtisadiyyatı neftin qiymətindəki azalmalar kimi xarici şokların mənfi təsirinə hazır olur və ÜDM artımı şaxələndirirlmiş iqtisadi fəaliyyət üzərində qurulmuş olur və dayanıqlılıq qazanır. Cari ildə qeyri-neft sektorunda artım müşahidə olunsa da, onun ÜDM-dəki çəkisini illər üzrə nəzərdən keçirsək, bu artımın qənaətbəxş olmadığı görülür. Belə ki, cari ilin ilk doqquz ayının göstəricilərinə görə, qeyri-neft sektorunun ÜDM-dəki çəkisi 60,1% olub. Bu göstərici 2018-ci ildə 58.5%, 2017-ci ildə 62.8%, 2016-cı ildə isə 65,7% olub".

"Ölkədə faiz dərəcələrinin yüksək olması investisiyaların maliyyələşməsi və onun real sektora axını qarşısında ən önəmli maneələrdəndir".

Gəray Musayev

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev

Ekspert hesab edir ki, real sektor əsaslı qeyri-neft sektorunun inkişafı üçün dövlətin daxili və xarici investisiyaların həmin sektora cəld edilməsinə əlverişli mühit yaratması və təsiredici mənfi amillərin aradan qaldırılması lazımdır: "Sahibkarlara güzəştlərin tətbiq edilməsi, xüsusən də son iki ildə əlverişli vergi mühitinin formalaşdırılması qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün atılmış ən önəmli addımlardandır. Vergi sahəsində dəstəkləyici tətbiqlər nəticəsində “kölgə iqtisadiyyatı”nın azalması prosesi başlayıb. 2019-cu ildə 120 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb, onlardan 90 mini qeyri-neft sektorunun özəl bölməsində olub. Eyni zamanda, vergitutma bazasının genişləndiriməsi nəticəsində vergi gəlirlərində artım müşahidə olunur. Növbəti büdcə ili və sonrakı 3 il üzrə büdcənin vergi gəlirləri proqnoz göstəricilərində də artımın davam edəcəyi, 2018-ci ildə 9443.6 milyon manat olan vergi gəlirlərinin 2023-cü ildə 12210 milyon manata qədər artacağı təxmin edilir. Bu isə dövlət büdcəsinin neftdən əldə edilən gəlirlərdən asılılığının azaltmaqla, dövlət həyata keçirdiyi investisiyaların maliyyələşmə mənbələrinin qeyri-neft sektorundan əldə edilən gəlirlərdən formalaşmasına şərait yaradır.

Vergi sahəsində aparılmış islahatların digər sahələrdə aparılacaq islahatlarla da dəstəklənməsi vacibdir. Ölkədə faiz dərəcələrinin yüksək olması investisiyaların maliyyələşməsi və onun real sektora axını qarşısında ən önəmli maneələrdəndir. Yüksək faiz dərəcələrinin təmin etdiyi gəlir səviyyəsi, real sektorda iqtisadi fəaliyyət nəticəsində əldə ediləcək gəlirlərdən çox olduğu halda investor real sektorda fəaliyyət göstərməyə müsbət baxmayacaq və bu sektordan çəkiləcək. Digər tərəfdən, bankların verdiyi kreditlərin tərkibində istehlak kreditləri üstünlük təşkil edir. Bu isə məcmu tələbdəki artım nəticəsində inflyasiya təzyiqinə və idxal məhsullarına olan tələbdə artıma səbəb ola bilər. Bu baxımdan, istehlak kreditlərinin verilməsi şərtləri də yenidən nəzərdən keçirilməli, kreditlərin geri ödənilməsində risk amilləri nəzərə alınmalıdır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) eksperti Rəşad Həsənova görə isə, fundamental dəyişikliklərə ehtiyac var, artıq əvvəlki oyun qaydaları ilə iqtisadiyyatı idarə etmək mümkün deyil:

"Xüsusilə son bir neçə ildə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, iqtisadiyyatın ümumiyyətlə şaxələndirilməsi, dayanıqlılığın təmin edilməsi və resurs asılılığının azaldılması məqsədilə geniş spektrli və miqyaslı bir proses başlanıb. Bu zaman çərçivəsində strateji yol xəritələri qəbul edildi, institusional dəyişikliklərə gedildi, bu öhdəliklər çərçivəsində təşviq mexanizmləri hazırlandı, vergi məcəlləsində müəyyən dəyişikliklər edildi. Nəticədə Azərbaycanın qlobal reytinq agentliklərində mövqeyi möhkəmləndi, “Doing Bussines” indeksində ölkə 2019-cu il göstəricinə görə 25-ci yerə yüksəldi, qlobal rəqabətlilik indeksində, eyni zamanda iqtisadi azadlıqlar indeksində irəliləmələr oldu.

