Böyük güclərin ikiüzlü davranışı: normallaşmayan Azərbaycan-Ermənistan münasibətləri - ŞƏRH

Böyük güclərin ikiüzlü davranışı: normallaşmayan Azərbaycan-Ermənistan münasibətləri - ŞƏRH Azərbaycanın dost və düşmənini müəyyənləşdirməsi üçün artıq meyarı var. Qarabağ və ətraf ərazilər işğaldan azad ediləndən sonra sifətlərini gizlətməyə çalışanlar - beynəlxalq vasitəçilər, qurumlar, hətta, ayrı-ayrı nüfuzlu ictimai-siyasi xadimlər zamanınd
Analitika
19 Oktyabr , 2023 14:44
Böyük güclərin ikiüzlü davranışı: normallaşmayan Azərbaycan-Ermənistan münasibətləri - ŞƏRH

Azərbaycanın dost və düşmənini müəyyənləşdirməsi üçün artıq meyarı var. Qarabağ və ətraf ərazilər işğaldan azad ediləndən sonra sifətlərini gizlətməyə çalışanlar - beynəlxalq vasitəçilər, qurumlar, hətta, ayrı-ayrı nüfuzlu ictimai-siyasi xadimlər zamanında çox sınağa çəkildi.

Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Odur ki, ötənlərə nəzər salanda kimin kim olduğunu bilmək elə də çətin olmur. Bu prizmadan baxaraq hətta dünyanın müxtəlif bölgələrində baş verənləri belə dəyərləndirmək olur.

Son günlərdə HƏMAS-İsrail münaqişəsi dünya siyasətinin başlıca mövzusudur. Düzdür, uzun illərdir həll edilmədiyi üçün Fələstin-İsrail məsələsi aktual mövzu kimi həmişə beynəlxalq gündəmdə olub. Ancaq silahlı qarşıdurma və yüzlərlə mülki insanın həlak olması məsələyə həm də humanitar baxımdan yanaşmağı zəruri edir.

Azərbaycan Fələstinin dövlət müstəqilliyini 31 il əvvəl tanıyıb. Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfəri çərçivəsində İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında deyib: “İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmiz Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir”. Nazir Azərbaycanın beynəlxalq hüquq normaları, habelə BMT-nin uyğun qətnamələrinə əsasən, İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib. Ceyhun Bayramov fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini də diqqətə çatdırıb.

İstər siyasi, istərsə də humanitar baxımdan İsrail-Fələstin məsələsinə Azərbaycanın münasibəti aydın və dəqiqdir. Ancaq bir sıra dövlətlərin başçıları və beynəlxalq qurumların regiondakı humanitar fəlakətə yanaşması beynəlxalq münasibətləri gərginliyə sürükləyir.

Son zamanlar dünyanın bir sıra dövlət rəsmiləri regionu ziyarət edir. Oktyabrın 19-da Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsrailə gəlib. Ötən gün, oktyabrın 18-də isə ABŞ Prezidenti Cozef Bayden İsrailə səfər edib. Onun səfəri ərəfəsində “Əl-Əhli” hospitalında baş verən hadisə (Xəstəxanaya raket atılması nəticəsində 500-ə yaxın insan ölüb - red.) humanitar fəlakətin göstəricisi sayıla bilər.

Regionda təhlükəsizliyi təmin etmək üçün ABŞ hərbi donanmasının mövcud olduğu ərazidə dinc sakinlərin qırğını baş verir. Bu kimi hadisələr sübu edir ki, dünyada səlibçilik düşüncəsi üstüörtülü aparıcı rollardan birinə malikdir.

Qeyd edək ki, XI-XII əsrlərdə Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədi ilə həyata keçirilən hərbi səfərlər səlib yürüşləri adlanır. Bu proses Fransadan başlayıb. 1095-ci ildə Fransanın Klermon şəhərində Papa II Urban müqəddəs torpağın, Qüdsün “kafirlərdən azad edilməsi” ideyası ilə çağırış edib. Bu yürüşlərin əsas hədəfi xristianlığı yaymaq və daha geniş əraziləri zəbt etmək idi.

