Yuxarı

Azərbaycanda elektron ticarətin inkişafı nələrdən asılıdır? - ARAŞDIRMA

Azərbaycanda elektron ticarətin inkişafı nələrdən asılıdır? - ARAŞDIRM

Elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Bu fəaliyyət növünə əsasən internet mühitində insanlar müəyyən sistemlərlə ərzaqdan tutmuş avtomobilə qədər müxtəlif növ məhsulları pul qarşılığında satın alırlar. Elektron ticarətin inkişafının əsasında müasir və əlçatan internet infrastrukturu, inkişaf etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə dayanır. Dünyanın bir çox ölkəsində tətbiq edilən bu alqı-satqı əməliyyatı ilə istehlakçı evindən, iş yerindən və ya hər hansı digər bir məkandan internetə qoşularaq zaman və məkan fərqi olmadan alış-veriş edə bilər.

Mütəxəssislərin fikrincə, hazırda dünyada elektron ticarətin həcminə görə ABŞ, Çin, İngiltərə, Yaponiya, Almaniya kimi ölkələr ön sıralarda gedirlər.

Son dövrlər Azərbaycanda da elektron ticarətə insanlar arasında marağın artması nəzərə çarpır. Bunun təsdiqi olaraq qeyd edə bilərik ki, 2019-cu ilin ilk 9 ayı ərzində Azərbaycanda elektron ticarətin həcmi 91% artaraq 2,2 milyard manat təşkil edib. Bununla belə Azərbaycanda son illər elektron ticarətin təşviqi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsinə baxamayaraq, hələ də ənənəvi ticarət növünə üstünlük verən insanların sayı ilə elektron ticarətə üz tutanların sayında kəskin fərq olduğu danılmazdır. Əhalinin bir qismi elektron ticarətə üstünlük verir ki, onların da əksəriyyəti alış-veriş edərkən, əsasən, yerli deyil, tanınmış xarici elektron ticarət platformalarından sifarişlər verirlər. Bundan dolayı, son dövrlər ölkədə daxili bazarın inkişaf etdirilməsi məqsədilə elektron ticarətlə məşğul olanların ƏDV-dən azad edilməsi ilə bağlı müzakirələr aparılır.

“Report” Azərbaycanda elektron ticarətin hazırkı inkişaf səviyyəsi, bu sahədə mövcud olan problemlər və çatışmayan tərəflər, atılmalı olan addımlarla bağlı araşdırma aparıb.

Günay Hüseynova

İqtisadçı ekspert Günay Hüseynova:

"Bu ticarət növünün sahibkarlar üçün də üstün cəhətləri var". 

İqtisadçı ekspert Günay Hüseynova "Report"a verdiyi açıqlamada insanların rahatlığı və iqtisadi rentabellik baxımından elektron ticarətin üstünlüklərindən danışıb: “Müasir dövrdə elektron ticarət həyatımızın ayrılmaz bir hissəsinə çevrilməkdədir. Uzun məsafədən qısa zaman xərcləyərək alış-veriş etmək üçün elektron ticarət oldquca əlverişlidir. Digər tərəfdən, bu ticarət növünün sahibkarlar üçün də üstün cəhətləri var. Belə ki, ənənəvi ticarətlə məşğul olan sahibkar məcbur olub müəyyən məbləğdə obyekt icarəyə götürməli, orada maaşlı işçilər saxlamalı və digər xərcləri qarşılamalıdır. Elektron ticarətdə isə bu xərclərin bir çoxu ortadan qalxır. Eyni zamanda elektron ticarətin inkişafı kuryer və logistika şirkətlərinin də fəaliyyət arealını genişləndirir. Həmçinin yeni cari hesabların açılması baxımından bank sektoru üçün də elektron ticarət mühüm önəm kəsb edir. Elektron ticarətin inkişafı həm də yeni iş yerlərinin yaradılması, dövlət gəlirlərinin stimullaşdırılması və yerli məhsulların xarici onlayn satış platformalarına çıxarılması vasitəsilə ölkənin tanıdılması deməkdir.

