​Azərbaycanın Əfqanıstanla 3 istiqamətdəki əməkdaşlığı...

​Azərbaycanın Əfqanıstanla 3 istiqamətdəki əməkdaşlığı... Bakının Kabil ilə sıx əlaqələri ABŞ və NATO-nun da maraqlarına cavab verir
Analitika
27 Dekabr , 2015 15:26
​Azərbaycanın Əfqanıstanla 3 istiqamətdəki əməkdaşlığı...

Bakı. 27 dekabr. REPORT.AZ/ Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 22-də Azərbaycana rəsmi səfər etdi. O prezident İlham Əliyevlə görüş zamanı bildirdi ki, Azərbaycanla Əfqanıstan dost ölkələrdir və bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır. Əfqanıstan prezidenti ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verdiyini də xatırlatdı.

Əfqanıstan prezidenti haqlıdır. Yaxın və uzaq tariximiz Azərbaycanla Əfqanıstan arasındakı əlaqələrdən xəbər verir. Azərbaycanlılar heç zaman əfqanların problemlərinə biganə yanaşmayıblar, hər zaman dost əli uzadıblar. Əfqanıstan hazırda ağır günlərini yaşayır. Bir tərəfdən bu dövlət "Taliban" terrorçu qruplaşması ilə savaşır, digər tərəfdən kasıbçılıqdan qurtulmağın yollarını axtarır. Hər iki problemin həllində Əfqanıstanın kənar dəstəyə ehtiyacı var.

Əfqanıstan əsas hərbi və maliyyə dəstəyini NATO ölkələrindən alır. ABŞ və Avropa Birliyi ölkələri həm "Taliban"la savaşda, həm də iqtisadi layihələrin həyata keçirilməsində Kabilə əməli yardımlar edirlər. Əfqanıstanın digər ən böyük problemi narkotik mənşəli bitkilərin becərilməsi və gizli yollarla müxtəlif ölkələrə çatdırılmasıdır. Əfqanıstan hakimiyyəti bu bəladan da yaxa qurtarmaq istəyir, ancaq bu problemin həllində də Kabilin kənar dəstəyə ehtiyacı var. Çünki, narkotik mənşəli bitkilərin becərilməsi ilə məşğul olan kəndlilərə, onların kənd təssərrüfatı ilə məşğuliyyətlərini təmin etmək üçün gərəkli subsidiyalar ayrılmalıdır. Buna isə Əfqanıstan dövlətinin gücü çatmır.

Azərbaycan Əfqanıstana 3 istiqamətdə yardım edir:

Birinci istiqamət hərbi sahəni əhatə edir. Azərbaycan hərbçiləri NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası xidmətə 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir. NATO ölkələri ilə yanaşı müsəlman ölkənin hərbçilərinin Əfqanıstanda xidməti Kabil üçün xüsusi əhəmiyyət daşıyır.

İkinci istiqamət iqtisadi əlaqələrdir. Aydındır ki, Əfqanıstanın indiki vəziyyətində Azərbaycanla bu ölkənin xüsusi iqtisadi layihələrindən və ticarət əlaqələrinin sıçrayışından danışmaq çətindir. Buna baxmayaraq, İlham Əliyev Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin Əfqanıstana investisiya yatırmağa və əməkdaşlığın bu iqtisadi komponentini gücləndirməyə hazır olduğunu bildirib. Bu bütün risklərə rəğmən, Azərbaycanın xoş niyyətindən xəbər verir. Azərbaycan Əfqanıstanın müxtəlif sahələrinə ianələr ayırır. Məsələn, 2017-ci ilin sonuna qədər Azərbaycan Əfqanıstan ordusunun modernləşdirilməsi üçün 2 milyon avro ayıracaq. Bunun 1 milyonu artıq Əfqanıstana verilib. Azərbaycan ayrıca, Əfqanıstanın təhsil və təlim, infrastruktur və nəqliyyatının inkişafına da zaman-zaman maliyyə yardımları ayırır.

Üçüncü istiqamət Əfqanıstanın dövlət strukturlarında çalışan işçilərə Azərbaycanda müxtəlif sahələr üzrə təlimlərin keçirilməsidir. Bu təlimlər Azərbaycan Xarici İşlər Nazirliyindən tutmuş Diplomatiya Akademiyası və müxtəlif nazirliklərə qədər stukturları əhatə edir. Əfqanıstan dünyanın ən çox minalanmış ölkələrdən biri sayılır. Bu sahədə də əfqan mütəxəsisslərə Bakıda müvafiq kurslar təşkil edilir.

Azərbaycanın Əfqanıstanla sıx əlaqələri, bu ölkədə hərbi iştirakı, ianələri və əfqanlara təşkil etdiyi kurslar Vaşinqtonla Brüsselin də maraqlarına cavab verir. Çünki, Əfqanıstanda sabitliyin bərqərar olması Vaşinqton və Brüssel üçün Suriya və İraqdakı müharibələrin sona çatması qədər vacibdir.

Zəif Əfqanıstan həm bölgədə qeyri-sabitlik mənbəyi, həm ucuz narkotik maddələrin bütün qitələrə yayılması, həm də "Taliban" terrorçularının bölgədə güclənməsi deməkdir. Bu baş verməsin deyə Vaşinqton və Brüssel Əfqanıstanın hazırkı iqtidarını hər yolla dəstəkləyir. Odur ki, Vaşinqton və Brüssel mümkün qədər çox dövlətin Əfqanıstana əməli yardım etməsini istəyir. Azərbaycan isə bu siyahıda heç də son sıralarda yer almayıb.

Elxan Şahinoğlu, xüsusi olaraq “Report” üçün

Son xəbərlər

Orphus sistemi