Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə yanaşı, digər regional və beynəlxalq qurumlar çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, əmirlik 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Bu dövrdən başlayaraq iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edib. İllər ötdükcə, bu münasibətlər yüksəliş tendensiyasını qoruyub saxlayıb və son beş ildə isə iki dövlət arasında ticarət nəzərəçarpacaq dərəcədə artıb. 2011-ci ildə isə BƏƏ-nin Bakıda səfirliyinin açılması münasibətləri daha da möhkəmləndirib. Belə ki, Dubay Ticarət və Sənaye Palatasının ilk xarici filialı da məhz Azərbaycanda açılıb. İndi Bakı Dubay Palatası regionun digər ölkələri üçün qapıya çevrilib və eyni zamanda azərbaycanlı iş adamlarının və şirkətlərin BƏƏ-də iqtisadi imkanlara çıxışının asanlaşdırılmasına öz töhfəsini verir. İki ölkə hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komitənin yaradılması ilə də əlaqələr daha da möhkəmlənib, görüşlər, biznes forumlar keçirilib, hər iki ölkədə keçirilən sərgilərdə bir çox şirkətlərin iştirakı təmin edilib.
Bu səbəbdən də BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana son səfərinin iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcəyini əminliklə söyləmək olar. Ərəb dövlət başçısının 2024-cü ildə ilk xarici səfərini Bakıya etməsi, yüksək xətlə inkişaf edən münasibətlərin kulminasiya nöqtəsidir. Görüşlər, müzakirələr və qarşılıqlı səfərlər iki ölkə arasında əlaqələrin spesifikliyini, liderlərinin davamlı məsləhətləşmələr və əlaqələndirmə yolu ilə onları inkişaf etdirmək istəyini göstərir.
Son aylar isə iki ölkə arasında danışıqlar genişlənməkdədir. Məsələn, 9 dekabr tarixində İlham Əliyevlə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub. Söhbət zamanı hər iki lider BƏƏ ilə Azərbaycan arasında, xüsusilə iqtisadi və inkişaf kimi həyati vacib sahələrdə, bərpa olunan enerji və iki ölkədə davamlı inkişafa xidmət edən digər sahələrdə birgə əməkdaşlığın inkişaf səviyyəsini nəzərdən keçiriblər. Tərəflər həmçinin bir sıra regional və beynəlxalq məsələlər və ümumi maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar. Vurğulamaq lazımdır ki, müzakirələr iki liderin noyabrın 30-da görüşündən bir həftə sonra baş tutub. Görüşdə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyev ilə iki ölkə arasında ikitərəfli əlaqələri və onların müxtəlif sahələrdə inkişaf etdirilməsi yollarını, həmçinin regional və beynəlxalq miqyasda ümumi maraq doğuran bir sıra məsələləri müzakirə edib.
Eyni zamanda COP28 konfransı zamanı təqdim olunan məsələlər, hadisələr və təşəbbüslər, iqlim dəyişikliyi təhlükəsi və onun fəsadları ilə mübarizə aparmaq üçün effektiv kollektiv beynəlxalq mövqenin qurulmasında konfransın əhəmiyyəti və onun dünyaya təqdim etdiyi böyük imkanlar nəzərdən keçirilib.
Diplomatik münasibətlərin inkişafı
Liderlərin zirvə görüşləri ilə yanaşı, iki ölkə arasında münasibətlər müxtəlif səviyyələrdə davamlı inkişafın şahidi olur, qarşılıqlı səfərlər və davamlı əməkdaşlıq sazişləri ilə təcəssüm olunur.
Oktyabrın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əmirliyə səfər edib, bu səfər zamanı xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları barədə müzakirələr aparıb. Onlar həmçinin regionda vəziyyətin inkişafı, gərginliyin azaldılması və mülki şəxslərə humanitar yardımın gücləndirilməsi üçün görülən regional və beynəlxalq səyləri müzakirə ediblər.