Bu sahədə inkişaf təkcə sahibkarların sayəsində deyil, həm də dövlət dəstəyi ilə mümkündür. Xüsusilə Azərbaycan məhsullarının xarici ölkələrdə internet platfromaları ilə satışa çıxarılması üçün dövlət dəstəyi vacibdir. Onu da xatırladım ki, ticarətin bu növü ilə məşğul olan sahibkar Vergilər Nazirliyi və Ədliyyə Nazirliyində qedyiyyatdan keçməli və yaranmış müəyyən problemlərə görə hüquqi məsuliyyət daşımalıdır”.

"Azexport" portalının rəhbəri Zaur Qardaşovun “Report”a bildirdiyinə əsasən, ilkin hesablamalara görə, Azərbaycanda elektron ticarət ümumi ticarət dövriyyəsinin 5%-ni təşkil edir:

Zaur Qardaşov

"Azexport" portalının rəhbəri Zaur Qardaşov:

“Hazırda xarici online mağazalardan sifarişlər ümumi elektron ticarətin 85-90% təşkil edir".

“Burada qida və gündəlik tələbat mallarını istisna etsək (FMCG), bu rəqəm hazırda 10% yaxınlaşır. 4-5 il bundan əvvəl bu rəqəm cəmi 3-4% təşkil edirdi. Hazırda xarici online mağazalardan sifarişlər ümumi elektron ticarətin 85-90% təşkil edir. Sifariş edilən malların mənşəyi 80-dən artıq ölkə olsa da, sifarişlər, əsasən, 5 ölkə tərəfindən icra edilir. Bunlar ABŞ, ÇİN, Türkiyə, Böyük Britaniya, Almaniya və BƏƏ-dir. Bu da həmin ölkələrdə transsərhəd ticarətin daha səmərəli təşkilinə dəlalət edir. Artıq bir neçə ildir ki, xarici online mağazalardan sifarişlərin illik artım tempi 20%-ə bərabərdir. Bu trend bütün ölkələrdə davam edir. “Altus Group”un illik hesabatına görə, təkcə Böyük Britaniyada elektron ticarətin sürətli inkişafı 2019-cu ildə 23 mindən artıq mağazanın bağlanmasına səbəb olacaq, ABŞ-da bu rəqəm 175 minə bərabər olacaq. Azərbaycanda son bir neçə ildə, təxminən, hər il 80-100 mağaza bağlanır ki, bunun da əsl səbəbi iqtisadi tənəzzül yox, məhz sürətlə artan elektron ticarətin həcmidir. Növbəti illərdə dövlətin qarşısında duran məqsədlərdən biri bu prosesin qarşısını almaq yox, əksinə, elektron ticarətə üstünlük vermək və boşalan ticarət sahələrinə başqa istiqamət və təyinat tapmaqdan ibarət olmalıdır. Bu sahədə gələcək illərdə inkişafı təmin etmək üçün Azərbaycanda elektron ticarətin inkişafı, o cümlədən ölkənin regional elektron ticarət qovşağına çevrilməsi ilə bağlı strateji planın hazırlanması zəruridir”.

Azərbaycanda elektron ticarətlə məşğul olan fiziki şəxslərdən biri hesab edir ki, ölkədə ödəniş sistemlərinin imkanlarını genişləndirmək lazımdır ki, onlar onlayn maqazin yaratmaq üçün istifadə olunan beynəlxalq platformalara inteqrasiya oluna bilsinlər. Belə məhdudiyyətlərin olması nəticəsində hal-hazırda ölkədə elektron ticarətlə məşğul olan şəxslərin əksəriyyəti “2checkout” ödəniş sistemində qeydiyyatdan keçirlər: "Ödənişləri qəbul etmək üçün “Paypal” sistemindən qeydiyyatdan keçmək sahibkarlar üçün bir o qədər sərfəli deyil. Belə ki, “Paypal”dan ABŞ-da qeydiyyatdan keçən şəxslər bu şirkətə hər əməliyyata görə “2,9% + 30 sent”, digər ölkələrdə qeydiyyatdan keçənlər isə daha böyük tariflərlə üzləşirlər. Məsələn, Gürcustan üçün bu tarif “5,4% + 30 sent”, Rusiya üçün isə "3,9%+30 sent"  təşkil edir. “2checkout” ödəniş sistemində isə ABŞ-da qeydiyyatdan keçən şəxslərdən hər əməliyyata görə "2,9% + 30 sent", digər ölkələrdə qeydiyyatdan keçənlərdən isə "4,4% + 30 sent" ödəniş tələb olunur.

