Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən İranla münasibətləri normallaşdırmaq istəyib. Ancaq təəssüflər olsun ki, qarşı tərəfdən buna adekvat reaksiya verilməyib, uyğun addım atılmayıb. Azərbaycan bütün bunları İranı müsəlman ölkəsi, yaxın qonşu, bir sözlə özünə doğma saydığı üçün edirdi. Hesab edilirdi ki, İran islam dövlətidir, əhalisi müsəlmandır və çoxu azərbaycanlıdır. Rəsmi Tehran iddia edirdi ki, dünyada bütün müsəlmanların dayağıdır. Bu kimi amillər qonşu müsəlman sayılan dövlətə inam yaratmışdı. Vəziyyət o yerə çatmışdı ki, Azərbaycan İranı Ermənistanla münaqişəli məsələlərdə vasitəçi olmasına razılıq vermişdi. Ancaq bu inamın, vasitəçiliyin ömrü uzun olmadı.
1992-ci ildə Şuşanın işğalı zamanı Tehran hakimiyyətinin nüfuzu və gücü məlum oldu. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İranın o vaxtkı prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzaladı. Hər üç ölkə prezidentinin imzaladığı sənəddə bir həftə ərzində Cənubi Qafqaz regionuna Rəfsəncaninin şəxsi nümayəndəsi Mahmud Vaezinin gəlməsi və aparılan danışıqlardan sonra atəşkəs rejiminin qüvvəyə minməsi, bütün kommunikasiyaların açılması və bütün tərəflərin iqtisadi ehtiyaclarının ödənilməsi nəzərdə tutulurdu. Ancaq həmin razılaşma imzalandıqdan bir gün sonra - mayın 8-də pozuldu. Qarabağdakı erməni qüvvələri havadarlarının yardımı ilə Şuşanı işğal etdilər. Bu da Tehranda əldə olunmuş razılaşmanın tamamilə qüvvədən düşməsinə səbəb oldu. Həmin hadisədən sonra İran hakimiyyəti Ermənistanı üzərinə götürdüyü öhdəliyə əməl etmədiyini nə qınadı, nə də ticarət əlaqəsini kəsdi. Əksinə, Şuşa işğal olunduqdan sonra İran işğalçı ölkəyə yardımı artırdı. Bunun nəticəsi idi ki, Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan “İranın yardımları olmasaydı, Ermənistan dövləti də mövcudluğunu itirərdi” deməklə İslam Repsublikasının yardımını və dəstəyini sonralar etiraf etdi.
İranın Şuşa məsələsində etdiyi xəyanətə baxmayaraq, Azərbaycan İran hakimiyyəti ilə əlaqələri inkişaf etdirmək xəttini yürüdürdü. Haşimi Rəfsəncani 1993-cü il oktyabrın 26-28-də Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev onunla görüşdə bildirmişdi: “Biz belə fikirdəyik ki, son dövrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan əlaqələrdə müəyyən soyuqluq yaradılmışdı. Bunların aradan götürülməsi üçün biz son vaxtlar, sizə məlumdur ki, lazımi tədbirlər görmüşük. Bundan sonra da bu tədbirləri görmək fikrindəyik”. Səfər zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında müqavilələr imzalanmışdı. Ancaq Rəfsəncani Bakıda səfərdə olan zaman Ermənistan qoşunları Azərbaycanın İranla həmsərhəd Zəngilan rayonunu işğal etdi.
1997-ci ilin dekabrında İslam Konfransı Təşkilatının Tehranda keçirilən dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün İrana səfər edən ulu öndər Heydər Əliyev İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei ilə görüşərkən bildirmişdi: “Azərbaycanlı qaçqınlara etdiyi humanitar yardıma görə İran İslam Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirməklə, eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında qeyri-konstruktiv mövqeyindən əl çəkməyən Ermənistana bir çox dövlətlərin siyasi və iqtisadi dəstək verməsindən təəssüfləndiyimi bildirirəm”. Onda ulu öndər İranın Ermənistana etdiyi yardımları sətiraltı olaraq İran liderinin diqqətinə çatırmışdı. Sonralar da Azərbaycan rəsmiləri müxtəlif səviyyələrdə keçirilən görüşlərdə İran rəhbərlərinin diqqətinə işğalçı Ermənistana yardım etməklə ədalətsizliyə yol verdiklərini çatdırıblar.
İşğalçıya Azərbaycan torpaqlarında qalması üçün lazım olan hər cür materiallar, yanacaqdan tutmuş sürtgü yağları, ərzaq və s. ötürülüb. Bu o deməkdir ki, Ermənistan tankları Azərbaycan torpaqlarında İranın yanacaqları ilə hərəkət edib, əsgəri İslam Respublikasından tədarük edilən ərzaqla qidalanıb. Təkcə onu demək kifayət edər ki, 44 günlük müharibədən əvvəl İrandan işğalçı ölkəyə benzin 35 drama (12 qəpik) ixrac edilib. 2018-ci ilin nəticələrinə əsasən, İslam Respublikası ilə Ermənistan arasında ümumi ticarət dövriyyəsi 364 milyon dollar təşkil edib. Bu, 1991-ci ildən bəri ən böyük rəqəm sayılır. 2020-ci ildə bu rəqəm 400 milyon dollara çatıb. Tərəflər bu rəqəmi bir milyard dollaradək artırmağı hədəfləyib. 2021-ci ilin ilk 6 ayında ölkələr arasında ticarət dövriyyəsi 224 milyon dollar təşkil edib. Bu, qeydiyyata alınan rəsmi rəqəmlərdir. Heç şübhəsiz, iki ölkə arasında qanunsuz və ya qeydiyyata alınmayan mallar da daşınır. Bunu İrandan Ermənistana qaçaqmal yolu ilə müxtəlif malların daşınması faktları da təsdiqləyir. Hətta gömrükdə İrandan gələn mallar o dərəcədə yoxlanılmır. Sürücülərə verilən yol vərəqələri necə gəldi tərtib edilir. Yol vərəqəsində “Armeni-Stepanakert” kimi yazılması faktı da bunu təsdiqləyir. Onu da qeyd edək ki, İranla Ermənistan sərhədinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları nəzarət edir.
