Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanda bu il ərzində milli valyutanın ABŞ dollarına qarşı mövqeyinin möhkəmlənməsi gözlənilir. "Report" xəbər verir ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları ilə müqayisədə hazırda manatın daha zəif mövqedə olduğu müşahidə edilir.
Qeyd edək ki, əsas ticarət tərəfdaşlarından Rusiyada dolların məzənnəsi 2016-cı ildəki maksimal səviyyə - 86 RUB/USD-dən 25,6% enərək 64 rubla düşüb. Türk lirəsi isə 9% möhkəmlənərək pik (3,07 TRY/USD) həddindən aşağı enib. Azərbaycanda isə dolların məzənnəsi isə maksimal səviyyəsindən (1,6456 AZN/USD) 8,4% möhkəmlənərək 1,5072 AZN/USD-yə düşüb. Bu da manatın real effektiv məzənnəsini aşağı salıb. Real effektiv məzənnənin azalması alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə müşaiyət olunur. Belə ki, ticarət tərəfdaşı olan ölkələrdən idxal edilən malların qiyməti, bu ölkələrdə milli valyutanın möhkəmlənməsi səbəbindən dollar ekvivalentində artdığından, manatın məzənnəsinin dollara nisbətən zəif qalması idxal olunan malların manat ekvivalentində yüksək olmasına səbəb olur. Bu da öz növbəsində əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.
"Report"un analitik qrupu hesab edir ki, cari qlobal iqtisadi konyunktur fonunda manatın dollarla müqayisədə 5%-ə qədər möhkəmlənməsi, yəni məzənnənin 1,44 AZN/USD səviyyəsinə qədər geriləməsi iqtisadi canlanmanı artıracaq, gömrük və vergi daxilolmalarının həcmini yüksəldəcək. Bu mənada Azərbaycan Mərkəzi Bankının daha çevik addım atması gözlənilir.