Amma qeydiyyat məsələsinə görə “Paypal” sistemi hamısından rahatdır, FATCA-nın (bu 2014-cü ildən Azərbaycanda tətbiq olunan xarici hesablar üzrə vergi əməl etməsi aktıdır) məlumatlarını təqdim etməklə kifayətlənmək olar. Başqa sistemlərə gəldikdə isə sorğu göndərilməli, danışıqlar aparılmalı və sair. Bununla yanaşı, “Paypal”da mühafizə şərtləri yüksək olduğuna görə istehlakçılar daha çox bu sistemə inanır. Belə ki, o, nəzarət edir ki, dələduzlardan mövcud olmayan mallar alınmasın, bu baş verdiyi halda tez bir zamanda akkauntu bloklamaq hesabına, köçürülən vəsait alıcıya qaytarılır". 

Onlayn maqazin yaratmaq üçün isə şirkətin peşəkar proqramçıları olmadığı halda, müxtəlif platformalardan istifadə etmək mümkündür. Bunlardan "Shopify", "Woocommerce", "Prestashop", "Bigcommerce", "Magento" kimi platformaları misal göstərmək olar. "Magento" platformasından istifadə etmək üçün ildə 25 min dollar ödəniş etmək tələb olunur. Bu daha çox iri elektron mağazalar üçün nəzərdə tutulmuş bir platformadır. "Shopify" platformasında ayda 30 dollar ödəniş tələb olunur. “Shopify”ın özünün “Stripe” adlanan ödəniş sistemi var. Həmin ödəniş sistemindən istifadə edərkən hər əməliyyata görə “2,9% + 30 sent” şəklində ödəmə tutulur. Bundan əlavə bu platforma vasitəsilə “Paypal” və “2checkout” ödəniş sistemlərindən də istifadə etmək olur. Bu ödəniş sistemlərindən istifadə etdikdə hər əməliyyatdan əlavə olaraq 2% da xərc tutulur. Sadaladığımız platformaların içində ən sərfəlisi “Woocommerce” platformasıdır”. Bu platformadan istifadə edərkən yalnız hostinqin alınması kifayət edər. Bununla da saytı quraşdırıb onlayn ticarətə başlamaq olar.  

Elektron ticarət üzrə ekspert Rəşad Camal isə Azərbaycanda bu sahədə olan çatışmazlıqlardan danışıb:

 Rəşad Camal

Elektron ticarət üzrə ekspert Rəşad Camal:

“Elektron ticarətçilər ənənəvi bazarın nümayəndələri ilə rəqabət apara bilmir".

“İldən-ilə Azərbaycanda elektron ticarətin inkişafı sürətlənsə də, biz bu sahədə hələ ki, qonşu Rusiya, Türkiyə və Gürcüstandan geri qalırıq. Düşünürəm ki, ölkəmizdə elektron ticarətin inkişafına dəstək olaraq dövlət bu sahədə ƏDV-ni ən azı 5-6 il müddətinə ləğv etməli və ya ƏDV-yə cəlb edilməyə görə dövriyyə limitini artırmalıdır. Hazırda bu limit 200 min manatdır. Elektron ticarətlə məşğul olanlar üçün bu göstərici 500 min və ya 1 milyon manata qədər artırılmalıdır. İkinci növbədə elektron ticarətlə bağlı bəzi gömrük güzəştləri edilməlidir. Bəzi ənənəvi ticarətçilər bunu iqtisadi ayrıseçkilik hesab edirlər. Lakin bu belə deyil. Məsələn, regionlarda kiçik sahibkarlığı inkişaf etdirmək məqsədilə oradakı kiçik biznes və ya təsərrüfat sahiblərinə şəhərdəki kiçik sahibkarlardan daha çox güzəşt edilir. Bu tip yanaşmalar elektron ticarət üçün də tətbiq edilməlidir. Çünki ənənəvi ticarətin uzun tarixi inkişaf yolu var. Elektron ticarət isə ölkəmizdə yeni yayılmağa başlayıb. Elektron ticarətçilər ənənəvi bazarın nümayəndələri ilə rəqabət apara bilmir. Çünki ənənəvi ticarətçilərin dövriyyələri çox və reklam kampaniyaları güclüdür. Ona görə də buna dövlətin xüsusi dəstəyi olmalıdır. Digər tərəfdən banklar elektron ticarətlə məşğul olmaq istəyən sahibkarlara daha aşağı faizlə kreditlər verməli, onlara müəyyən güzəştlər etməlidir. Bir çox ölkələrdə elektron ticarətlə məşğul olanlara vergi güzəştləri tətbiq edilir. Hazırda bizdə də elektron ticarətin ƏDV-dən azad edilməsi ilə bağlı müzakirələr gedir.

