Yuxarı

​Bəyaz Səhifələr - MƏQALƏ

Fikrimcə, uşaqların bizim müdafiəmizə, himayəmizə ehtiyacı olduğu kimi, onlar da bizə gərəklidirlər

Bakı. 1 iyun. REPORT.AZ/ İyun ayının 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

"Report" hakim Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyinin və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayevanın Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Bəyaz Səhifələr" adlı məqaləsini təqdim edir.

Mavi, açıq, buludsuz bir səma, büllur dənizlər, rəngarəng bir dünya təsəvvür edin. Həmin dünyanın bəzəyi olan gülərüz, qayğısız simaları xəyalınızda canlandırın. Cəsarət, sevgi, mərhəmət, uzaqgörənlik kimi ali keyfiyyətləri həmin simaları daşıyan ruhlara köçürün. Nəticə xoşunuza gəlirmi? Belə olarsa dünya cənnətdən qətiyyən fərqlənməz...

Bütün rənglərin təməli saf bəyazdır. Yalnız bəyaz dünyanı rənglərin mükəmməl vəhdətindən toxunan bir məkana çevirə bilər. Həmin saf bəyaz isə həyat girdabının hələ başlanğıc mərhələsində olan uşaqlardır. Ağappaq, ləkəsiz səhifələr olaraq həyata qədəm qoyan bu məsum məxluqlar böyük bir gücə malikdirlər. Kiçik, zəif cismlərinə rəğmən, çirklənməmiş ruhları, sonsuz yaradıcılıq potensialları, hüdudsuz xəyal dünyaları, müşahidə qabiliyyətlərinin zənginliyi biz yetkin insanların mövcudluğundan belə bixəbər olduğumuz gizli qapıları onların üzünə açır. Uşaqlar dünyaya hamımızdan daha iri gözlərlə baxırlar.

İllər ötdükcə, həyatın müxtəlif mərhələlərini geridə qoyduqca, yeni dəyərlər kəşf etdikcə uşaqlıqda malik olduğumuz zəngin dünyamızdan uzaq düşürük. Həmin vaxtların nə dərəcədə dəyərli olduğunun fərqinə gec varırıq. Bəzi insanlar da var ki, bizdən fərqli olaraq həyatlarının sonuna qədər o dünyadan uzaqlaşmırlar. Sərhədsiz xəyal dünyalarında yaşayır, bizim dərk etməkdən aciz olduğumuz gözəlliklərin hakim olduğu bir diyarda qayğısızca gülümsəyirlər. Söhbət Daun sindromlu şəxslərdən gedir. Onlar doğumdan ölümə qədər uzanan həyat yolu boyunca əvvəldən axıradək bəmbəyaz səhifə olaraq qalmağa nail olan qeyri-adi insanlardırlar…

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində onlarla keçirdiyim hər dəqiqə mənim üçün qiymətli bir həyat dərsidir. Uzun saçlı Məsuməyə, xarici görünüşlərinə xüsusi diqqət ayıran Günaya və Cəmaləyə baxıb cismin və ruhun gözəlliyinin birgə vəhdətinin nə dərəcədə önəmli olduğunu anlayıram. Tez-tez məni rəqsə dəvət edən Kamrana və Afiqə baxanda bu qısa həyatda heç bir problemin böyüdülməməli olduğu qənaətinə gəlirəm. Söhbət etməyi, ünsiyyət qurmağı hədsiz sevən Sultana, Gülsarəyə, Validəyə baxanda dostluğun, yoldaşlığın hədsiz dəyərini bir daha özlüyümdə dərk edirəm. Onlar bütün “qələm”lərin qarşısında aciz qaldığı “bəyaz səhifələr”dirlər. Bu, onların əbədi mükafatlarıdır.

İctimai Birliyin nəzdində fəaliyyət göstərən Qayğı Uşaq Reabilitasiya Mərkəzi də mənim üçün əvəzedilməz məkanlardan biridir. Burada 3-7 yaş arası serebral iflicli uşaqlar reabilitasiya keçirlər. Buradakı balaca, şirin-şəkər balaların hərəsi kəsf edilməyi gözləyən ayrı bir dünyadır. Şıltaq Məryəm, ciddi xarakteri ilə seçilən Hüseyn, yaraşıqlı Tunar, bir-birindən şirin Səkinə, Yusif, Tamerlan, Fatimə və digər uşaqlarla vaxt keçirmək adama o qədər xoş gəlir ki, zaman və məkan anlayışlarını unudursan. Bu balaca balaların dünyaları o qədər böyük və sərhədsizdir ki, onlara qibtə etməkdən özümü saxlaya bilmirəm. Onlar da sonsuz sözləri, sərhədsiz dünyaları, kainatları özlərində ehtiva edən “bəyaz səhifələr”dirlər.

Fikrimcə, uşaqların bizim müdafiəmizə, himayəmizə ehtiyacı olduğu kimi, onlar da bizə gərəklidirlər. Onların məsum baxışlarına, utancaq gülüşlərinə, təmiz ruhlarına, zəngin xəyal dünyalarına həmişə ehtiyacımız var. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”

“Bəyaz səhifələr”in həyatdakı missiyaları olduqca böyük və əhəmiyyətlidir. Bizim vəzifəmiz isə onları düzgün istiqamətləndirmək, qorumaq, böyütmək, uşaqlarımız - gələcəyimiz üçün əlimizdən gələni etməkdir. Müsbət inkişafına əmək və xərc sərf edilən hər bir uşaq gələcəyimizə və cəmiyyətimizə qazandırılan yeni bir mükafatdır. Gəlin, hər birimiz “bəyaz səhifələr”in yanında olaq, onlardan dəstəyimizi əsirgəməyək! Heç bir səhifəni çirklənməyə qoymayaq! Cəmiyyətimizin, dünyamızın, bəşəriyyətin gələcəyi onların əlindədir. Ona görə də gəlin, o dəyərli əllərdən bərk-bərk tutaq!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi