Azərbaycanda dövlət kommunikasiyasının inkişaf tendensiyası - TƏHLİL

Azərbaycanda dövlət kommunikasiyasının inkişaf tendensiyası - TƏHLİL ​Azərbaycanda dövlət kommunikasiyasının inkişaf tendensiyası
Analitika
3 İyun , 2020 11:49
Azərbaycanda dövlət kommunikasiyasının inkişaf tendensiyası - TƏHLİL

Dövlət kommunikasiyasının əhəmiyyəti

Son vaxtlar ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində aparılan ardıcıl struktur və kadr islahatları fonunda dövlət kommunikasiyasının dövrün tələblərinə uyğun səviyyədə təşkili və genişləndirilməsi məsələsi mühüm vəzifələrdən biri kimi önə çıxmağa başlamışdır. Bu isə heç də təsadüfi deyil. Çünki, aparılan siyasi islahatların və yenilənmələrin cəmiyyət tərəfindən nə dərəcədə düzgün başa düşüldüyünü, iqtidarın əhaliyə ötürdüyü siqnalları nə qədər keyfiyyətlə qəbul edildiyini anlamaq, həmçinin dəyişikliklərin məhz vətəndaşları narahat edən istiqamətlər üzrə davam etməsinə nail olmaq üçün keyfiyyətli kommunikasiyanın mövcudluğu ən birinci şərtdir. Müasir idarəçilik nəzəriyyələrindən də məlum olduğu kimi dövlət kommunikasiyasının əsas məqsədi vətəndaşları hakimiyyətin həyata keçirdiyi siyasətin hədəfləri və faydası haqqında vaxtında və anlaşıqlı bir üslubda məlumatlandırmaqdan, həmçinin qəbul edilmiş siyasi və iqtisadi qərarları əsaslandırmaqdan ibarətdir. Dövlət kommunikasiyasının effektivliyi isə onu ikitərəfli formatının təmin edilməsindən asılıdır. Yəni, bu prosesdə dövlət ictimaiyyətlə ünsiyyət qurmaqla bərabər, həm də vətəndaşların mövqeyini dinləməyi və ictimai rəyə dair təhlillər apararaq həssas nöqtələri müəyyən etməyi bacarmalıdır.

Dövlət kommunikasiyası səmərəli dövlət idarəçiliyi sisteminin qurulmasına verdiyi mühüm töhfələrdən biri də dövlət-cəmiyyət ünsiyyətindəki kanalların etibarlılığının və təhlükəsizliyinin təmin edilməsilə bağlıdır. Daha dəqiq desək, əgər dövlət öz vətəndaşları ilə davamlı kommunikasiyanın həyata keçirilməsinə zəruri diqqət ayırmasa zamanla bu münasibətlər üçüncü qüvvələrin ixtiyarına keçə bilər. Müasir dövrdə bir sıra ölkələrin təcrübəsi göstərir ki, vətəndaş dövlət orqanları ilə təmas qurmağa çətinlik çəkdiyi zaman ictimaiyyət arasında meydana çıxan narazılıq dalğası bir müddət sonra ölkədə gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr üçün iqtidara qarşı təzyiq vasitəsinə çevrilir. Yəni, ictimaiyyətlə əlaqələr işinin müasir səviyyəyə uyğunlaşdırılması və internetdən istifadə edən hədəf auditoriyanın informasiya ehtiyacının ödənməsi, ölkənin daxili və xarici imicinin kənar müdaxilələrdən qorunması baxımdan da önəmlidir. Xəbər portalları, internet televiziyalar və sosial media vasitəsilə məlumat əldəetmə prosesinin 10 il öncə ilə müqayisədə daha əlçatan olması və bu proseslərin daha da sürətli baş verməsi dövlətin çevik, həssas, multi-faktorlu, hazırkı sosial reallığı nəzərə alan daxili və xarici kommunikasiya metodlarının tətbiqinə ehtiyac yaradır. Bu zaman daxili və xarici kommunikasiya metodları vahid bir strategiya olaraq bir-birini tamamlamalı və möhkəmləndirməlidir.

Bəs müasir dövrdə uğurlu dövlət kommunikasiyasını təmin edən amillər hansılardır? Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin kommunikasiya strategiyalarını təhlil etdikdə görürük ki, uğurlu kommunikasiyanı təmin edən amillərin içərisində operativlik və anlaşıqlı ünsiyyət üslubu öndə gəlir. Yəni, dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlar və atılan addımlar müvafiq dövlət strukturları vasitəsilə əhalinin böyük əksəriyyətinin başa düşəcəyi və qəbul edəcəyi formatda cəmiyyətə çatdırılmalı və izah edilməlidir. Anlaşılmaz və uzun-uzadı cümlələrlə, qəliz ifadələrlə təqdim edilən məlumat hər nə qədər vacib olursa olsun çox az insanın diqqətini cəlb edə bilir. Bu, insan psixologiyasından və müasir yaşayış tərzindən qaynaqlanan həqiqətdir. Sözügedən reallıq mütləq şəkildə nəzərə alınmalıdır. Cəmiyyətin böyük əksəriyyətinin psixologiyasını, düşüncə tərzini və davranışını nəzərə almadan onunla uğurlu ünsiyyət qurmaq mümkün deyil.