Elektron ticarətin zəif inkişaf etməsinin səbəblərindən biri də ölkəmizdə məşhur beynəlxalq investisiya qurumlarının olmamasıdır. Əgər bu qurumlar olsa idi, elektron ticarətçilər onlardan aldıqları investisiya hesabına öz fəaliyyətlərin təşkil edə bilərdilər. Digər tərəfdən Azərbaycanda elektron ticarətlə bağlı logistika fəaliyyəti də qənaətbəxş deyil. Bizdə Gürcüstan, Rusiya və Türkiyədə olduğu kimi peşəkar logistika şirkətləri yoxdur. Lakin son dövrlər bu sahədə müəyyən canlanma yarandığını müşahidə edirik.

Bir məsələni də qeyd edim ki, Azərbaycandakı elektron ticarət firmaları pulun təhlükəsizliyi baxımından daha əlverişlidir. Məsələn, Türkiyədə əgər aldığınız malı geri qaytarsanız pulunuzu sizə bir neçə həftə ərzində verirlər. Azərbaycandakı şirkətlər isə bir neçə gün ərzində pulunuzu geri qaytarırlar”.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də elektron ticarətdə vergi güzəştlərinin tətbiqi məsələsini ön plana çəkib“Son dövrlərdə ölkədə "Azexport" portalı vasitəsilə elektron ticarət sahəsində bir sıra işlər görüldü. Bunlara misal olaraq xarici bazarlara məhsul çıxartmaq istəyən sahibkarlara rəqəmsal həllərin verilməsini, o həllərlə bağlı təlimlərin keçilməsini göstərmək olar. Lakin bütövlükdə Azərbaycanda elektron ticarətlə bağlı problemlər mövcuddur. Bu problemlərdən biri logistika ilə bağlıdır. Vətəndaş sifariş etdiyi məhsulu götürmək üçün məcbur olub Poçt Daşıma Mərkəzlərinə gedir. Xüsusən, regionlarda məhsulun vətəndaşa çatdırılmasında problemlər var.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz

"Vətəndaşların şəxsi məqsədlər üçün elektron formada alış-veriş aparmasında bir qədər liberal yanaşma olmalıdır".

Vətəndaşların şəxsi məqsədlər üçün elektron formada alış-veriş aparmasında bir qədər liberal yanaşma olmalıdır. Çatdırılma şirkətlərinin fəaliyyəti yaxşılaşdırılmalıdır. Digər tərəfdən elektron alış-veriş edən vətəndaşların aldadılması hallarına da rast gəlinir. Ümumiyyətlə bizdə rəqəmsal mühitdə istehlakçıların hüquqlarının qorunması ilə bağlı ciddi problemlər var. Bunları həll etməklə yanaşı ənənəvi ticarətlə məşğul olan sahibkarın elektron sferaya keçməsini təşviq etmək lazımdır. Bunun üçün ona müəyyən vergi güzəştləri edilməlidir. Bir daha qeyd edirəm ki, elektron ticarətlə bağlı qanunvericilik xeyli liberallaşdırılmalı, müəyyən vergi güzəştləri edilməli, sahibkarları elektron ticarət aparmaq üçün stimullaşdıran addımlar atılmalı, bu sahədə müxtəlif maarifləndirici tədbirlər həyata keçirilməlidir. Azərbaycanda ödəniş sistemləri ilə bağlı qanun layihəsinin qəbul edilməməsi də elektron ticarətin inkişafını ləngidən amillər sırasındadır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi