Bakı. 1 mart. REPORT.AZ/ Tanrı türk torpaqlarını o qədər bəhrəli, məhsuldar və ruzili yaradıb ki, torpağının altında da, torpağının üstündə də insanlar üçün hər neməti var. Yetər ki, insan oğluna verdiyi ruzi-bərəkətdən ədalətli istifadə etsin. Mayasında haram olmayan ruzi nəsillərdən nəsillərə xeyir- bərəkət gətirər. Ruzisi bol olan dövlətin, ölkənin dostları çox olar. Bu dəfə oxucularımıza milli soy- kökü ilə bizə bağlı, dilimiz, dinimiz bir olan, sevincimiz-kədərimiz bir olan, hətta torpağının altında və üstündə olan nemət payı eyni olan Başkurt diyarındakı yurddaşlarımızdan, tarixi əlaqələrimizdən danışmaq istəyirəm.
Başqırdıstanı Azərbaycana çox yaxın edən bağlılıqlardan biri də İşimbay şəhəridir. Ötən əsrin 30-cu illərindən sonra, bu şəhəri həm də “İkinci Bakı” adlandırıblar. Tarixin axarında xəzərilərə, saklara məskən, quzeyli-güneyli Şərqin yolayrıcında dayanıb şahidlik etmiş, Şirvanşahlar dövlətinin baş şəhəri Bakı. Torpağının altından və dənizinin içərisindən çıxan alovla padşahları, dərvişləri, alimləri, üləmaları səyyahları mat qoyan Bakı. Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Qədim Yunan tarixçisi Plutarx Makedoniyalı İsgəndərin yürüşlərini qələmə alarkən yazırdı: “... bizim eradan IV min ilə qədər döyüşçülər qaranlığı işıqlatmaq üçün Abşeron yarımadasındakı nöyütdən istifadə edirdilər. Həmin nöyütü onlar saxsı qablarda və dəri tuluqlarda daşıyırdılar”.
Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Övliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır. (“Neft sənayesinin inkişaf tarixi” – kitabından.)
Tarixi səlnamələrdə Fateh Teymurun da Bakı nefti haqqında bilgiləri vardır. Belə yazılır ki, 7 dünya sərkərdəsi Fateh Əmir Teymur İldırım Bəyazidi öz sarayına gətirdikdən sonra, ondan nədən Bizansı ələ keçirmədiyini soruşur. İldırım Bəyazid deyir ki, Bizans dənizini keçmək olmur. Burada daima alovlar yanır. Bu zaman Əmir Teymur Badukubədə gördüyü yanar torpaqları xatırlayır. Deyir ki, Badukubənin adamları özündən od tutub-yanan torpaqları daim qum ilə söndürürlər...”.
Həmin od-ocağdır ki, Fateh Teymurun da “Tüziklərində” öz əksini tapmışdı. “Odlar Yurdu” deyə qürrələndiyimiz Bakının və Azərbaycanın od simvolu. Özünə müttəfiq bildiyi Odlar yurdunda Əmir Teymurun gördüyü od və neft dolu sahələri insanlar lap qədimdən istifadə edirdilər. Bəlkə də Oda sitayiş də elə ilk dəfə Azərbaycanda yaranıb. İpək yolunun üstündə yerləşən Odlar yurdu Azərbaycandan gəlib gedənlər bu yurdun mazutunu, neftini hələ lap qədim zamanlarda möcüzəli bir nemət kimi daşıyıb ölkələrinə də aparardılar.
Öfö (Ufa) başkurtların ən böyük şəhəridir. Belə rəvayət edirlər ki, uzaq Güneydə qarlı dağların olduğu bir yerdə Başkurt, Noğay, Qazax, qırğız kimi boylar birlikdə yaşayırdılar, bir gün bu qardaşların aralarında söz-söhbət olur. Qardaşlardan biri hirsini soyutmaq üçün ova gedir, necə olursa qardaş yolu azır. Önünə bir qurd çıxır, meşədə yolu azmış bəyə yol göstərir. Bəy belə düşünür ki, Tanrı bu qurdu ona mühafizəkar göndsərib. Geri dönüb ailəsini da yanına alaraq, Ural dağlarına gəlir. Baş qurdun yaşadığı yeri özünə məskən seçir.
