Başa çatmayan münaqişələr və ATƏT-in xərclədiyi milyonlar - ŞƏRH

Başa çatmayan münaqişələr və ATƏT-in xərclədiyi milyonlar - ŞƏRH ATƏT ümumilikdə Cənubi Qafqaz regionuna 3 milyon 861 min 900 avro məbləğində vəsait ayırıb
Analitika
20 İyun , 2017 14:14
Başa çatmayan münaqişələr və ATƏT-in xərclədiyi milyonlar - ŞƏRH

Bakı. 20 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya, o cümlədən Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və Yerevana səfəri başa çatdı.

Regiona səfərin yekununa dair həmsədrlər Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik birgə bəyanatla çıxş ediblər.

Qeyd edək ki, həmsədrlər iyunun 10-da Ermənistan prezidenti Serj Sarqsyan, iyunun 19-da isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər. Bundan başqa, onlar iyunun 12-də Azərbaycanın işğal altında olan Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarına səfər edib, Qarabağda erməni icmasının, Bakıda isə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər.

Həmsədrlər iyulun 3-də Vyanada görüşəcəklərini qeyd ediblər.

Diplomatlar yenə əvvəlkilərdən mahiyyəti ilə fərqlənməyən bəyanat veriblər. Sənəddə həmsədrlərin yenə səyahət edəcəyi, vasitəçilərin iyulun 3-də ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında məlumatlandırmaq üçün Vyanaya gedəcəyi qeyd olunub. Onlar yaxın zamanlarda yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək niyyətində olduqlarını vurğulayıblar.

Ənənəvi olaraq, qoşunların təmas xəttindəki atəşkəs rejiminin pozulmasından narahatlıq bəyan edilib, uzunmüddətli sülhün bərqərar olması üçün substantiv danışıqların və siyasi iradənin yeganə həll yolu olduğu qeyd edilib. Bildirilib ki, prezidentlər münaqişənin həlli ilə bağlı ən mübahisəli məsələlər üzrə kompromis tapmaq üçün siyasi dialoqu davam etdirmək niyyətlərini açıqlayıblar. 

Göründüyü kimi, beynəlxalq vasitəçilərin nə davranışında, nə də bəyanatında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı heç bir sətiraltı ifadə belə yoxdur.

Onlar bu səfərləri də səfər xatirinə edirlər. Axı, bu işə görə çox yüksək məbləğdə maaş alırlar.

Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna hər il bir milyon avro xərclənir. Bu il Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayırılıb. 

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin ofisinin büdcəsi isə 1 milyon 235 min 800 avro təşkil edəcək.

Qeyd edək ki, ATƏT ümumilikdə Cənubi Qafqaz regionuna 3 milyon 861 min 900 avro məbləğində vəsait ayırıb.

Xatırladaq ki, iyunun 1-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2017-ci il üçün büdcəsini təsdiq edib. ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir.

Dağlıq Qarabağ hələ də işğal altında olduğundan belə qənaətə gəlmək olar ki, ATƏT Azərbaycan torpaqlarının işğal altında saxlanılması üçün maliyyə vəsaiti ayırır. Çünki həmsədrlərin bəyanatı və vəziyyətin dəyişməməsi bunu təsdiqləyir. İndiyədək vasitəçilər Azərbaycan torpaqlarının işğal altında olduğunu söyləməyiblər, təcavüzkarın adını çəkməyiblər. Onlar atəşkəs, münaqişənin dinc yolla həlli məsələsini müxtəlif formalarda bəyan etməklə işlərini bitmiş sayırlar. Onlar mənasız kompromisdən də danışmaqdan çəkinmirlər. Vasitəçilər kompromis dedikdə nəyi nəzərdə tuturlar? Bütün məsələlər gün kimi aydın olduğu halda hansı güzəştdən söhbət gedə bilər? İşğalçı və təcavüzkar məlumdur. Onun adı Ermənistandır. İşğal edilən torpağın sahibi Azərbaycan, ərazinin adı Dağlıq Qarabağdır.

Bütün məsələlər bu qədər aydın və aşkar olduğu halda vasitəçilər nə istəyir, hansı kompromisdən danışırlar? Onların davranışından və təmsil etdikləri dövlətlərin siyasətindən belə məlum olur ki, güzəşti Azərbaycan tərəfi etməlidir. Əslində isə Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq və qonşu dövlətə ərazi iddiası etməməklə kompromis məsələsini başa çatdırmalıdır. Bundan sonra tərəflər arasında müxtəlif məsələlər, o cümlədən sülh müqaviləsi imzalana bilər.

Bu, aşağı-yuxarı Azərbaycan cəmiyyətinin ortaq mövqeyi də sayıla bilər.

Ancaq uzun illərdir beynəlxalq vasitəçilərə münaqişənin həlli ilə bağlı milyonlarla maliyyə vəsaiti xərclənir. Habelə 25 ildən çoxdur Azərbaycan köçkün vəziyyətinə düşən öz vətəndaşlarına yardımlar edir, maliyyə vəsaiti xərcləyir. Başqa sözlə, bu münaqişənin həlli milyardlarla dolları udur. Nəticə isə sıfırdır.

Keçmiş SSRİ ərazisində yaradılan münaqişələrin heç biri həll edilməyib. Onda belə çıxır ki, münaqişələr beynəlxalq vasitəçilər üçün həm də maliyyə vəsaitinin xərclənməsi üçün layihədir.

Son xəbərlər

Orphus sistemi