Statistik qiymətləndirmə aparsaq, görərik ki, 2017-ci ilin ilk yarısında qeyri-neft iqtisadiyyatına 470 milyon ABŞ dolları, 2018-ci ildə 430 milyon dollar birbaşa xarici investisiya gəlmişdisə, 2019-cu ildə bu göstərici 237 milyon dollar olub. Bəs görülən bütün işlərin real iqtisadiyyata transformasiyasını niyə görə bilmədik?

"Dövlət xarici investora bir növ deyirdi ki, əgər mənim hüquq sistemimə inanmırsansa, o zaman hüquqlarını başqa ölkənin məhkəməsində belə müdafiə edə bilərsən".

Rəşad Həsənov

İqtisadçı-ekspert

Çünki əslində Azərbaycan iqtisadiyyatının potensialı həm coğrafi baxımdan, həm resurs bolluğu baxımından kifayət qədər böyükdür. Azərbaycan özünü enerji ilə tam təmin edən azsaylı ölkələrdən biridir. Belə ki, enerji varsa, artıq iqtisadiyyatın digər sahələrində fəaliyyət üçün demək olar ki, əsas faktor mövcuddur. Eyni zamanda Azərbaycan iqtisadiyyatında işlənməyən çoxsaylı sahələr var. Xarici təcrübəli investor iqtisadiyyatın bu sektorlarından hansı birinə yatırım etsə, onun üçün rəqabət aparmaq, uğur əldə etmək imkanları kifayət qədər genişdir. Digər tərəfdən mənfəət norması da bizdə çox yüksəkdir. Azərbaycanda manatın mənfəət norması 1 manat üçün 60-70 qəpikdir və ya 60-70%-dir. Avropa bazarında bu göstərici 8-10% həddindədir. Başqa ölkə ilə müqayisədə 8-10 dəfə artıq gəlir götürə biləcəyi təqdirdə xarici investor bura niyə də girməsin?"

Ekspert deyir ki, burada əsas amillərdən biri investisiyaların, ələlxüsus xarici yatırımların cüzi risklərə belə çox həssas olmasındadır: "İnvestorlar ən müxtəlif mənbələrdən məlumat alırlar, reallığı hər kəsdən yaxşı bilirlər, beynəlxalq reytinqləri verən və hesabatlar hazırlayan qurumlardan belə yaxşı təhlil apara bilirlər. Hər hansı problemləri çıxacağı təqdirdə hüquqlarını nə dərəcədə qoruya biləcəkləri məsələsi onlar üçün mühüm əhəmiyyət kəsb edir. Məsələn, Sinqapur iqtisadi modelində Britaniya hüququ deyilən bir mexanizm mövcud idi. Bu zaman Britaniya məhkəmələrinin qəbul etdiyi qərarlar Sinqapurda qeyri-şərtsiz qəbul olunurdu. Dövlət xarici investora bir növ deyirdi ki, əgər mənim hüquq sistemimə inanmırsansa, o zaman hüquqlarını başqa ölkənin məhkəməsində belə müdafiə edə bilərsən. Əslində, biz bunun bənzərini "Ələt İqtisadi Zonası"nın timsalında reallaşdıra bildik. Orada xarici investorun hüquqlarının müdafiə mexanizmini formalaşdırdıq. Həmin modeli sadəcə olaraq əsas iqtisadiyyata da transfer etməliyik. Bu yolla qeyri-neft sektorunun xarici investisiyalar üçün cəlbediciliyini artıra bilərik. Xarici investisiya sadəcə pul deyil, eyni zamanda 100 illərlə formalaşmış peşəkar təcrübə, qlobal bazarlarda işgüzar əlaqələrdir. Yəni münbit şəraitin yaradıldığına əmin olsa, investor yatırım edib, çox qısa zamanda dünya bazarına çıxmaq potensialına malikdir.

Düşünürəm ki, bundan sonrakı dövrdə artıq həm institusional, həm iqtisadiyyatın liberallaşdırılması, həm də ölkənin qlobal iqtisadiyyata inteqrasiyası baxımından əməli addımlar atılacaq. Çünki fundamental dəyişikliklərə ehtiyac var, artıq əvvəlki oyun qaydaları ilə iqtisadiyyatı idarə etmək mümkün deyil".

Son xəbərlər

Orphus sistemi