Azərbaycanın aqrar sektoru sürətlə sosiallaşır - RƏYLƏR

Azərbaycanın aqrar sektoru sürətlə sosiallaşır - RƏYLƏR Azərbaycanın aqrar sektorunda həyata keçirilən islahatların mühüm elementlərindən biri də müxtəlif sahələr üzrə ictimai qurumların yaradılmasıdır. Bu baxımdan bu il avqustun 3-də yaradılmış Fermerlər Şurası xüsusi qeyd olunmalıdır. Şuranın məqsədi fermerlərə daha yaxın olmaq, onların problemlərini öyrənmək və həll yollarını birgə axtarmaqdır.
Analitika
25 Sentyabr , 2019 17:40

Azərbaycanın aqrar sektorunda həyata keçirilən islahatların mühüm elementlərindən biri də müxtəlif sahələr üzrə ictimai qurumların yaradılmasıdır. Bu baxımdan bu il avqustun 3-də yaradılmış Fermerlər Şurası xüsusi qeyd olunmalıdır. Şuranın məqsədi fermerlərə daha yaxın olmaq, onların problemlərini öyrənmək və həll yollarını birgə axtarmaqdır. 

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli

"Bütün dünyada fermerlərin aidiyyatı qurumları var".

Nicat Nəsirli

Эксперт по сельскому хозяйству Ниджат Насирли

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi uzun illər inzibati riçaqlara sahib olsa da, bunlar özünü doğrultmayıb: "Bu gün dünyada aqrar sahədə baş verən yeniliklər bizi də dəyikliklər həyata keçirməyə məcbur edir. Həmin dəyişikliklər Nazirliyin yalnız qərarlar qəbul edən bir qurum olmasını deyil, eyni zamanda institusional xidmət göstərən mərkəzə çevrilməsini ehtiva edir. Nazirlik fermerlərə xidmət göstərir. Fermerlərin çətinlikləri və istəkləri nəzərə alınmırsa, həmin xidmət niyə göstərilməlidir?! Ona görə Fermerlər Şurası hər bir rayonda yaradılıb, fermerlərin bir il ərzində təsərrüfat fəaliyyətində, istehsalat dövründə üzləşdiyi bütün problemlərin həlli ilə bağlı bu şuralarda müzakirələr aparılır, bu üsulla problemlərin həllinə nail olunur”.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı sahəsində 40-dan çox xidmət var: “Son bir ildə həmin xidmətlərin böyük əksəriyyəti sistemləşdirilib və şəffaflaşdırılıb. Fermerlər təkcə şuralarda toplanmayıb, təqribən, 22-yə qədər assosiasiyalar da yaradılıb. Yaxın gələcəkdə fermerlərin ixracla bağlı problemlərinin, bazar, marketinq məsələlərinin həllində həmin assosiasiyaların xüsusi rol oynayacağını gözləyirik. Assosiasiyalar fermerlər üçün bir növ təlim mərkəzinə çevriləcək. Bu gün fermerlərin bir hissəsi zərərvericilərlə mübarizəni düzgün aparmadığına görə ziyana düşür. Bütün dünyada fermerlərin aidiyyəti qurumları var”.

N.Nəsirli Fermerlər Şurası ilə yanaşı, Nazirlikdə formalaşdırılmış "Aqrar İnkişaf Könüllüləri" hərəkatı barədə də danışıb: "Etiraf etməliyik ki, son illər Azərbaycanda kənd təsərrüfatı sahəsi rentabellilik baxımından nüfuzdan düşmüşdü. Bununla yanaşı, aqrar sahənin ixtisasları da hörmətdən düşmüşdü. Abituriyentlər aqrar sahədə ixtisasa üstünlük vermirdi. Hazırda isə aqrar sahəyə üstünlük verilməməsinin nəticəsi göz qabağındadır. Bu gün ölkədə aqrar sahədə kadr çatışmazlığı var. Kənd təsərrüfatı sahəsində daha çox əcnəbilər fəaliyyət göstərirlər. Biz isə böyük vəsait və zaman itiririk. "Aqrar İnkişaf Könüllüləri"nin qarşısına qoyulan əsas məsələ gəncələrdə kənd təsərrüfatı, qida mühəndilsiyi ilə bağlı təsəvvür yaratmaqdır. Həmin gənclərin seçimi aqrar sahə olmaya bilər, lakin sahə ilə bağlı xidmət sahələrini seçə bilərlər. Regionlarda ən başlıca məsələ məşğulluqdur. Elə rayon var ki, aqrar sektor üzrə ixtisaslaşıb. Lakin həmin rayonun gəncləri hüquq ixtisasını seçirlər. Təbii ki, onlara iş tapmaq da bir qədər çətin olacaq. Ümumiyyətlə, məqsəd odur ki, gənclərdə peşə təhsilinə də maraq yaradaq”.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov

"Assosiasiya yaranandan sosiallaşma güclənib".

Bədrəddin Həsrətov

Azərbaycan Arıçılar Assosiasiyasının sədri&Bədrəddin Həsrətov

Fermerlər Şurası ilə yanaşı, hazırda ölkədə bir sıra sahələr üzrə 20-dən çox assosiasiya fəaliyyət göstərir. Onlardan biri də Azərbaycan Arıçılar Assosiasiyasıdır. Qurumun sədri Bədrəddin Həsrətov deyir ki, arıçıların assosiasiyada birləşməsinin bir sıra faydaları var: “Assosiasiya dövlətlə arıçılar arasında körpü rolunu oynayır. Təşkilatda arıçıların problemləri müzakirə edilir, həmin problemlər toplanır və aidiyyəti qurumlarla həll edilir. Artıq dövlət arıçılıqda hər hansı bir iş həyata keçirəndə bizimlə məsləhətləşirlər. Assosiasiya həmçinin arıçıların inkişafında, maarifləndirilməsində çox mühüm rol oynayır. Assosiasiya yaranandan sonra sosiallaşma güclənib. Ölkənin arıçıları artıq bir-birilərini tanıyırlar. Hər hansı bir arıçı yeni dərmanı tətbiq edən zaman arıçılarla onun müzakirəsi aparılır. Bunun üçün də platformamız var. “Facebook”da Azərbaycan Arıçılar Assosiasiyasının rəsmi səhifəsi var. Bu isə, öz növbəsində, arıçılara əlavə dəstək qismində çıxış edir". 

Milli Məclisin üzvü Azər Badamov isə deyir ki, fermerlərin assosiasiyalarda birləşdirilməsi onların effektiv fəaliyyətini stimullaşdırır: "Assosiasiyaların yaradılması aqrar sahənin məhz müvafiq istehsal sahəsi üzrə fermerlərə dəstək verilməsi istiqamətində bir addımdır. Bununla yanaşı, fermerlərin assosiasiyalarda birləşməsi onların məhsullarının ixracını asanlaşdırır".

Son xəbərlər

Orphus sistemi