İyulun 20-də Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası Əbu-Dabidə hər iki ölkənin vətəndaşlarına qayğı və xidmət göstərmək üçün bütün birgə konsulluq sahələrində əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək məqsədilə Konsulluq Məsləhətləşmələr Komitəsinin birinci sessiyasının iclasını keçirib.
Görüş zamanı tərəflər iki ölkə arasında bir sıra ümumi konsulluq məsələlərini və onların davam etdirilməsi və inkişaf etdirilməsi planlarını, birgə konsulluq əməkdaşlığının genişləndirilməsi yollarını müzakirə ediblər.
İqtisadi sahədə əməkdaşlıq
BƏƏ ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələri davamlı olaraq yüksəliş və artımın şahidi olduğu, iki ölkə arasında qeyri-neft xarici ticarət dövriyyəsinin ümumi həcminin 3 dəfədən çox artdığı üçün iki ölkə arasında artan əlaqələr onların iqtisadi əməkdaşlığına müsbət təsir göstərir.
Azərbaycanla BƏƏ arasında qeyri-neft ticarətinin ümumi həcmi son beş ildə 270% artaraq 2018-ci ildəki 974,2 milyon dirhəmdən (451 milyon AZN) 2022-ci ildə qeydə alınan rəqəmlərə, yəni, 3,6 milyard dirhəmə (1 milyard 482 milyon AZN) çatıb. Bu göstərici isə 2021-ci illə müqayisədə 46% artım deməkdir.
İki ölkə arasında ən son əməkdaşlıq sazişləri çərçivəsində BƏƏ-nin İnvestisiya Nazirliyi ilə Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə əməkdaşlığın genişləndirilməsi, investisiyaların asanlaşdırılması məqsədi ilə ötən ayın ortalarında anlaşma memorandumu imzalanıb.
Həmin gün Əbu-Dabidə yerləşən ADQ investisiya holdinqi Azərbaycanın İnvestisiya Holdinq Şirkəti (AIH) ilə prioritet investisiyalara yönəlmiş birgə layihənin həyata keçiriləcəyini elan edib. Prioritet investisiyalar dedikdə isə, kənd təsərrüfatı, texnologiya, əczaçılıq və enerji infrastrukturu sektorları nəzərdə tutulur.
Dekabrın 5-də ADNOC və Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında aşağı emissiyalı enerji texnologiyalarının potensial inkişafı üzrə strateji əməkdaşlıq sazişi imzalanıb.
Bu saziş BƏƏ və Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığa, o cümlədən ötən ilin avqustunda ADNOC-un Azərbaycanda Abşeron qaz yatağında 30% payı və ADNOC-un Abu Dhabi Future Energy Company “Masdar”dakı payını almasına əsaslanır.
Oktyabrın 26-da Əmirliyin “Masdar” şirkəti Azərbaycanda 230 meqavat gücündə Qaradağ günəş enerjisi kompleksinin işlənməsini başa çatdırıb ki, bu da regionda ən böyük layihə və Azərbaycanda xarici sərmayəyə əsaslanan ilk müstəqil günəş enerjisi layihəsidir.
COP29
İki ölkə arasında təmiz və bərpa olunan enerji sahəsində davamlı əməkdaşlıq onların hazırda bəşəriyyətin üzləşdiyi ən böyük problem olan iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizədə birgə səylərini artırır. Nəzərə almaq lazımdır ki, BƏƏ COP28 Tərəflər Konfransına ev sahibliyi etdikdən sonra Azərbaycan cari il ərzində konfransın növbəti sessiyasına ev sahibliyi edəcək. Bu münasibətlə isə əmirliyin bir sıra nazirləri və dövlət xadimləri Azərbaycanı təbrik ediblər və sıx əməkdaşlıq arzusunda olduqlarını dilə gətiriblər.
Bütün bunlar onu deməyə əsas verir ki, BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında həm diplomatik, həm iqtisadi, həm də digər sahələrdə yüksək xətlə inkişaf edən tendensiyanı dəstəkləyəcək, inkişaf etdirəcək.
Kamil Məmmədov