Ermənilər və Ermənistan İranda da Azərbaycan əleyhinə çıxışlar edirlər. Rəsmi Tehran indiyədək bu tip çıxışlara etiraz etməyib, yaxud erməni vətəndaşlarını millətlər və dövlət arasında iğtişaş yaratdıqlarına görə cəzalandırmayıb. 2019-cu il fevralın 28-də İrana səfəri zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda “Ararat” klubunda erməni icması ilə görüşdə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın önündə selfi çəkdirmişdi. İran tərəfi buna görə Ermənistana etiraz notası belə vermədi.
Bəzi məlumatlara görə, İranla Ermənistanı cinayət əməlləri də birləşdirir. Britaniyalı müəllif, ekspert Harold Keyn “Narko Qarabağ” (“Narco Karabakh”) adlı kitabında da ermənilərin silah qaçaqmalçılığından bəhs edib. Kitabda Ermənistanın Rusiyadan silah almağa davam etməsi və “Moskvanın strateji peyki”nə çevrildiyi vurğulanıb. Müəllif bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə görə başqa ölkələrin Ermənistana silah satışına embarqo tətbiq etdiyi bir vaxtda Rusiya silah tədarüklərinə davam edib. Bu silahların bir qismi İran vasitəsilə Ermənistana ötürülüb. Bundan başqa, İran Ermənistanla silah qaçaqmalçılığında bir şəbəkədə fəaliyyət göstərib. “Silah alveri uzun müddət ərzində oralarda gəlirli biznesə çevrilmişdi. Yerli tacirlər arasında ad çıxaranlardan biri Jirayr Sefilyan ölkəyə silah gətirərək ən yüksək qiymətə satırdı. Yerevanda bir çox əcnəbi qrupların dileri kimi tanınırdı”, - yazan kitab müəllifi həmin silah alveri şəbəkəsinin daha bir tanınmış siması olan qondarma Dağlıq Qarabağ rejiminin nümayəndəsi Samvel Babayanın Gürcüstan üzərindən İrana və başqa ölkələrə tədarük yolunu açdığını göstərib. Deməli, İran tərəfi bu şəbəkədə dilerlərdən olub. İranın qanunsuz yolla əldə etdiyi bu silahların İraqa, Yəmənə və başqa yerlərə göndərildiyi bildirilib.
Ötən 30 ildə İran Ermənistanla birlikdə Azərbaycan torpaqlarının talan olunmasında iştirak edib. Təəssüf ki, Ağdamda və xarabazara çevrilən Azərbaycanın başqa şəhərlərində məscid və dini yerlərin dağıdılmasına etiraz etməyib. İran Şuşada Yuxarı Gövhər ağa məscidinin bərpasında iştirak edib. Onu da məqsədli şəkildə Azərbaycanın mədəni-dini tarixi abidəsi sayılan bu məscidi İran fars mədəniyyətinin incisi kimi təqdim edərək bərpa işləri zaman təhriflərə yol verib. İşğal dövründə Ermənistanla İran arasında geniş miqyasda iqtisadi əlaqələri, birgə iqtisadi layihələri olub. İranla Ermənistan arasında uzunluğu 140 kilometr olan qaz kəməri çəkilib. Boru xəttinin tikintisinə 2006-cı il dekabrın 20-də başlayıblar. Onun açılışı 2007-ci il martın 19-da reallaşıb.
İran rəsmiləri həmişə Ermənistan rəsmilərini yüksək nəzakət və təriflərlə qarşılayıb. Çox böyük diqqət yetiriblər. Məsələn, oktyabrın 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfəri zaman iranlı həmkarı Hüseyn Əmirabdullahianla görüşüb. İranlı nazir bildirib ki, Ermənistanla İran münasibətlərinin ziyan görməsinə heç vaxt imkan verməyəcəklər.
İran hakimiyyəti Azərbaycana qarşı daha çox istifadə etdiklərindən biri də Ərdəbilin imamcüməsi, ayətullah Seyid Əli Xaməneinin nümayəndəsi Seyid Həsən Amilidir. Onun kimliyi, elmi, inancı və başqa keyfiyyətləri hər kəsə məlumdur. Azərbaycana qarşı hədyan çıxışlar edib, “araq içənlər torpaqları heç vaxt azad edə bilməyəcəklər” deyən bu “molla”, sonra yalan danışaraq 44 günlük müharibə ilə bağlı Xaməneinin fətva verdiyini belə utanmadan dilə gətirdi. Bu kimi çıxış və davranışları ilə Amili Rusiyanın Jirinovskisinə oxşayır.
Beləliklə, 30 il müddətində İran hakimiyyəti Azərbaycana qarşı etdiyi çoxsaylı pis əməlləri ilə etibarını itirib. Hadisələr göstərir ki, rəsmi Tehranın daxili siyasətdə olduğu qədər, xarici siyasət kursunda, xüsusilə qonşularla münasibətdə islahata ehtiyacı var. Əslində, İran hakimiyyəti bu prosesə gecikir, bir az da ləngisə, çox gec olacaq...