"WhatsApp" narahatlığı və yaxud rəqəmsal savadlılıq barədə düşünməyin əsl vaxtıdır

"WhatsApp" narahatlığı və yaxud rəqəmsal savadlılıq barədə düşünməyin əsl vaxtıdır Bu günlərdə dünyanın ən çox işlədilən messenceri olan “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını açıqladı
Analitika
9624
15 Yanvar , 2021 17:38
WhatsApp narahatlığı və yaxud rəqəmsal savadlılıq barədə düşünməyin əsl vaxtıdır

Bu günlərdə dünyanın ən çox işlədilən messenceri olan “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını açıqladı. Belə ki, istifadəçilər onlara dair məlumatların messencerin sahibi olan “Facebook” şirkətinə ötürüləcəyi barədə xəbəri narazılıqla qarşıladılar. Eyni zamanda messencer istifadəçilərinin hələ 2016-cı ildə buna razılıq vermələri xəbəri çoxları üçün yenilik oldu. Belə çıxır ki, artıq 4 ildən artıqdır “WhatsApp” yükləyənlər bununla həm də öz şəxsi məlumatlarını “Facebook”a ötürməyə razılıq verirmişlər.

Sonradan “WhatsApp” rəhbəri Uill Katkart bildirdi ki, yeni qaydanın tətbiqi heç də istifadəçilərin şəxsi yazışmaları və zəngləşməsinin messencer, yaxud “Facebook” üçün əyaniləşəcəyi demək deyil, yeni gizlilik siyasətinin tətbiqi şəffaflığı artırılmasına, şəxsi akkauntlarla kommersiya xarakterli akkauntlar arasındakı məqamları istifadəçilərə daha səlis çatdırılmasına yönəlir.

Sözsüz ki, məsələ ətrafında yaranan hay-küydə rəqabətin də payı az deyil. Belə ki, açıqlamadan sonra “Microsoft”, “Viber”, “Telegram”, “Signal” kimi şirkətlər fürsəti fövtə verməyib öz məhsullarının qızğın piarına girişdilər. Nəticədə təkcə “Telegram”ın istifadəçi sayı 72 saat ərzində 25 milyon nəfər artdı. Halbuki həmin messencerin təhlükəsizlik sistemi “WhatsApp”kından bir qədər geridədir. Belə ki, “WhatsApp”da bütün ismarıcları yalnız yazışma iştirakçıları oxuya bilirsə, “Telegram”da bu qayda yalnız məxfi çatlara şamil olunur.

Bu hadisə ictimaiyyət arasında İT savadlanmasının əhəmiyyətini bir daha ortaya çıxardı. Belə ki, yeni xidmətlər, tətbiqlər vs yükləyərək istifadəçilər adətən müvafiq razılaşmanın şərtlərilə tanış olmağa ərinirlər. Halbuki bəzi tətbiqlər istifadəçilərin zənglər jurnalını, foto-video və sair məlumatları oxumaq imkanı əldə edirlər. “WhatsApp” yeni qaydalarını açıqladıqdan sonra bizdəki istifadəçilərin bir qisminə elə gəldi ki, bundan belə şirkət onların şəxsi məlumatlarını, yazışmalarını oxuyacaq, hətta bunları açıqlayacaq.

Son illər Azərbaycanda maliyyə savadlanmasına xeyli diqqət yetirilməyə başlanılıb. Lakin belə görünür ki, əhalinin İT savadlanması da heç də az əhəmiyyət daşımır. Belə ki, müxtəlif tətbiqlərin istifadəçiləri hansı məlumatları paylamağın məqbul olduğunu, yəni şəxsi məlumatları paylaşmağın mümkün nəticələrini bilməlidir.

Əlbəttə, hər hansı ayrıca istifadəçinin şəxsi yazışmaları şirkət üçün bəlkə də maraqlı deyil. Bununla belə müəyyən istifadəçi qruplarının, o cümlədən ayrı-ayrı peşə, yaş, milliyət və sair nümayəndələrinin tələbat xüsusiyyətlərini öyrənmək baxımdan bunlar əhəmiyyət kəsb edir. Məsələn, “Gmail” istifadəçiləri üçün fərdi reklam tərtibi üçün şəxsi yazışmalarından yararlanıb. Sonradan təkcə “Google” və onun törəmə şirkəti olan “Alphabet”in, həm də kənar proqramçıların belə şəxsi yazışmaları oxuya bildikləri üzə çıxdı. Üstəlik istifadəçilərin açıqlamaq istəmədikləri məlumatların da tətbiqlər üçün əlçatan olması başqa bir problemdir. Bir neçə il bundan əvvəl “Uber” şirkətinin istifadəçilərinin hərəkət istiqamətlərini hətta tətbiq silindikdən sonra belə məlumat topladığı üzə çıxdı. Ötən ilin sentyabr ayında isə “Facebook”un başqa bir tətbiqi olan “İnstagram”ın hətta tətbiq açılmadığı halda da kamera vasitəsilə istifadəçiləri izləməsinə dair qalmaqal yaranmışdı. “Facebook”dan məsələni həll edəcəklərini bildirdilər. Həmçinin ötən ilin yayında gənclər arasında geniş yayılmış “Tik Tok” servisinin də istifadəçilərinin telefon nömrələrini, parollarını, yerləşmələrini izləyə bilməsi, hətta onların smartfonlarına yüklənmiş, o cümlədən artıq silinmiş tətbiqlərə dair məlumatlar topladığı da üzə çıxmışdı.

Bütün bu hadisələrdən sonra istifadəçilərin şəxsi məlumatları qoruyan müvafiq qanunların qəbulu daha çox əhəmiyyət daşıyır. Bu mənada ən qabaqcıl sənədlərdən biri kimi Avropa İttifaqında 2018-ci ildə qüvvəyə minmiş “Məlumatların qorunmasına dair ümumi reqlament” (GDPR) göstərilə bilər. Bu qanunun müddəalarını pozanlara qarşı tətbiq edilən cərimələr onların illik dövriyəsindən hesablandığı üçün çox iri məbləğlərdədir, bəzən milyardlarla avro ilə ölçülür.

Azərbaycanda qüvvədə olan “Fərdi məlumatlar haqqında” qanun ölkənin milli təhlükəsizliyinə xələl gətirməməsi, habelə ölkədə lazımi səviyyədə qorumanın təmin olunması şərtilə fərdi məlumatların xaricə ötürülməsinə icazə verir. Həmçinin şəxs öz fərdi məlumatlarını ötürməyə özü razılıq verdiyi, yaxud onun sağlamlığı üçün bunun zəruri olduğu təqdirdə son müddəa nəzərə alınmır.

Qeyd edək ki, mövcud təcrübəyə görə, ayrı-ayrı ölkələrdə sərt məhdudiyyətlərin tətbiqi bəzən İT şirkətlərini oradan çəkilməyə vadar edir. Hərçənd məsələn, GDPR-ni qulaqardına vurmaq asan məsələ deyil, çünki burada söhbət ayrıca hər hansı ölkədən yox, 450 milyon əhalinin olduğu Avropa İttifaqı kimi inkişaf etmiş regiondan gedir. Azərbaycanda da qanunların sərtləşdirilməsi beynəlxalq İKT şirkətlərinin çıxıb getməsilə nəticələnə bilər. Bunun üçün beynəlxalq miqyaslı, o cümlədən məsələn, MDB miqyasında elə həmin GDPR bənzəri hansısa hüquqi sənədlərin qəbulu daha səmərəli ola bilər.

Azad Həsənli, maliyyə eksperti

Son xəbərlər

Orphus sistemi