Belarus tranziti Baltikyanı ölkələri tərk edir - ANALİTİKA

Belarus tranziti Baltikyanı ölkələri tərk edir - ANALİTİKA Beş il sonra Belarus neft nəqli Baltikyanı ölkələrdən yan keçəcək
Analitika
6 Yanvar , 2018 14:16
Belarus tranziti Baltikyanı ölkələri tərk edir - ANALİTİKA

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən ilin avqust ayında Rusiya prezidenti Vladimir Putin Kalininqradda ölkənin şimal-qərb nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı keçirilən müşavirədə Belarusun neft şirkətlərinin üzərinə yerli neft məhsullarını Rusiya limanlarından, xüsusilə Ust-Luqa və Sankt-Peterburq limanları vasitəsilə ixrac etmək öhdəliyinin qoyulmasını təklif edib.

“Belarusun neft emalı zavodlarında bizim neftimiz emal olunur (orada başqa ölkələrin nefti yoxdur və çətin ki, bundan sonra da olsun), bu səbəbdən bunu vahid çərçivə halına salmaq lazımdır. Bizim neftimiz bilavasitə öz infrastrukturumuza bağlı olmalıdır”, - deyə V.Putin bəyan edib.

Rusiya prezidentinin bəyanatına Baltikyanı ölkələr dərhal reaksiya verib. Litvanın baş naziri Saulyus Skvernyalis bildirib ki, Belarus neft məhsullarının Rusiya limanları və Rusiya dəmir yolları vasitəsilə ixracı Belarus üçün əlverişsiz və təhlükəlidir. S.Skvernyalis qeyd edib ki, Rusiya limanları qışda donur və bu iqlim şəraiti neft məhsullarının daşınması üçün təhlükəli və həssas məsələdir. Litva baş nazirinin fikrincə, şərq dövlətlərinin rəhbərləri tez-tez iqtisadi maraqları nəzərdə tutmayan siyasi qərarlar qəbul edirlər. O, Litva siyasətçilərini Belarus yüklərinin Litva dəmir yolları vasitəsilə Klaypeda limanına tədarükünün davam etdirilməsini təmin etməyə çağırıb.

Klaypeda, Ventspils və Liyepai limanı

Lakin baş nazirin çağırışı qəzet yazılarından kənara çıxmayıb. Artıq 2017-ci ilin sonunda Belarus neft tranzitinin istiqamətinin dəyişməsi prosesi başlayıb: Belarus neft məhsullarının ilk 72 min tonu Baltikyanı ölkələrdən deyil, Rusiya vasitəsilə ixrac olunub.

Ötən ilin 8 dekabrında “Belneftxim” konsernin sədri İqor Lyashenko bildirib ki, Belarus və Rusiya əlverişli şəraitin yaranacağı təqdirdə, 2018-ci ildə Rusiya limanları vasitəsilə ixrac həcminin 1 milyon tona çatdırılmasını razılaşdırıb.

Bu iqdisadi baxımdan əsaslandırılmış qərardırmı?

Qərb analitiklərinin fikrincə, nəqlin istiqamətinin dəyişdirilməsi Belarus neft emalı zavodları üçün ziyanlı olacaq. Çünki Ust-Luqa, Primorsk və Rusiyanın Leninqrad vilayətinin digər limanları Belarus neft emalı zavodlarından ən azı 800 kilometr aralıda yerləşir. Bu isə Ventspils, Riqa və Klaypeda limanları ilə müqayisədə kifayət qədər uzaqdır. Bunun nəticəsi kimi, nəql qiymətləri Baltikyanı ölkələrdən fərqli olaraq dəfələrlə çoxdur. 2017-ci ilə qədər Belarus neft məhsullarının hər bir tonunun Baltikyanı ölkələr vasitəsilə ixracı 6-8 dollara başa gəlirdisə, Rusiya vasitəsilə bu rəqəm 12-18 dollar təşkil edib.

Lakin Rusiya tarif rejiminə elə dəyişikliklər etdi ki, Belarusa artıq yükləri Baltikyanı ölkələr vasitəsilə deyil, Rusiya limanlarından ixrac etmək sərfəli oldu. Əvvəl Rusiya Dəmir Yolları yükdaşıma tariflərinə 25% endirim tətbiq edirdisə, sonra bu rəqəm 50%-ə çatdırıldı, hazırda isə kompleks tariflər tətbiq olunur.

Belarusun neft məhsullarına tətbiq olunan güzəştli şərtlər yüklərin Baltikyanı ölkələrdən deyil, məhz Rusiya limanları vasitəsilə daşınmasını daha əlverişli edib.

Nəql üçün vaxt itkisi ilə bağlı Rusiya maliyyə eksperti İqor Yuşkov bildirib ki, əgər bu, yekun gəlirə təsir göstərmirsə, nəqlin müddəti əhəmiyyətli deyil: “Əsas məsələ aparılan bütün əməliyyatlardan sonra hesabda nə qədər pulun qalmasıdır. Əgər Rusiya marşrutundan istifadə zamanı Baltikyanı ölkələrlə müqayisədə vəsait daha çox qalırsa, təbii ki, məhz Rusiya limanları seçiləcək. Bunun hansı müddətə başa gəlməsi isə elə də əhəmiyyətli deyil.”

İqor Yuşkov

Nəticə etibarilə 2018-ci ildə Rusiya vasitəsilə daşınan neft məhsullarının həcminin 12 dəfə artırılması planlaşdırılır, ekspertlərin hesablamalarına görə, beş il sonra Belarusun neft nəqlinin əsas hissəsi Baltikyanı ölkələrdən yan keçəcək.

Bu qərarın siyasi məqamları nədən ibarətdir?

Vladimir Putinin avqust bəyanatından sonra Belarus KİV-lərində Baltikyanı ölkələrin limanlarının loqistika baxımından müəyyən müstəvidə daha rəqabətədavamlı olacağı barədə qeydlər yer alıb. Rusiyalı ekspertlərin bu məsələyə münasibəti özünü çox ləngitməyib: Belarusun Rusiya neftini hansı şərtlərlə əldə etdiyi kimi, vacib bir məsələni də unutmaq olmaz.

“Xam neftin Belarusa tədarükü məsələsini tranzitin hansı limanlar vasitəsilə həyata keçirilməsi ilə tam şəkildə əlaqələndirmək mümkündür. Xatırladım ki, Belarusun xeyrinə misli görünməmiş qərar qəbul edilib: Bu 20 milyon ton neft ixrac etmək hüququ verməklə yanaşı, "rekreasiya fəaliyyətinə" daha 6 milyon ayırmasını təmin edir. Bu səbəbdən, belaruslar riyazi hesablamalar apararaq onlara nəyinsə sərf etmədiyini deyərkən onu da unutmalı deyillər ki, bu şərtlər əsasında Belarusa tədarük bizə də sərf etmir. Bununla belə, biz bunu edirik”, - deyə Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov bildirib.

Konstantin Simonov

Sonda qeyd edək ki, Baltikyanı ölkələrdə 2017-ci ildə daha da şiddətlənən Qərbə və NATO-ya meyilli əhval-ruhiyyə öz "bəhrəsini verdi". Litva və Latviya Rusiyanın iştirakı ilə həyata keçirilən bütün iri strateji layihələrdən məhrum oldular, Rusiya bazarlarına çıxışı və Rusiyadan olan nəql imkanlarını itirdilər. İndi isə Belarus vasitəsilə həyata keçirilən tədarük imkanları da əllərindən çıxmaqdadır.

Son xəbərlər

Orphus sistemi