BMT Baş katibinin yanlışlığı - diqqətdən kənarda qalan Fələstin qətnamələri - ŞƏRH

BMT Baş katibinin yanlışlığı - diqqətdən kənarda qalan Fələstin qətnamələri - ŞƏRH BMT dünya güclərinin təsis etdiyi ən uğurlu təsisatdır. Oktyabrın 24-də təşkilatın 78-ci ili tamam oldu. Bu 1945-ci ildə 50 dövlət tərəfindən yaradılmış “Ümumdünya hökuməti” də adlanır. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qə
Analitika
26 Oktyabr , 2023 14:06
BMT Baş katibinin yanlışlığı - diqqətdən kənarda qalan Fələstin qətnamələri - ŞƏRH

Oktyabrın 24-də 78 yaşı tamam olan BMT indiyədək dünya güclərinin təsis etdiyi ən uğurlu təsisatdır. 1945-ci ildə 50 dövlət tərəfindən yaradılan qurum “Ümumdünya hökuməti” də adlanır. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, dünya okeanı, bütünlükdə yer kürəsinin 80 faiz ərazisi BMT-nin mandat sisteminə daxildir.

Mənzil qərargahı Nyu-Yorkda yerləşən bu qurumun əsas vəzifəsi beynəlxalq sülhü, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.

Bu kimi vəzifəsinə, üzvlər tərəfindən qəbul edilmiş nizamnaməsinə, habelə prinsiplərinə görə bütün dövlətlər BMT-dən ədalətli davranış və qərar gözləyir, umur.

Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə 1993-cü ildən 2020-ci ilədək, 27 il ərzində yerinə yetirilməyib. Bu azmış kimi Azərbaycanın başqa ərazilərinin işğalı ilə bağlı Ermənistan və havadarlarının planları qurum tərəfindən tənqid edilməyib. 30 illik işğalçılığı dövründə BMT TŞ bu ölkəyə qarşı sanksiya tətbiq etməyib.

Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya Şuranın 5 daimi üzvləri sırasındadır. Bununla belə torpaqlar işğaldan azad edilmədi. Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında qalmasına daha çox Fransa himayədarlıq edib. Bu, özünü sonrakı hadisələr zamanı da təsdiqlədi.

Rəsmi Paris vasitəçi rolunda çıxış etdiyi dövrdə birmənalı olaraq işğalçının, Ermənistanın yanında olub. Hətta, 44 günlük müharibədə Azərbaycana qarşı fəaliyyəti BMT Təhlükəsizlik Şurası kimi əhəmiyyətli qurumun nüfuzuna da zərbə vurur.

Fransanın HƏMAS-İsrail müharibəsində tutduğu mövqe heç də birmənalı deyil. Livan siyasi, ictimai, mədəni və başqa baxımlardan bu ölkənin nəzarəti altındadır. Ancaq “Hizbullah”ın İsrailin ərazisinə hücumuna mane ola bilmir. Halbuki, bu qruplaşmanın fəaliyyəti HƏMAS-a yardımdır. Son illər Fransada antisemitizm meyilləri güclənib. Elə Yelisey sarayının himayə etdiyi Ermənistanda da İsrailə qarşı çıxışlar olur.

HƏMAS İsrailə hücum etməzdən 4 gün öncə İrəvanda Ümumdünya yəhudi mərkəzi hücuma məruz qalmışdı.

Odur ki, Fransanın himayəsi altında olan Livan və Ermənistan İsrailə qarşı mövqe tutur. Prezident Emmanuel Makronun yəhudi dövlətinə və Fələstinə səfəri hər iki tərəflə bağlı verdiyi “barışdırıcı” çıxışı isə daha çox riyakarlıqdır.

BMT həm də tərəfsizliyi ilə seçilən qurum kimi yaradılıb. Onun Baş katibi, yaxud daimi şurasının 5 üzvündən biri istənilən məsələyə adekvat, yaxud obyektiv münasibət bildirməyəndə tarazlıq pozulur. Bu da “Ümumdünya hökuməti”nə etibarı aradan qaldırır.

