Azərbaycanda sabitlik və təhlükəsizlik - xarici siyasətin əsas uğur amili - ŞƏRH

Azərbaycanda sabitlik və təhlükəsizlik - xarici siyasətin əsas uğur amili - ŞƏRH Xarici siyasət kursu, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayır
Analitika
10 Oktyabr , 2018 14:36
Azərbaycanda sabitlik və təhlükəsizlik - xarici siyasətin əsas uğur amili - ŞƏRH

Bakı. 10 oktyabr. REPORT.AZ/ Müasir dünyada dövlətlərin təhlükəsizliyinin təmin olunması yalnız öz sərhədləri ilə məhdudlaşmır. Azərbaycan da daxili və xarici siyasətini bu prinsip əsasında qurur. Beynəlxalq aləmdə baş verənlərə nəzər salsaq, görərik ki, ölkənin təhlükəsizliyi və sabitliyinə xarici amillər də təsir edir.

Dövlətin ərazisində xoşagəlməz halların qarşısının alınması üçün Azərbaycan separatçılığa, ekstermizmə, terrora qarşı mübarizə aparan ölkələr siyahısındadır. Hərbçilərinin sülhməramlı proqramlarda iştirak etməsi də bunu təsdiqləyir. Yeri gəlmişkən, ötən gün NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədi ilə Azərbaycan ordusunun bir qrup sülhməramlısı rotasiya qaydasında Əfqanıstana göndərilib.

Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Azərbaycan Cənub Qafqaz dövlətlərindən biri olmaqla yanaşı, həm də Yaxın və Orta Şəqrin, türk və İslam dünyasının bir hissəsidir. Odur ki, həmin bölgələrdə baş verən hadisələrə də laqeyd qalmır. Azərbaycan terrordan əziyyət çəkdiyindən, qaçqın və məcburi köçkün problemi yaşadığından Suriya, İraq, Yəmən və Afrikanın şimalında yaşanan bu kimi hallara münasibət bildirir, bu vəziyyəti yaradan halları pisləyir.

Yaxın və Orta Şərqdəki qarışıqlıq, oradakı terror fəaliyyətləri istənilən dövlətə sirayət edə bilər. Dünyanın belə bir qarışıq vəziyyətində ölkədə sabitliyi təmin etmək vacib məsələlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunaraq bildirib: “Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq”.

Azərbaycan bərabərhüquqluluq, maraqların qarşılıqlı təmini və beynəlxalq hüququn prinsipləri əsasında beynəlxalq münasibətlərin inkişafında da maraqlıdır. Bu baxımdan ölkədə bir sıra dünya miqyaslı və regional layihələrin iştirakçısı və təşəbbüsçüsüdür. Azərbaycan belə məsələlərlə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl edir.

Prezident İlham Əliyev hökumətin iclasında Azərbaycanın beynəlxalq əlaqələrinə də toxunub: “Deyə bilərəm ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar”.

Bu baxımdan bu ilin avqust-sentyabr ayları da rəsmi Bakı üçün məhsuldar olub. Belə ki, ötən iki ayda Almaniya kansleri Angela Merkel Cənubi Qafqaza səfəri çərçivəsində Bakıda olub, ikitərəfli və regional məsələləri müzakirə edib. İsralin müdafiə naziri Aviqdor Liberman Azərbaycana gəlib. Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunan tədbirdə iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Avstriyanın vitse-kanlseri Haynts-Kristian Ştraxe Bakıda bir sıra rəsmi görüşlər keçirib, energetika məsələsi ilə bağlı müzakirələr aparıb. NATO baş katibinin müavini Rouz Qottemüller və Atlantik alyansın Parlament Assambleyasının sədri Paolo Alli Azərbaycanda səfərdə olub, ölkə rəsmiləri ilə əməkdaşlıqdan, bölgədəki və dünyadakı problemlərdən danışıblar. Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Bakıya səfər edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliyada rəsmi səfərdə olub. Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edib.

Təəəsüf ki, dünyada qarışıqlığın çox hissəsi müsəlman dövlətlərinin payına düşür. Həmin ölkələrdəki problemlərin həllinə İslam Əməkdaşlıq Təşkilatı təsir göstərə bilmir. Bununla belə Azərbaycan İslam dünyasının həmrəyliyində maraqlıdır. Həmin istiqamətdə bir sıra addımlar da atılıb. Məsələn, Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam həmrəylik ili” elan etmişdi. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin paytaxşı elan edilməsi də Azərbaycanın İslam dünyasının həmrəyliyi istiqamətində atdığı addımların nəticəsi sayıla bilər.

Prezident bu sahədəki fəaliyyətlə bağlı deyib: “Azərbaycanda, İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi işində bizim fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk və etdirəcəyik”.

Bu ildə Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsində də Azərbaycan hökumətinin rolu yetərincədir. “Hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb”, - Prezident İlham Əliyev hökumətin toplantısında bildirib.

Azərbaycan üzvü olmadığı Avropa İttifaqı, NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlığı inkişaf etdirir. Dövlət başçısı bu təşkilatlarla münasibətlərdən də danışıb: “Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir”.

Prezident bildirib ki, NATO-nun zirvə toplantısının yekun sənədində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Prezident İlham Əliyev bu iki məsələdə ərazi bütövlüyünü vurğulamaqla həm də beynəlxalq ictimaiyyətə rəsmi Bakının mövqeyini açıqlamış olur. Başqa sözlə, işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılmasının vacibliyi bir daha vurğulanır. Dövlət başçısı bununla həm də nüfuzlu beynəlxalq təşkilatları qəbul etdikləri sənədlərə hörmət etməyə də çağırır. Azərbaycan beynəlxalq öhdəliklərini yerinə yetirdiyi halda belə təşkilatların üzərinə düşənlərə əməl etməmələri onların nüfuzuna, vasitəçiliyinə xələl gətirir.

Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi Azərbaycan hakimiyyətinin bütün toplantılarda bəhs etdiyi başlıca problemlərdəndir.

İşğal faktı bölgənin təhlükəsizliyinə, iqtisadi inşikafına, regiona sərmayə qoyuluşuna mənfi təsri edir. Bu hal beynəlxalq münasibətlərə ziyan vurur. İşğal altında olan Azərbaycan torpaqlarında müxtəlif ölkələrdə fəaliyyət göstərən terrorçu qruplaşmaların təlim keçdiyinə dair xeyli məlumat var. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılması həm də beynəlxalq təhlükəsizliyi təhdid edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək və beynəlxalq təhlükəsizliyi hədələyən bu münaqişəni aradan qaldırmaq üçün səylərini davam etdirir.

Prezident çıxışında münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyinin dəyişməz qaldığını bir daha diqqətə çatdırıb: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq”.

Bu, Ermənistanda hakimiyyət gələn yeni qüvvələrə işğal altında olan torpaqlardan çıxmaq üçün düşünmək və hazırlaşmaq üçün verilən möhlət də sayıla bilər. Çünki Azərbaycan ərazi bütövlüyünü hərb yolu ilə də həll etməyə qadirdir. Bu məsələ də Prezidentin çıxşında vurğulanıb: “Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”.

Dövlət başçısının hökumətin iclasındakı çıxışı deməyə əsas verir ki, xarici siyasət kursu, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında aparıcı rollardan birini oynayır. 

Son xəbərlər

Orphus sistemi