Tanrının kömək olduğu bəy burada əsil- nəslini artırıb çoxaldır. Yer Ana, Göy Səma , təbiət bəydən heç bir nemətini əsirgəmir. Bol sulu çayları, min bir bərəkətli meyvə ağacları, heyvanını, mal-qarasını çoxaldır, yamyaşıl düzənlər, ormanlar verir baş qurdun yol göstərdiyi bəyə. Belcə obalar-oymaqlar çoxalır. Yurdun kimə məxsus olduğunu soruşanlara deyirlər ki, “baş qurdun olduğu yerdur”.
Tarix davam edir... Karvanlar yola düzəlir, yeni tarixlər yazılır. Qızıl Orda xanı Toxtamışın hökmranlıq etdiyi diyardır Başkurtların vətəni. Peterburq Akademiyasının təbiət elmləri üzrə akademiki İvan İvanoviç Lepeyoxin 1768-1769-cu illərdə səyahət gündəliyində yazırdı : “... axşamüstü biz Başkiriyanın Tayryuk çayı sahilindəki Kusyapkulov kəndinə yetişdik. Axtardığımız qızıl dağına (mədəninə) tərəf getdik. Bu dağ Qızıl Yar kəndinin üstündə yerləşir. Burada axatrış qazıntıları apardıq. Torpağı bir arşın qazandan sonra neft çıxdı”. Türk coğrafiyasının bu gülşən məkanında Başkurtların yaşadığı yurdlarda insanlar çox qədimlərdən , hətta 16-cı əsrdə yerin altından qaynayıb üzə çıxan mazutdan məişətdə və təbabətdə istifadə edərdilər.
... Tarixin çaparı cəld olur.
Nəhayət, Tanrının türk toropaqlarına bəxş etdiyi neftin texniki üsullarla tofrpağın altından çıxarılmasına 145 il bundan əvvəl Bakıda başlanıldı. Bu neft dünyanın düzənini və Bakının geosiyasi aləmdə yerini dəyişdi. Bakı dəniz sahilindəki qədim bir şəhər ampluasından çıxıb, dünyanın müxtəlif güclərinin göz dikdiyi şəhərə çevrildi .
1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoydu.. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxaraq, dünya neft hasilatının yarısını ödəyirdi. Artıq dünyanın ağır gücləi neftə olan strateji maraqları baxımından Bakının yolunu tanımağa başladılar. XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlandı. Neft sənayesinin inkişafı Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqa yerli sahibkarların böyük bir nəslini yetişdirdi. Onları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər gördülər.
Nefti olan ölkənin başından çox bəlalar keçər. Başqurdların vətəni də bu bəlalara məruz qaldı. Amerika, İngiltərə, Avstriya , Almaniya kimi fövqəlbəşər dövlətlər neft iyinə susamışdılar. Siyasi güclərini göstərərək, hakimiyyət davasına başlayanda, əsas məqsədləri neftli ölkələri ələ keçirmək idi. Artıq danılmaz bir həqiqət var idi ki, nefti olan ölkə güclü ölkədir. Sabiq Sovetlər İttifaqı da neft yataqları olan bütün əraziləri öz əlində cəm etmişdi. 15 sovet respublikası Azərbaycan- Bakı neftinin hesabına inkişaf edir, neftayırma, maşınqayırma zavodlarının , dəmir yollarının sayını artırırdı. Daha da varlanmaq, SSRİ boyda bir ərazini əldə möhkəm saxlamaq üçün yeni neft yataqları axtarışına başlayanda, yenə türk torpaqları nişan verildi. Əsrlər boyunca savaşlar-barışlar, yüksəlişlər-enişlər görən bu baş qurd torpağında ilk neft yataqlarının öyrənilməsinə ötən əsrlərdə cəhd olunsa da, ancaq 1929-cu ildən başlayaraq , Stalin rejiminin hakimiyyəti illərində Başqırdıstanda neft axtarışlarına yenidən başlanıldı.