Oktyabrın 24-də BMT-nin Baş katibi Antoniu Qutereş qurumun toplantısında İsraili ittiham edib, bildirib ki, HƏMAS-a hücum mənasızdır. Başqa sözlə, Baş katib Qəzza zolağına hücumda İsraili ittiham edib. Ancaq bütün mənbələr oktyabrın 7-də qruplaşmanın İsrail ərazisinə hücumunu təsdiqləyir. Hətta buna “Əl-Aksa tufanı” adı da veriblər. İsrail isə HƏMAS-a qarşı “Dəmir qalxanlar” adlı antiterror əməliyyatına başladığını elan edib. HƏMAS həm də əldə edilən razılığı pozub. Ancaq Baş katib açıqlaması ilə qruplaşmanın bu pozuculuq fəaliyyətini də ört-basdır edib. Antoniu Quterreşin bu çıxışını İsrail hökuməti və rəsmiləri cavabsız qoymayıb. İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan bildirib ki, onlar BMT-nin məmurlarına o cümlədən Baş katibin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə ölkəyə giriş vizası verməyəcəklər. Bundan başqa İsrail Baş katibin istefasını da tələb edib.

Antonio Quterreşi
Antonio Quterreşi

Tənqidlərdən sonra Baş katib çıxışına düzəlişlər etməyə səy göstərib. O, “X” səhifəsində yazıb: “Fələstin xalqının istəkləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz. Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına səbəb olmamalıdır”.

Bu, “Ümumdünya hökuməti”nin vəziyyətidir. BMT nə Azərbaycan torpaqlarını işğaldan azad edə bilib, nə də Fələstinin tanınmış hüquqlarını reallaşdırmaq gücündədir. Ona görə də Antoniu Quttereş beynəlxalq münasibətlərin düyün nöqtəsi sayılan Fələstin-İsrail münaqişəsi fonunda HƏMAS-İsrail müharibəsinə bəsit yanaşıb. Bu da təşkilata və onun nüfuzuna zərbə vurub.

Yeri gəlmişkən, 1947-ci il sentyabrın 27-də BMT Baş Assambleyası Fələstin məsələsi üzrə xüsusi komissiya yaradıb. Komissiya səsverməyə çıxarılacaq məsələləri müəyyən etməli idi. Komissiyanın işi nəticəsində vahid Fələstin dövlətinin yaradılması planı rədd edildi, iki müstəqil dövlətin yaradılması planı təsdiqləndi. Təklif olunan sərhədlər, xüsusən də ərəb dövlətinin sərhədləri ilkin plana nisbətən əhəmiyyətli dərəcədə dəyişdirildi.

BMT Baş Assambleyası 1947-ci il noyabrın 29-da bu təklifi səsverməyə çıxarıb. ABŞ, Fransa, SSRİ də daxil olmaqla 33 ölkə planın lehinə səs verib. Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan daxil olmaqla 13 ölkə planın əleyhinə çıxıb. Böyük Britaniya, Çin daxil olmaqla 10 dövlət tərəfsiz qalıb. Tailand isə səsvermədə iştirak etməyib.

Odur ki, Baş katib HƏMAS-ın hücumunu, yaxud İsrailin fəaliyyətini qiymətləndirməkdənsə, Fələstinlə bağlı qəbul edilmiş qətnamələrə diqqət çəksə, daha məntiqli olardı. Çünki HƏMAS və ya başqa belə bir qurumlar ona görə mövcuddur ki, BMT-nin qəbul etdiyi qətnamələr reallaşmayıb. Habelə Fələstinə verilən vədlər yerinə yetirilmədiyi üçün Yaxın Şərq regionu azı 76 ildir "barıt çəlləyi"ni xatırladır. Dövlətlərin biri-birinə olan hikkəsi, kini Fələstinə tökülür.

Bu hadisədən həm Fələstin, həm də İsrail əziyyət çəkir. Çünki BMT Təhlükəsizlik Şurasının Fransa kimi qərəzli, ikiüzlü mövqedə olan üzvü var. “Ümumdünya hökuməti”nin Yelisey sarayı kimi nümayəndəsi olduğundan Fələstin məsələsi 80 ilə yaxındır həll edilmir. Çünki əsas mövzu deyil, baş verən hadisə müzakirə olunur. Elə Antoniu Quttereş də təşkilatın 78-ci ilində etdiyi çıxışında bunu təkrarlayıb. Simptom deyil, xəstəliyi yaradan səbəb müalicə edilir...

Son xəbərlər

Orphus sistemi