 

Uğurlu dövlət kommunikasiyasının növbəti vacib şərtlərindən biri isə müasir texnologiyaların imkanlarından lazımi yerdə və lazımi səviyyədə bəhrələnmək bacarığıdır. Yəni, məlumat və siqnallar ötürülərkən dövlət strukturları ənənəvi KİV-lərlə yanaşı, əhalinin böyük əksəriyyətinin fəal istifadə etdiyi internet və sosial şəbəkələrin imkanlarından da geniş şəkildə faydalanmağa çalışmalıdır. Müasir dövlət kommunikasiyası yerli əhalinin internetə çıxışını və sosial media aktivliyini nəzərə alaraq dövlət siyasətini və prioritetlərini yeni media və innovativ alətlərdən, rəqəmsal texnologiyalardan peşəkar səviyyədə istifadə etməklə ictimaiyyətin diqqətinə çatdırmağı tələb edir. Bununla bərabər ənənəvi media formatından fərqli olaraq, sosial media platformalarında infoqrafik və videoqrafik paylaşımlar vasitəsilə asan başa düşülən və qavranılan tərzdə günün əsas mövzularını əhalinin diqqətinə çatdırmalıdır. Kommunikasiya zamanı kütləvi smslərdən tutmuş, ən çox istifadə olunan mobil tətbiqlərdə və internet səhifələrdə reklamlar da daxil olmaqla, lazımı mesajin daha böyük kütləyə çatdırılması üçün mümkün olan bütün kanallardan istifadə olunmalıdır.

Uğurlu dövlət kommunikasiyasının əsas şərtlərindən biri də açıqlıq, əlçatanlılıq və etibarlılıqdır. Dövlət strukturlarının informasiya açıqlığının və vətəndaşların informasiya əldə etmək imkanlarının artırılması ictimai nəzarətin gücləndirilməsi baxımdan önəmli məqamdır. Vətəndaş cəmiyyəti institutlarının və araşdırma mərkəzlərinin tədqiqat imkanlarının da genişləndirilməsi məqsədilə məlumat əlçatımlılığı təmin edilməlidir.

Son illərdə Azərbaycanda dövlət kommunikasiyasının keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş və dövlət-vətəndaş ünsiyyəti daha asanlaşmış, dövlət məmurlarının və strukturlarının əlçatanlığı artmışdır. Dövlət institutunun daha cavadeh və çevik olması, sosial şəbəkələrdə və mediada müzakirəyə səbəb olan hər bir kiçik məsələyə reaksiya verməsi əhalidə dövlət kommunikasiyasının təşkili baxımından müsbət rəy formalaşdırır. Məsələn bu ilin may ayında şəxsi torpaqları Biləsuvar rayonunun həbs olunan keçmiş icra başçısı tərəfindən mənimsənilən ailənin mediada yayımlanan açıq müraciətinin Prezident İlham Əliyev tərəfindən dərhal nəzarətə götürülməsi və məsələnin araşdırılaraq həll olunması yüzlərlə bu cür nümunələrdən biridir. Və yaxud, 2019-cu ildə Bakının Süleyman Rüstəm küçəsində yerləşən tarixi binanın sökülmək təhlükəsi qarşısında qaldığı zaman sosial mediada yaranan etirazlara dərhal cavab olaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi bina ətrafında yaranan qalmaqala rəsmi “instragram” səhifəsi üzərindən reaksiya verərək məsələnin müsbət həllinə yardım göstərmişdir.

Dövlət kommunikasiyasında televiziya və radionun rolu

Dövlət kommunikasiyasının düzgün qurulmasında həm kütləlivik, həm də vizuallıq baxımından televiziya və radionun rolu danılmazdır. Artıq 2015-ci ildən Azərbaycanda Dövlət xidmətləri sahəsində ixtisaslaşan “ASAN radio” fəaliyyət göstərir. “ASAN Radio” davamlı olaraq müxtəlif dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə canlı yayımlar edərək əhalinin birbaşa olaraq yüksək vəzifəli dövlət məmurları ilə birbaşa ünsiyyətdə olmasına şərait yaradır, əhalini narahat edən suallara cavab tapmasında kömək olur. Radio gün ərzində müxtəlif sahələri əhatə edən dövlət siyasəti, dövlət proqramları və dövlət xidmətləri haqqında əhaliyə dolğun məlumat çatdırır.