Ilk dəfə 1929-cu ildə akademik A.D Arxangelskin rəhbərliyi ilə Dövlət Neft elmi tədqiqat institutu Başkurt torpaqlarında neft axtarışına başladı. 1930-cu ilin yazında Azərbaycandan yeni neft yatağı İşimbay şəhərinə 104 vaqon təchizat avadanlığı, qazma qurğusu, texniki güc stansiyaları və Stalin adına “Azneft” trestinin ixtisaslaşdırılmış mütəxəssis və fəhlələri göndərildi. Və ilk dəfə 1932-ci il 16 mayda İşimbaydakı 702 nömrəli quyudan 680 metr dərinlikdən ilk neft fontanı vurdu. Quyunun ilk hasilatı 11,5 tonn idi. Həmin gündən də İşimbayı “İkinci Bakı” adlandırdılar. Başkırdıstan Respublikasında neft hasilatı gündən-günə artmağa başlayırdı. Ölkə üzrə Azərbaycandan sonra üçüncü yerdə İşimbay neft yatağının adı dayanırdı.
Lakin qara qızıl insanlara hər zaman ağ günlər bəxş etmir. Qara günləri də olur qara qızılın. Almaniya Sovt İttifaqına hücuma keçmişdi. Ölkədə bütün qüvvələr düşmənlə mübarizəyə müharibəyə cəlb olunduğu bir vaxtda, neft sahəsini də boş qoymaq olmazdı. Şahidlərin dediyi kimi, tarixi mənbələrdə yazılanlardan da bilirik ki, 1941-45-ci illərin qış fəsli də düşmənlə mübarizəyə mane olurdu. O sərt keçən qış günlərində 1941- 1942-ci illərdə Bakı şəhəri İşimbayı işçi qüvvəsi və təchizatla təmin edirdi. İnsanlar çox çətin və şaxtalı hava şəraitində can bahasına ağır texnika, dəmir ilə işləyirdilər, quyu qazır, dəmir qurğuları işə salırdılar. İşdən yayınan, işləməyə gücü çatmayanların adına isə “xalq düşməni” damğası vurularaq repressiyaya göndərirdilər.
Məşhur və qabaqcıl sovet neftçilərinin çoxu ya Azərbaycanda doğulub, ya da burada oxuyub, təcrübə keçiblər. Mərhum sovet ictimai xadimi və neft mütəxəsisi Nikolay Konstantinoviç Baybakov da Bakıda doğulmuşdu. O Bakı neftçiləri haqqında xatirələrində yazırdı: “1941-ci ilin noyabrında 50 dərəcə şaxtada İşimbay Neftçıxarma Quyusunda borular sıradan çıxdı. Qəzanı aradan qaldırmaq üçün bir ay vaxt lazım idi. Belə olduqda cəbhəyə 1000 ton neft çatdırıla bilməyəcəkdik. Köməyə bakılılar gəldi. 13 gün gecə-gündüz çalışaraq qəzanı aradan qaldırdılar ..”
Daha bir xatirəsində isə belə yazır: “Şaxta 35 dərəcə olur. Bəzən 50 dərəcəyə də çatır. Adamın əlləri dəmir borulara yapışır. Köməyə gələn bakılılar iş yerindən 10-15 km uzaqda yerləşiblər. Nə yol var, nə də nəqliyyat. Fəhlələr və mütəxəssislər mədənə piyada gəlirlər. Çox vaxt yemək də olmur, insanlar 16 saat işləyirlər. Elə vaxt olur ki, mədəni heç tərk etmirlər. Bəzən 3 sutka işləməli olurlar. Yaxınlıqdakı kəndlərə yetişsələr, orada gecələyirlər. Tufan və çovğunlu havada isə hətta həftələrlə mədəni tərk etmirlər. İsti geyim də çatmır. Şaxta o qədər güclüdütr ki, isti geyimlə də soyuğu dəf etmək olmur. ...Şaxtalar nə qədər can alıb. Bəzən 56 dərəcəni keçir. Lakin briqadalar bir qayda olaraq, öz işlərini görürlər. Boşdayanmaya yol vermək olmazdı. Baxmayaraq ki, bu ağır şəraitə dözməyib ölənlər də çox idi. Nəinki insanlar, mexanizmlər də sıradan çıxırdı. Şaxtaya dözmürdülər. Bir dəfə mənim gözlərimin önündə dəmir borunu dəliyindən hava keçib-keçmədiyini yoxlayan operatorun dili dəmirə yapışdı...”
Tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru Telman Aydəmirovun “Bakı neftinin XIX-XX əsrin əvvəllərində daşınması ” kitabında da “böyük və balaca qardaş Bakılar” haqqında maraqlı məlumatlar yer alıb: “Həmin neftçi mütəxəssislər içərisində adları tarixdə qalan Azərbaycanın geoloji tədqiqat trestinin aparıcı mütəxəssisləri A.F.Rüstəmbəyov, A.A.Kamaladze, İ,Y.Vayner kimi mütəxəssislər var. 1 noyabr 1941-ci ildə çıxan “Krasnaya Vışka” qəzeti yazırdı: “... Stalin adına “Azneftkombinat”dan 275 adam göndərilsin, ailələri ilə birlikdə 745 ailə üzvü”. Yaxud da , “...kommunist M.Mirzəbəyovun rəhbərlik etdiyi “Leninneft” trestinin təmir briqadası 48 saat dayanmadan işləyiblər. Briqadanın üzvləri təcili surətdə quyuları təmir edib, istehsala buraxıblar. Normaya görə bu iş 10 gün ərzində yerinə yetirilməliydi. Onların fədakar əməyi nəticəsində işə düşən neft quyusu sutkada 60 ton neft hasil edir.”
Başqa bir bölümündə isə yazır: “ İkinci Bakı” olan İşimbaya qazma dəzgahlarında işləyən 4 briqada göndərilmişdir. Ümumilikdə isə Sovetlər ölkəsinin şərq rayonlarına Azərbaycandan 14 min neftçi, fəhlə, mütəxəssis, 100 nəfər qazma ustası, 500 çilingər, 230 mühəndis eləcə də 9 qazmaçı kontoru və 81 komlekt qazma qurğusu göndərilmişdir”.
Danılmaz bir həqiqət var ki, 1941-1945-ci ildə Sovet İttifaqının qələbə çalmasında Azərbaycan nefti birinci sırada durmuşdu, onun ardınca isə “İkinci Bakı” İşimbay da öz nefti ilə bu qələbəyə yardım etmişdi.
Əslində Başqırdıstan arasındakı dostluğun tarixini buradaca bitirə bilərdim. Lakin, o zaman ən azı başqurd dostlarımız bizdən inciyərdilər. Çünki mən bu gün həm Başkırdıstanın, həm də Azərbaycanın çox tanınmış bir ziyalısı, alimi və filosofu Azad Mirzəcanzadə haqqında danışmalıyam. 16 yaşından ali məktəblərdə dərs deməyə başlayan Azad Mirzəcanzadə Azərbaycan Elmlər Akademiyasının akademki, Başqırdıstan Respublikasının fəxri akademiki idi. Onun titulları çoxdur. Ən böyük titulları isə onun yolunu davam etdirən tələbələridir. Başqırdıstanda Azad Mirzəcanzadəni çox böyük məhəbbət və hörmətlə xatırlayan 40-dan artıq tələbəsi var. Başkırdıstan elmi və alimləri hər zaman Azad Mifrzəcanzadəni böyük məhəbbətlə xatırlayırlar. Və deyirlər ki, biz onun verdiyi işıqla öz dövlətimizə və xalqımıza xeyirli övlad olduq. Onun tələbələri sabiq SSRİ-nin bütün ali təhsil ocaqlarında vardır, Macarıstanda, Rumıniyada, Vyetnamda, Turkiyədə, Siriyada, İordaniya, Misir, İrak, Almaniya , Bolqariya ... və s.
... Azad Mirzəcanzadənin rəhbərliyi altında dünyada elmlə məşğul olan 420 tələbə elmi dərəcə alıb. Onlardan 120-si elmlər doktoru, 300 nəfəri isə elmi işçidirlər. Uzun illər Başkırdıstan Elmlər Akademiyasının prezidneti olmuş, Ufa Dövlət Texniki Neft Universitetinin rektoru, riyaziyyatçı alim, professorRamil Baxtizin, Azərbaycan Neft və Kimya İnstitutunu (indi ADNSU) bitirib. İndi Rusiya Federativ Respublikasının qaz sənayesi üzrə tanınmış simadır, Başqırdıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvüdür.
Öz müəllimini belə xatırlayır: “Başqırdıstanın neft və qaz yataqlarının tapılmasında, işlənilib hazırlanması, müasir layihələri Azad Xəliloviç Mİrzəcanzadənin iştirakı ilə həyata keçirilib. O Ufa Dövlət Texniki Neft Universitetində , Başqırdıstanın Enereji resursları və nəqliyyat Universitetində, daha bir neçə təhsil müəssisəində mühazirələr oxuyub, dərs deyib. Onun rəhbərliyi altında nə qədər elmi-pedaqoji kadr yetişib. Ötən əsrin 1978-ci ilindən etibarən, hər zaman Azat Xaliloviçin rəhbərliyi altında Başqırdıstanda ümumrusiya və beynəlxalq seminarlar, simpoziumlar keçirilib. Azat Xaliloviç, görkəmli alim olmaqla yanaşı, həm də böyük ürəyə malik insan idi, etibarlı dost, qayğıkeş Müəllim, sərt və qorxmaz lider , zəhmətdən yorulmayan adam idi. Onun bu xüsusiyyətlərinə görə ən kreativ xarakterli adamlar , istedadlı gənclər, bacarıqlı tələbələr ətrafında olardı. Müəllim insanlarda ağıl, dürüstlük, mərhəmət və fədakarlığa böyük üstünlük verirdi”.
Onun başqurt tələbələrindən biri Asqat Qumerov deyirdi: “... professor bizim ən yersiz ideyamızı da dinləyirdi. Bizi dəstəkləyirdi, yazıdğımız layihələrin, söylədiyimiz fikirlərin bircəciyində bir işartı görünürdüsə, yol göstərirdi. Bəs edərdi ki, tələbə fikirləşsin, ağıl işlətsin, nəsə axtarsın...”.
Dünyanın harasında olursa-olsun, tələbələri ilə özünü eyni səviyyədə gördü. Onun bu keyfityyətləri tələbələrinin istedadlarını üzıə çıxarmağa imkan verdi. “BaşNeft”in direktoru Ural Latıpovun xatirələrində Azad Mirzəcanzadə belə qalıb:
“Mən əminliklə deyə bilərəm ki, akademik Azad Mirzəcanzadənin Başqırdıstanda məktəbi var. Böyük müəllimimizin istər həyatdakı problemləri, istər dərs zamanı mövcud olan prooblemləri həll etməkdə xüsusi səriştəsi var idi. O bir başqa cürə düşünürdü, onun nəzəriyyəsi, fərziyyəsi, yanaşması başqa idi.”
Mars Maqnaviyeviç Xasanovun fəaliyyət dairəsini Müəllimi “Marsın tarlası” adlandırmışdı. Ona çox inanırdı. Ən sevimli tələbələrindən biri idi. Hər sözündə, söhbətində, azərbaycanlılarla görüşündə fikrinə hər zaman Azad Xəliloviçi gətirən “Qazporomneft”in texnilogiyalar üzrə direktoru, “Qazpromneft” elmi-texniki mərkəzinin direktoru Mars Xasanov deyir ki, böyük müəlliminin elmi təbiətlə, kainatla bağlı idi. Bizim müəllimimiz hər bir fikri kainatın varlığı ilə harmoniyada görürdü, o ən çətin nəzəriyələri belə insanlaşdırırdı, o bizə sağlam düşünməyi öyrətmişdi.”
Bu gün Azərbaycanla Başqırdıstan arasında həm dostluq-qardaşlıq, həm də elmi –araşdırma əlaqələri yüksələn xətt üzrə gedir. İstər Ufada, İstərsə də Bakıda keçirilən elmi simpozium, konfrans, mili-mədəni tədbirlərdə mütləq hər iki respublikanın nümayəndələri iştirak edirlər. Ötən il Bakıda Azad Mirzəcanzadənin 90 illik yubileyində iştirak edənlər arasında onun tələbələri Mars Xasanov və Ramil Baxtizin də var idilər. Bakıda müəllimlərinin yubileyinə gələn qonaqlar gənclik illərində dərs aldıqları AZDNSU-də mühazirə oxuyub, həm də böyük alimi yad etdilər. Universitetdəki akademikin adına olan muzeyə isə onun tüncdan töklümüş büstünü hədiyyə etdilər.
Öz xatirələrini bölüşən akademik R.Baxtizin və M.Xasanov təhsil aldıqları universitet divarları arasında müəllimlərini belə xatırlamışdılar: “Azad Xəlilovic insanları birləşdirməyi bacarırıdı. Hər həftənin sonu biz onun evinə gedər, şərq qonaqpərvərliyi və süfrəsinin ləzzətini alardıq. Bol ruzili süfrə arxasında da ən böyk özü olardı. Hər bizimizin sağlığına badə qaldırar, həyatı necə yaşamağın sirrlərini öyrədərdi. O ailə həyatı qurmamışdı. Bacısı və anası ilə yaşayırdı. Görünür onun övladları biz idik—tələbələri. Bizim hər birimiz onun etibarını və rəğbətini qazanmaq üçün dəridən qabıqdan çıxırdıq. Onun sevimli tələbəsi olmaq da bir şans , xoşbəxtlik idi. Kiçik bir səhv üzündən bəzən yarım il müəllimin diqqətindən kənarda qalmaq kimi böyük fəlakət var idi.”.
Elə həmin konfransda bu gün dünyada tanınmış hər iki başqurt oğlu , Azad Mirzəcanzadənin tələbələri olan Ramil Baxtızin və Mars Xasanov ustadlarının yazıb qoyduğu külliyyatı, seçilmiş əsərlərinin toplayıb nəşr edəcəklərini söylədilər.
Müasir türk dünyasının ən böyük filosofları sırasında dayanan Azad Mirzəcanzadə deyirdi: “ ...Mən indi elə yaşdayam ki, özümə hesabat verirəm. Sosial məkanın pilləkanından baxanda mən çox aşağıda görünürəm, çünki var-dövlət toplamadım, ailə qurmadım... Lakin mənim ideyalarım məntiqi sonunu taparaq etimad qazandıqca , elmi fikirlərim elmi cameədə böyük nailiyyətlə öz isbatını tapdıqca mən bunlardan həzz aldım. Öz ideyalarınızı paylamağa simiclik etməyin. Mən dünyanın və MDB-nin hər bir ölkəsində olan çoxsaylı tələbələrimlə fəxr edirəm... Mən çox işlər görə bilərdim. ..”.
Azərbaycan Müstəqil ölkədir. Müstəqil siyasəti var. Öz neftinin, öz vətəndaşının sahibidir. Regionda onun tərəfdaşları sırasında Başqırdıstan da var. Bu il başqurtlar da Başqırdıstan Respublikasının 100 illiyini qeyd edirlər. Bu 100 ildə biz hər zaman doğma və əziz olduq. Ötən illər ərzində Mustay Kərimin əsərləri , Əxmət Söləymənovun əsərləri Azərbaycanın teatr səhnələrini bəzəyib, ədəbi dostluğumuzu əbədi edib.
Aida Eyvazlı,
Beynəlxalq Türk Akademiyasının İsmayıl Bəy Qaspralı adına mükafatının laureatı.