Hədəf yenə qüvvədə qalır. Qüds uğrunda mübarizə davam edir. Bu prosesdə Fransanın adı ön sırada çəkilir. Qeyd edək ki, Livan Yelisey sarayının nüfuz dairəsi altındadır. Bu ölkədə iranyönlü sayılan “Hizbullah” davamlı olaraq İsrailin təhlükəsizliyini təhdid edir. Məntiqi ardıcıllığa əsaslansaq, Parisin İsrailə münasibətdə ikiüzlülüyünün də şahidi olarıq. Çünki bir tərəfdə Fransanın Qüds uğurunda min illik iddiası, bir tərəfdə Prezident Emmanuel Makronun İsraili dəstəklədiklərinə dair açıqlaması, başqa bir tərəfdə isə “Hizbullah”ın İsraili hədələməsi durur.

Avropa İttifaqının (Aİ) bu istiqamətdə açıqlaması və fəaliyyəti də Fransanın davranışının davamıdır. Fransa ittifaqın aparıcı ölkəsi sayılır. Bir çox beynəlxalq məsələlərdə Almaniya kimi nüfuzlu dövlət də onun əl oyuncağına çevrilir. Odur ki, Avropa İttifaqının Yaxın Şərq siyasəti daha çox qarşıdurmaya hesablanır. Fransa bununla vaxtilə nəzarəti altında olmuş regiondan heyfini çıxır, yaxud bölgə dövlətlərindən qisasını alır.

ABŞ və Aİ-nin regiona yanaşması ilk baxışdan məsuliyyətlərini dərk etməmələri kimi dəyərləndirilə bilər. Lakin onların Azərbaycana münasibəti Yaxın Şərqdə baş verənlərin də üzərinə işıq salmağa yardım edir. Əraziləri işğal olunanda ABŞ-nin indiki Prezidenti Cozef Baydenin də təşəbbüsü ilə (o zaman senator idi - red.) Azərbaycana qarşı “907-ci düzəliş” kimi tanınan sanksiya tətbiq edilmişdi.

Yaxud da Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşmədən Fransanın təşəbbüsü ilə Avropa İttifaqı müşahidə missiyasının iki ölkə arasındakı bölgəyə yerləşdirilməsi, İrəvanın minalanmış ərazilərin xəritəsini verməyə məcbur edilməməsi, rəsmi Parisin Ermənistanı yenidən silahlandırmasını ittifaqın “ədalət” göstəricisi saymaq olar.

Avropa İttifaqının baş ofisinin qarşısında ermənilərin fəxrinə çevrilən “xaçkar” qoyulub. Bu gün Aİ-nin Azərbaycanın iştirakı olmadan keçirilən tədbirlərində Ermənistanın baş naziri Nikol Paşinyanın və digər ermənipərəst rəsmilərin çıxışı bu beynəlxalq nüfuzlu qurumun sülhsevərlik və vasitəçilik missiyalarına şübhələri artırır. HƏMAS-İsrail müharibəsi də ABŞ və Avropa İttifaqının təqdim etdiyi sülh platformalarına inamsızlıq yaradır.

Bu qüvvələr vaxtilə Ermənistana hər cür dəstək verib. Onların sayəsində Ermənistan Azərbaycan xalqına qarşı soyqırımı, qətliamlar törədib. Son illərdə isə Azərbaycan bu qüvvələrin, yəni Qərbin yeni fitnələrini ifşa edib, planlarını pozub. Paşinyanı Avropanın müxtəlif təsisatlarında Azərbaycana qarşı qışqırdan, üzərinə götürdüyü öhdəlikəri yerinə yetirməməsi üçün rəsmi İrəvana şərait yaradan, ona saxta sülh carçısı rolunu ifa etdirən Qərbdir. Ermənistan onun əlində alətdir.

Beləliklə, bir daha aydın olur ki, böyük güclərin öz maraqlarına xidmət edən ikiüzlü siyasəti İsrail-Fələstin münasibətlərinin normallaşmasına mane olur, nəticədə regionda dinc insanların qanı axıdılır, humanitar fəlakət yaranır.

Son xəbərlər

Orphus sistemi