Bununla bərabər, Azərbaycanda artıq iki ixtisaslaşmış xəbər kanalı “ARB24” və “REAL” televiziya kanalı fəaliyyət göstərir ki, hər iki kanal gün ərzində televiziya və sosial media vasitəsilə canlı yayımlar edərək ölkə daxilində baş verən dövlət əhəmiyyətli tədbirləri, dövlət strukturları rəhbərlərinin mətbuat konfranslarını və s əlamətdar hadisələri dərhal yerli əhalinin diqqətinə çatdırır. Habelə, davamlı olaraq günün trend mövzusuna uyğun aidiyyatı dövlət qurumlarının nümayəndələrindən müsahibələr almaqla əhalini narahat edən məsələlərə aydınlıq gətirir.

Bu prosesdə yenilənən Azərbaycan Dövlət Televiziyasının və radiosunun, o cümlədən İctimai TV-nin və radionun rolu nəzərəçarpan dərəcədə artmaqdadır. AzTV-nin gündəlik olaraq rəsmi xronikanı ışıqlandırmaqla bərabər, ölkə başçısından aldığı xüsusi müsahibələr, gündəlik olaraq Xəbərlər, Region və İqtisadiyyat xəbərləri, Hədəf, Həftə proqramları vasitəsilə dövlət instutunun fəaliyyəti haqqında əhalini geniş şəkildə maarifləndirir. İctimai televiziyanın efirində yayımlanan 3D, Sabaha saxlamayaq, Növbədəkilər, Diqqət Mərkəzi, Radius və Biznes Azərbaycan verilişləri birbaşa olaraq dövlət kommunikasiya prosesinin inkişafına xidmət edir.

Prezident İlham Əliyevin yerli və xarici televiziya kanallarına davamlı müsahibələri fonunda 2019-cu ilin sonunda 4 yerli telekanalı təmsil edən jurnalistlərin suallarını cavablandırması ölkədə yeni dövlət kommunikasiya tendensiyalarını nümayiş etdirdi və daha dolğun informasiyanın cəmiyyətə çatdırılması sahəsində çox ciddi irəliləyiş idi.

Son illər informasiya agentlikləri, internet xəbər portalları və internet televiziyaları yeni media alətlərindən istifadə edərək dövlət strukturlarının fəaliyyətinin ışıqlandırılmaqla və cəmiyyəti maraqlandıran aktual məsələrə aydınlıq gətirməklə dövlət-cəmiyyət ünsiyyət prosesində vacib rol oynayır. Bununla bərabər, ayrı ayrı dövlət strukturlarının real hadisələr əsasında hazırladığı sosial reklam çarxları da dövlət institutunun təbliğatı, vətəndaşların məlumatlandırma və maarifləndirmə işinin gücləndirilməsi baxımdan uğurlu kommunikasiya metodlarıdır.

Rəqəmsal dövlət kommunikasiyası

Rəqəmsal dövlət kommunikasiyası dedikdə ilk növbədə internet üzərindən veb səhifələr, mobil tətbiqetmələr və sosial media vasitəsilə qurulan ünsiyyət başa düşülür. Onu qeyd etməliyik ki, Prezident İlham Əliyevin uzun illərdir sosial mediada rəsmi səhifələri mövcuddur və bu səhifələr məzmun baxımından ildən ilə daha da yenilənir. Statistik göstəricilərinə görə ölkə başçısının Facebook, Twitter, Youtube və Instagram rəsmi sosial media səhifələri izləyici sayına görə MDB ölkələrinin liderləri arasında ilk sıralardadır. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial media səhifələri vasitəsilə davamlı olaraq xalqa müraciətləri yayımlanır və maraqlı paylaşımlar edilir. Bununla bərabər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müasir tələblərə cavab verən və daim yenilənən rəsmi internet saytları vasitəsilə internet istifadəçiləri öz təklif, ərizə və şikayət məktublarını göndərə bilərlər.

Son illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti də yenilənən rəsmi saytı və “twitter” səhifəsi vasitəsilə Nazirlər Kabinetinin və Baş Nazirinin gündəlik fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırır. 2020-ci il Parlament seçkilərindən sonra yenilənən Milli Məclisin və bir çox millət vəkillərinin sosial şəbəkələr və media vasitəsilə Milli Məclis iclaslarında müzakirə olunan qanun layihələri və qaldırılan məsələrlə bağlı ictimaiyyəti məlumatlandırmaları, davamlı olaraq vətəndaşlarla ünsiyyəti dövlət kommunikasiyası prosesinin tərkib hissəsi olmaqla bərabər vətəndaşların qanunverici orqana etimadını və inamını artırmaqdadır.

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ayrı-ayrı dövlət komitələri, agentlikləri və xidmətlərinin sosial media səhifələrinin və bir sıra nazir və rəhbər şəxslərin rəsmi sosial media səhifələrinin fəaliyyət göstərməsi əhalinin dövlət strukturlarının fəaliyyəti haqqında məlumatlandırılması dövlət kommunikasiyasının yeni istiqamətdə inkişafının göstəricisidir. Xüsusilə qeyd etmək lazımdır ki, artıq bəzi dövlət strukturlarının rəhbərləri davamlı olaraq sosial media üzərindən onlayn mətbuat konfransları vasitəsilə həm rəhbərlik etdikləri strukturun fəaliyyətinə, həm də vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirirlər. Son zamanlar bir sıra nazirliklərin və dövlət agentliklərinin rəsmi “telegram” kanallarının açılması, həyata keçirilən yeniliklər haqqında vətəndaşları dərhal məlumatlandırmaq üçün səmərəli metoddur. Bununla bərabər, ayrı ayrı dövlət strukturlarının mətbuat katiblərinin və ya ictimaiyyətlə əlaqələr üzrə cavabdeh şəxslərin sosial mediada şəxsi hesablarının mövcudluğu nəticəsində sosial mediada müzakirə olunan məsələlərə çevik reaksiyası vətəndaşlarla kommunikasiya prosesini daha da asanlaşdırır və əlçatanlığı artırır. Bütün yuxarıda qeyd olunan məsələlər sosial mediada dövlət strukturlarının yerli əhali ilə kommunikasiyasının artan tempini nümayiş etdirir. Buna baxmayaraq rəqəmsal dövlət kommunikasiyasının daha da inkişafına, ən son yeniliklərin tətbiq olunaraq təkmilləşdirilməsinə ehtiyac var.

Xarici təcrübənin öyrənilməsi və tətbiqi:

Dünyanın bir çox inkişaf etmiş ölkələrinin, xüsusilə Böyük Britaniya və Kanada təcrübələrinə baxdıqda, dövlətin xüsusi kommunikasiya strategiyalarının tətbiqi və dövlət kommunikasiya mərkəzlərinin fəaliyyəti kommunikasiyanın dövlət idarəçiliyinin əsas tərkib hissəsi olduğunu ortaya qoyur. Bu cür təkmil kommunikasiya strategiyaları bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə rabitəli şəkildə tətbiq olunmalıdır. Tövsiyə olunan strategiyalar hazırlanan zaman, ölkənin böyük şəhərləri başda olmaqla hər bir regionun infrastrukturu və əhalinin informasiya texnologiyalarından istifadə səviyyəsi təhlil olunmalı, və bu kriteriyalar əsasında əhalinin yaş qrupu, regionun sosial-iqtisadi inkişafı, İKT-dən istifadə səviyyəsi nəzərə alınaraq icra edilməlidir. Dövlət kommunikasiyasının daha sistemli təşkili üçün bu sahəyə professionallar cəlb olunmalı, onların iştirakı ilə hədəf auditoriyanın düşüncə tərzlərinə və davranışlarına təsir gücünə malik olan strateji əhəmiyyətli dövlət kommunikasiya strategiyaları hazırlanmalıdır. Təəssüf ki, mətbuat katiblərinin keçirilən hər hansı bir tədbir haqqında məlumatı mətbuatda və sosial mediada işıqlandırmaqla kommunikasiya prosesi tam uğurla həyata keçirilmir. Dövlət tərəfindən vətəndaşlarının düzgün, əhatəli, aydın və dəqiq məlumatlandırılması və qavranılması üçün bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rabitəli və əlaqələndirilmiş kommunikasiyası təşkil olunmalıdır. Məhz uğurlu kommunikasiyanın tətbiqi ilə dövlət öz vətəndaşları ilə vahid bir orqanizm kimi səmərəli ünsiyyət yaratmağa qadirdir. Kommunikasiya dövlət orqanlarını bir çətir kimi birləşdirən, anlaşılmazlıqların qarşısını alan, çevik və operativ bir mexanizm kimi müasir idarəçilik sisteminin ayrılmaz tərkib hissəsidir. Ümid edirəm ki, ölkəmizdə bu sahənin öyrənilməsi və düzgün tətbiqi istiqamətində başlanmış iş uğurla davam etdiriləcəkdir.

Rzayev Səbuhi – Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Böyük Britaniyanın York Universitetinin məzunu.

Son xəbərlər

Orphus sistemi