Yuxarı

Azərbaycanın müstəqilliyinin qorunmasının çətinlikləri: 101 il əvvəl və indi - ŞƏRH

Azərbaycanın dəyişməyən düşməni kimdir?

Azərbaycan dövlətinin suverenliyinə təhlükələr 100 il əvvəlki dövrlə müqayisədə daha da artıb. 100 il əvvəl Azərbaycanın dövlət müstəqilliyi 23 ay davam etmişdisə, mövcud çətinliklərə baxmayaraq, indiki dönəmdə bu müstəqillik 28 ildir qorunub saxlanılır. 1991-ci ildə müstəqilliyinə qovuşan Azərbaycan geosiyasi problemlərin mövcud olduğu bir dövrdə yürütdüyü siyasətin nəticəsində müstəqilliyini yaşada bilir. Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Tarixçilər daim təzyiqlərlə üzləşən, tarixi sınaqlardan keçən, müharibə şəraitində yaşayan bir dövlətin öz müstəqilliyini qoruya bilməsini həm də xalq-hakimiyyət birliyindən asılı olduğunu düşünürlər.

Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 101-cü ildönümü gəlir. Prezident İlham Əliyev 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdi.

Birinci Respublikanın ömrü 23 ay sürdü. Ancaq onun bərpasından 28 ildir ötür. Bu dövrdə dövlət quruculuğu, beynəlxalq münasibətlər kontekstində Azərbaycanın mövqeyi və nüfuzu artıb. Ölkəmiz heç bir dövlətin yarımmüstəmləkəsi deyil. Əksinə, bölgəmizlə bağlı məsələlərdə rəsmi Bakının mövqeyi aparıcı olur.

Hazırda Azərbaycan dünyanın enerji ilə təminatında başlıca rola malikdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi), Avropa və cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi ilə yaradılan Cənub-Şimal nəqliyyat dəhlizi və s. yuxarıda qeyd etdiklərimizi təsdiqləyən layihələrdir.

Bu və başqa layihələr Azərbaycanın beynəlxalq aləmdə əhəmiyyətini və nüfuzunu artırır. Qərbin, xüsusi ilə ABŞ və onun müttəfiqlərinin bölgəyə yönəlik bir sıra planlarının da həyata keçirilməsinə Azərbaycan tərəfdaş ölkə kimi yardım edir.

Xalq Cümhuriyyətinin yaradılması dünya və bölgə üçün çox qarmaqarışıq dövrə təsadüf edirdi. Azərbaycanın müstəqilliyinin bərpası da oxşar tarixi proseslər zamanı baş verib. Hər iki hadisə şimaldakı ciddi dövlət böhranının nəticəsi kimi ortaya çıxıb. Çar Rusiyasının süqutu Azərbaycan Xalq Cümhurriyyətinin, SSRİ-nin çökməsi Azərbaycan Respublikasının yaranmasına təkan verib. 

Birinci Respublikanın dövründə Azərbaycanın nüfuzu zamınına görə indiki ilə müqayisə edilməzdir. O vaxt Rusiyanın müstəmləkəsindən xilas olaraq ABŞ-ın mandatı altında mövcudluğu davam etdirmək əsas hədəflərdən idi. Dünyanın o vaxtkı gücləri, təəssüf ki, Rusiyanı daha əhəmiyyətli saydıqlarından Azərbaycanın müstəqilliyini itirməsinə göz yumdular. Bolşeviklər Xalq Cümhuriyyətini işğal etdi. Bununla da dövlət quruculuğu və müstəqil respublika olmaqla bağlı işlər yarımçıq qaldı.

101 il əvvəl olduğu kimi, indi də Azərbaycanın dostları və düşmənləri dəyişməyib. Həmin dövrdə Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaratdılar. Qarabağdakı ermənilərə indi olduğu kimi, himayədarları yardım edirdi. Başqa sözlə, 101 il əvvəl Qarabağın işğal edilməsinə yardım edənlər də dəyişməyib.

Ötən illərdə Azərbaycana şimaldan və cənubdan gələn təhlükələr də XX əsrin əvvəllərində olan sınaqlarla oxşardı. 

Öz zamanlar ilə müqayisədə hazırda ölkəmizin müstəqilliyi, təhlükəsizliyi güclənib, regional və beynəlxalq əhəmiyyəti artıb.

Azərbaycan dünyanın enerji təhlükəsizliyində yaxından iştirak etdiyi kimi, beynəlxalq sülhməramlı missiyalara, antiterror əməliyyatlarına da qatılır.

