Azərbaycanda zorakılıqla qarşılaşan qadınlar arasında boşananlar üstünlük təşkil edir - RƏY

Azərbaycanda zorakılıqla qarşılaşan qadınlar arasında boşananlar üstünlük təşkil edir - RƏY Gülnar Nəzərova: "Azərbaycanda bəzi ənənələr qadına münasibətdə zorakılığı dəstəkləyir"
Analitika
7 Sentyabr , 2016 09:28
Azərbaycanda zorakılıqla qarşılaşan qadınlar arasında boşananlar üstünlük təşkil edir - RƏY

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanda ən azı bir dəfə zorakılıqla qarşılaşan qadınlar arasında boşananlar üstünlük təşkil edir.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sorğu zamanı heç vaxt nikaha daxil olmamış qadınların 38,5, nikahda olanların 38,8, dulların isə 34,8 faizinin ömründə bir dəfə də olsa zorakılığa məruz qaldığı üzə çıxıb.

Məlumata görə, boşanan qadınlar arasında keçirilən sorğu zamanı isə onların 54,5 faizinin zorakılığa məruz qaldığı məlum olub.

Sosioloq Gülnar Nəzərova "Report"a bildirib ki, bu gün qadına qarşı zorakılıq inkişaf etmiş cəmiyyətlərdə də müşahidə olunur: "Ancaq həmin cəmiyyətlərdə qadınların hüquqlarını daha yaxşı bilmələri, gender bərabərliyinin daha üstün mövqe tutması, zərif cinsin nümayəndələrinin iqtisadi aktivliyinin yüksəkliyi onların zorakılıqla mübarizə aparmalarına və daha asanlıqla boşanmalarına imkan verir. Düzdür, hazırda Azərbaycanda da əvvəlki illərlə müqayisədə qadınların zorakılıqdan xilas olmaları üçün boşanma halları ilə rastlaşmaq mümkündür. Lakin məsələ burasındadır ki, boşandıqdan sonra da oxşar problemlər davam edir. Biz dəfələrlə boşanan qadınların öz həyat yoldaşları və qardaşları tərəfindən öldürülməsi faktları ilə qarşılaşırıq. Bunun da bir çox səbəbləri var. Əsas səbəb qadına müstəqil, kişilərlə bərabər hüquqları olan bir fərd kimi yanaşılmaması, kişilərin qadınlar üzərində nəzarəti ələ almasıdır. İnsanların məlumatlılıq səviyyəsinin artması, insan hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, gender bərabərliyinin təmin edilməsi istiqamətində tədbirlərin geniş yayılmasına baxmayaraq, hələ də qadınlar nəslin “qeyrətini” təmsil edir. Qadın davranışı, geyimi və şəxsi münasibətlərini sərbəst yaşadıqda “qeyrət mühafizəçiləri” sayılan qardaş, ata və ya keçmiş həyat yoldaşı bu “ləkə”ni təmizləmək qərarına gəlirlər. Bu qərardan sonra bir çox hallarda sübut, əsas olmadan, hətta şübhə ucbatından insanların həyatına son qoyulur. Hətta qadınların bəzən sadəcə boşanmaq istəklərini dilə gətirməsi onların öldürülməsinə səbəb olur və əsasən də qısqanclıq zəminində törədilən cinayətlərə aid edilir".

Onun sözlərinə görə, zorakılıqların geniş yayılmasının digər səbəbi də qanunda olan boşluqlardır: “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun 2010-cu ildə qəbul edilsə də, sənəddə nəzərdə tutulan mühafizə orderinin tətbiqi praktikada demək olar yoxdur. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkən şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Məişət zorakılığı ilə bağlı hərəkətləri törədən xəbərdarlığa əməl etmədikdə zərər çəkən şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Lakin bəzən mühafizə orderinin tətbiq edildiyi oxşar cəmiyyətlərdə qanunlar problemi tam olaraq həll etmir. Məsələn, Tükiyədə mütəmadi olaraq uzaqlaşdırma qərarı tətbiq edilməsinə baxmayaraq, qadınların həyat yoldaşları, qardaşları və ya ataları tərəfindən öldürülməsi faktları ilə qarşılaşırıq. Deməli, qanunun tətbiqi də problemi qismən həll edə bilir".

G.Nəzərova deyib ki, Azərbaycanda bəzi ənənələr qadına münasibətdə zorakılığı dəstəkləyir: "Bu cür ənənələr tərbiyə prosesində nəsildən nəsilə ötürülür. Ailədaxili zorakılıq, qadınlara münasibətdə ayrı-seçkilik görən oğlanlar gələcəkdə bunu öz ailələrində tətbiq edirlər. Zorakılıq mühitində tərbiyə alan qızlar ailə qurduqdan sonra qarşılaşdıqları münasibətin qanunauyğunluq olduğunu düşünərək bəzən ömür boyu dözürlər. Problemin tam həll olunması üçün cəmiyyətdə məsələyə münasibətin dəyişməsi vacibdir. Cəmiyyət insan haqlarına hörmətlə yanaşılmağa sövq edilməlidir. Bütün bunlar isə ailədən başlamalı, valideynlərin tərbiyəsi ilə aşılanmalıdır. Xüsusilə valideynlər oğlan övladlarını tərbiyə edərkən digərlərinin hüquqlarına hörmət etməyi aşılamalıdırlar".

Son xəbərlər

Orphus sistemi