101 il əvvəllə müqyisə edilsə, bu gün Azərbaycanın özünü müdafiə edəcəyi bir çox təhlükələr var. Heç kimə sirr deyil ki, Azərbaycan torpaqları Ermənistanın havadarlarının yardımı ilə işğal olunub. Deməli, indi yalnız Ermənistan deyil, Azərbaycanın gizli düşmənləri də mövcuddur. Odur ki, milli təhlükəsizlik, dövlət müstəqilliyi, ərazi bütövlüyünün təmin edilməsində həm də bilinən və görünməyən gizli düşmənləri də neytrallaşdırmaq, yaxud onlara qarşı mübarizə aparmaq başlıca hədəflərdəndir.

Dünyada təhlükəsizliklə bağlı çoxsaylı problemlər yaranıb. Beynəlxalq terrorçuluqdan hiber hücumlaradək bütün məsələlər dövlətin müstəqilliyi və inkişafı üçün yeni təhlükə mənbələridir. Bu təhdidlərə qarşı mübarizə aparmaq da Azərbaycanın başlıca vəzifələrinə çevrilib.

Yeni informasiya texnologiyalarının yaranması, orbitə “Azerspace” peyklərinin çıxarılması Azərbaycanın modern dövlət olmasından xəbər verir.

Öz dövrləri ilə müqayisədə Azərbaycan cəmiyyəti indi daha bütövdür. Onun dövlətləşmə və millətləşəmə dövrünün bir mərhələsi artıq başa çatıb. Azərbaycanın strateji hədəfləri müəyyənləşib.

Ölkədə tolerantlıq var və siyasi müxalifət də mövcuddur. Dövlətin müstəqilliyinin əsas təminatçısı vətəndaşlarla Prezidentin birliyidir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, demokratikləşməsi, güclü dövlət olması kimi məsələlərdə bu birlik sarsılmaz, bu istiqamətdə mövqelər dəyişməzdir. 

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Report”a deyib ki, 1991-ci ildən sonra yaranmış ağır şəraitdə dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsi real idi. O vurğulayıb ki, bu təhlükəni dəf edən isə ümummilli lider Heydər Əliyev olub: “Mahiyyətinə görə müxtəlif olduğu üçün 1918-1920-ci illəri və 1991-ci ildən sonrakı dövr ilə vahid bir qəlibə qoymaq düzgün olmazdı. O zaman dövlət müstəqilliyi elan edilərkən dövlət və hökumət strukturları sıfırdan quruldu. Azərbaycanın dövlət müstəqilliyini qorumaq üçün beynəlxalq şərait əlverişli deyildi. Antanta ölkələri, Rusiya və Türkiyə arasında münasibətlər regionda geosiyasi dəyişikliklərə səbəb oldu. 1920-ci ildə bolşevik Rusiyası Azərbaycanı bir çox səbəblərdən işğal etdi, lakin formal olaraq “Müstəqil Azərbaycan SSR” saxlanıldı. Dövlət müstəqilliyinə son qoyulsa da, dövlətçiliyin atributlarının bir qismi saxlanıldı. 1921-ci ildə tarixdə ilk dəfə olaraq Azərbaycan SSR-nin Konstitusiyası qəbul edildi. 1922-ci ildə Azərbaycan SSRİ-nin tərkibinə daxil ediləndə xarici siyasət və başqa strukturlar ləğv edilsə də, formal olaraq Azərbaycan SSR Sovet İttifaqını təşkil edən müttəfiq respublika idi. 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edildi. Dövlət və hökumət strukturlarının bir çoxu bu zaman artıq mövcud idi. Müdafiə Nazirliyi yaradıldı. Hər iki dövrdə dövlət müstəqilliyini qorumaq çətin idi. 1991-ci ildən sonra yaranmış ağır şəraitdə dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsi real idi. Ermənistanın hərbi təcavüzünün davam etdiyi, ərazilərimizin işğal edildiyi, qaçqın və məcburi köçkünlərin olduğu bir zamanda şimalda və cənubda xaricdən dəstəklənən bölücülük hərəkətləri artmışdı, xalq vətəndaş müharibəsi astanasında dayanmışdı. Azərbaycan hakimiyyəti bu vəziyyətdən çıxa bilmədikdə məcbur qalaraq o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi Bakıya dəvət etdi. Məhz onun qəti iradəsi və xalqa arxalanması nəticəsində Azərbaycan dövləti və millətimiz yuxarıda qeyd edilən fəlakətlərdən xilas oldu”.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı

Professor Azərbaycanın müstəqilliyi üçün təhlükə mənbələrinin hələ də mövcud olduğunu söyləyib: “Təhlükə mənbəyi daim olub, var və bundan sonra da olacaq. O zaman da Ermənistanın hərbi təcavüzü var idi, indi də. O zaman da Azərbaycanın dövlət müstəqilliyini istəməyən xarici ölkələr var idi, indi də var. Müasir şəraitdə Azərbaycan Respublikası dövləti həmin mənbələri əvvəlcədən görür və zərərsizləşdirir. Ermənistan istisna olmaqla Azərbaycan dövləti ətrafında mehriban qonşular zolağı yarada bilib”.

M.Qasımlının sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılan Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, ərazilərimizin bir hissəsinin işğal altında qalmasına, qaçqın və məcburi köçkünlərin olmasına, ikili standartlarla üzləşməsinə baxmayaraq, Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbyacan dövləti böhrandan çıxıb: “Yeni enerji siyasəti həyata keçirildi. Müstəqil, güclü dövlət quruculuğuna başladı. İslahatlar həyata keçirildi. Başqa hər hansı bir dövlət Azərbaycanın düşdüyü vəziyyətlə üzləşsəydi, bəlkə də, indi mövcud deyildi. 1993-2003-cü illər əgər müstəqil dövlətin qurulması və möhkəmləndirilməsi illəri oldusa, 2003-cü ildən sonrakı müddət cənab Prezidentimiz İlham Əliyevin liderliyində Azərbaycanın müasirləşən bir dövlətə çevrilməsi illəridir. Bu gün daha yaxşı gələcəyi olan güclü Azərbaycan Respublikası dövləti mövcuddur”.

Deputat son 16 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin müstəqiliyimizin qorunmasında rolunun yüksək olduğunu vurğulayıb: “Cənab Prezidentimizin müəyyənləşdirdiyi xarici siyasət xətti ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraitin təmin edilməsinə, müstəqilliyinin möhkəmləndirilməsinə, xalqımızın daha yaxşı yaşaması üçün bərabər imkanlar yaradılmasına yönəldilib. Tariximizdə bir çox ilklər bilavasitə cənab Prezidentimizin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Kosmos klubunun üzvü olması, ölkəmizin nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi, yeni bazarlara çıxmaq, Avropanın enerji təchizatçısı ölkəsi olması və s. Bunları xeyli sadalamaq olar. Bu gün ölkəmizdə güclü ordu var. Xalqın maraqlarının təmin edilməsinə yönəlmiş ədalətli siyasətin nəticəsində ölkəmizdə təbii sabitlik hökm sürür. Xalq cənab Prezidentimizi müdafiə edir və ölkənin inkişafını onunla və yürüdülən siyasətlə bağlayır. Bu siyasətin alternativi xaos, anarxiya və fəlakətdir. İnsanlar belə şəraiti artıq gördüyü və həyatlarında yaşadıqları üçün ikinci dəfə onu qəbul etmir. Azərbaycan xalqı müdrikdir. Quruculuğun, sabitliyin onun həyatı üçün nə demək olduğunu yaxşı görür. Ona görə də cənab Prezidnetimiz başda olmaqla yürüdülən siyasəti müdafiə edir”.

Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqatçısı Dilqəm Əhməd isə “Report”a deyib ki, 1918-ci ilin şərtləri ilə 1991-ci ilin şərtləri arasında bəzi oxşarlıqlar var: “Oxşar cəhət odur ki, Azərbaycan XX əsrdə iki dəfə müstəqilliyini elan edib, hər ikisi də Rusiya imperiyasının dağılması nəticəsində mümkün olub. Amma 1991-ci ildə biz artıq sərhədləri bəlli olan bir dövlət şəklində müstəqilliyimizi elan etdik, qısa zamanda da dünya dövlətləri tərəfindən tanındıq. Lakin 1918-ci ildə şərtlər daha ağır idi. 28 mayda Tiflisdə İstiqlal Bəyannaməsi elan edildiyi zaman Bakı rusların və ermənilərin əlində idi, faktiki tarixi ərazilərimizə nəzarət edə bilmirdik. Belə olan halda, bizi xilas edən Osmanlı dövləti oldu. Əgər Batum müqaviləsi imzalanmasaydı və Qafqaz İslam Ordusu olmasaydı, müstəqilliyimiz Tiflisdə kağız üzərində qalacaqdı. 15 sentyabrda Bakı Azərbaycan və Osmanlı qoşunları tərəfindən azad edildi, amma bu dövrdə müəyyən qədər Osmanlıdan asılı vəziyyətə düşdük. Milli Şura istefaya getdi, ölkədə faktiki olaraq Nuru paşa hökmranlıq etdi. I Dünya müharibəsinin nəticəsində Osmanlı Mudros müqaviləsi ilə Azərbaycanı tərk etdi, əvəzinə ingilis qoşunları Bakıya yerləşdi. Bu dəfə də ölkəmiz faktiki ingilis generalı Tomsonun idarəçiliyi ilə hesablaşmalı oldu. Amma buna baxmayaraq, Azərbaycan hökuməti başa düşürdü ki, I Dünya müharibəsinin nəticəsi masa arxasında müzakirə ediləcək və mütləq şəkildə orada təmsil olunmaq lazımdır. Buna görə də təcili şəkildə Azərbaycan Parlamenti formalaşdırıldı və Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Parisə nümayəndə heyəti göndərdik. Bütün bunlar elə bir şəraitdə baş verirdi ki, Çar Rusiyası inqilab nəticəsində devrilib, Osmanlı məğlub olub, keçmiş Çar generalı Denikin yeni iddialarla çıxış edir, bolşeviklər isə Bakını yenidən ələ keçirmək istəyirlər. Yəni 1991-ci illə müqayisədə xeyli dərəcədə çətin vəziyyətdə idik. Amma buna baxmayaraq, heyətimiz qarşısına çıxarılan bütün maneələri aşaraq Parisə gedə bildi, hətta 1919-cu ilin 28 mayında ABŞ Prezidenti Vudro Vilsonla görüşə bildi. Vilson müstəqilliyimizə qarşı çıxsa da, Denikinin zəifləməsi, bolşevizmin Azərbaycandan sonra İrana, Hindistana qədər yayılma təhlükəsinə görə qalib dövlətlər siyasətlərini dəyişdilər və 1920-ci ilin yanvar ayında müstəqilliyimiz de-fakto şəklində tanındı. Amma, təəssüf ki, bu sevincimiz üç ay da çəkmədi, ölkəmiz ruslar tərəfindən işğal edildi. O dövrdə müstəqilliyimizi qoruyub saxlamaq çətin idi. Bilirsiniz ki, Çar dövründə azərbaycanlılar orduya aparılmırdı. Milli ordumuz hələ yeni formalaşırdı. Bölgədə isə bir tərəfdən bolşeviklər, digər tərəfdən isə ermənilər mütəmadi problem yaradırdılar. Ermənilərin Qarabağda üsyan qaldırmaları, Osmanlının rus qoşunlarının Azərbaycana girməsinə göz yumması, bəzi türk paşalarının bolşeviklərin yanında yer alması nəticəsində Bakı işğal edildi. Bu baxımdan, indiki dövrdə müstəqilliyimizi qorumaq daha rahatdır. Çünki güclü ordumuz, neft kontraktları, geopolitik amillər müstəqilliyimizin qarantıdır”.

Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqatçısı Dilqəm Əhməd

D.Əhmədin sözlərinə görə, Cümhuriyyət dönəmində Azərbaycan üçün təhlükə mənbələri həddindən artıq çox olub: “Qaliblər Rusiyanın müstəmləkəsi olmuş ərazilərin müstəqilliyini istəmirdilər, Denikin və bolşevik təhlükəsi var idi, digər tərəfdən də Qacar dövləti bizə qarşı idi, Azərbaycan adlı dövləti tanımadıqlarını bildirirdilər. Ölkənin daxilində də qarşıdurma var idi. Hətta parlamentdəki bəzi deputatlar açıq şəkildə bolşevikləri dəstəkləyirdilər. Təsadüfi deyil ki, Baş Nazir Nəsib bəy Yusifbəyli 1919-cu ilin 28 mayında dövlətin bir yaşı münasibətilə xalqa müraciətində deyirdi ki, təhlükə hələ keçməyib, üzərimizə qara buludlar yürüməkdə və bizim asayiş və hürriyyətimizi təhdid etməkdədir. Nəsib bəyin gümanı, təəssüf ki, doğru çıxdı. Təsəvvür edin ki, Rusiyanın xarici işlər komissarı Çiçerin general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Azərbaycan Cümhuriyyətinin Xariciyyə naziri Xoyskiyə nota ilə müraciət edir. Xoyski Azərbaycan Cümhuriyyətinin kimsəni özünün daxili işlərinə qarışdırmadığı kimi, Rusiyanın daxili işi olan Denikin ordusunu təqib etməyə qarışmaq arzusunda olmadığını qeyd edir. Olduqca diplomatik və yerində bir cavab olur. Lakin Çiçerin bu cavabı qəbul etmir, ard-arda daha sərt notalar göndərir. Nəticədə Azərbaycan işğal edilir. Təbii ki, aradan yüz il ötsə də, geopolitik mənzərə eynidir. Əgər 1920-ci ildə ermənilər Qarabağda üsyan qaldırmışdılarsa, bugün Qarabağı işğal ediblər. Əgər 1918-1920-ci ildə Qacarlar müstəqilliyimizi tanımırdısa, nəhayət, təzyiqlərə tab gətirməyib de-yure tanımağa məcbur oldularsa da, indi də İran dövlətinin ölkəmizə münasibəti, demək olar ki, eynidir. İran rəsmilərinin bəzi davranışları buna sübutdur. Əgər 1918-1920-ci illərdə Rusiya Qafqazdakı dövlətlərin müstəqilliyini tanımaq istəmirdisə, bu gün də bu dövlətlərin istiqlalını həzm etmək istəmir. Buna görədir ki, Gürcüstanda və Azərbaycanda separatçı hərəkatların baş qaldırmasına dəstək olub və olur. Amma, təbii ki, yüz il öncə ilə müqayisədə müstəqilliyimizlə bağlı təhlükələr olduqca azalıb. Azərbaycan super güclər də daxil olmaqla dünya dövlətləri tərəfindən tanınıb, BMT-nin üzvüdür, NATO proqramlarında iştirak edir və s.”

Tədqiqatçı bildirib ki, Azərbaycana qarşı ikili standart elə müstəqilliyin ilk illərindən göstərilib: “Təkcə, 907-ci düzəlişi yada salsaq, bəs edər. Ərazisi işğal edilən, Xocalıda soyqırıma məruz qalan tərəf biz olsaq da, ermənilərə dəstək göstərildi. Əlbəttə, bizim də səhvlərimiz oldu. Müstəqilliyə hazır deyildik, dövlətin önəmli qurumlarına rəhbərlik edən şəxslər helikopterin vurulması nəticəsində həlak oldular, ardınca ölkə daxilində qarşıdurma başladı. Bütün bunlar güc itirməyimizə səbəb oldu. Etiraf etməliyik ki, erməni lobbisi yüz il öncə də bizdən güclü idi, indi də güclüdür. Erməni lobbisinin ABŞ dövlətinə təzyiqi nəticəsində ölkəmizin əleyhinə qərarlar çıxdı. Amma bu ikili standartlardan qurtulmaq üçün gərək dövlət olaraq səbəblər də yaratmayaq. Zəruri islahatlar həyata keçirilməli, ölkəmizi demokratik ənənələrin qorunduğu bir dövlətə çevirməliyik. Çünki əks halda, bu səbəblər başda Qarabağ münaqişəsinin həlli olmaqla mühüm məsələlər də bizə qarşı istifadə ediləcək”.

D.Əhməd qeyd edib ki, son 16 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin müstəqiliyimizin qorunmasında rolu əvəzsizdir: “Prezident İlham Əliyevin dönəmində, şübhəsiz ki, bizim ən böyük uğurumuz 2016-cı ilin aprel ayında oldu. Atəşkəsdən bu yana ilk dəfə idi ki, status-kvonu xeyrimizə dəyişdirdik. Rəsmi məlumata görə, döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bilirik ki, Qarabağ münaqişəsi müstəqilliyimizə görədir. Əgər torpaqları işğaldan azad etsək, Azərbaycanın müstəqilliyi daha da möhkəmlənəcək. Dövləti idarə edən hökumətin ən birinci funksiyası xalqa xidmət etmək olmalıdır. Hansı hökumət ki, xalqa xidmət edir, onun rifahı üçün çalışır, həmin hökumət xalq tərəfindən dəstəklənir. Təbii ki, xalq da ona xidmət edən hökumətin daha uzunömürlü olması üçün çalışacaq, seçki zamanı onu yenidən iqtidar edəcək. Hər bir xalq istər hökumətdə, istərsə də parlamentdə onu ən layiqlilərin idarə etməsini istəyər. Xalqın seçdiyi layiqli hökumət isə, əlbəttə ki, suverenliyin qarantı olacaq”.

Sədrəddin İsmayılov

Səid Qərib 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi