Yuxarı

Azərbaycan və Aİ tərəfdaşlığı: Avropa bizdən nə tələb edir? - ŞƏRH

Aİ Azərbaycandan nə tələb edir?

Avropa İttifaqı (Aİ) Azərbaycan üçün vacib tərəfdaşlardan biridir və Azərbaycanın ticarət dövriyyəsinin 40%-i Aİ-nin payına düşür. Azərbaycan Aİ-nin regionda ən böyük tərəfdaşıdır və Aİ-nin Cənubi Qafqazla ticarət dövriyyəsinin 75%-i Azərbaycanın payına düşür. Praktiki olaraq, Azərbaycan Cənubi Qafqazda Aİ-nin ən böyük ticarət tərəfdaşıdır və Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə 15 mlrd dollarlıq ticarət dövriyyəsinin 11 mlrd dollardan çoxu Azərbaycanın payına düşür. Bu da ondan xəbər verir ki, Azərbaycan Aİ üçün Cənubi Qafqaz regionunun ən böyük ticarət tərəfdaşıdır.

Bunu “Report”a Azərbaycanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan strateji tərəfdaşlıqla bağlı əhatəli sazişi şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu baxımdan, Aİ və Azərbaycan arasında sazişin imzalanması zamanı Aİ ilə yanaşı, Azərbaycanın iqtisadi maraqlarının nəzərə alınması çox vacibdir: “Mətbuatda ən çox müzakirə edilən məsələlər aqrar sektora subsidiyaların verilməsi və enerji daşıyıcıların qiymətləri ilə bağlıdır. Azərbaycan daha çox enerji ölkəsidir, digər bir tərəfdən də aqrar ölkəsidir, ona görə də subsidiyalaşmanı davam etdirmək niyyətindədir. Əslində, Aİ-nin özü aqrar sektora daha çox subsidiya verən ölkələrdən biridir. Təkcə, Aİ büdcəsinin təxminən 45%-i aqrar sektora subsidiyalar formasında daxil olur. Aİ büdcəsindən Aİ vətəndaşı aqrar sektorla müqayisədə daha az vəsait subsidiya alır. Bu baxımdan, Aİ-nin özündə belə aqrar sektorun subsidiyalaşdırılması və dəstəklənməsi əsas istiqamətlərindən biridir”.

Azərbaycan kənd təsərrüfatına subsidiyalaşmanı azaldarsa...

V.Bayramov deyir ki, aqrar sektor həssas sektordur və Azərbaycanda da bu sektorun dəstəklənməsi və növbəti illərdə də subsidiyilaşdırılmanın həyata keçirilməsinə ehtiyac var: “Azərbaycanda məşğul əhalinin 37,8%-i kənd təsərrüfatında çalışır. Əgər Azərbaycan kənd təsərrüfatına subsidiyalaşmanı azaldarsa və ya ümumiyyətlə dayandırarsa, bu, xüsusən də regionlarda ciddi şəkildə iş yerlərinin azalmasına və Azərbaycan fermerlərinin yalnız daxili bazarda deyil, həmçinin ixrac baxımından imkanlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Yerli məhsulların daxili bazarda payının kəskin azalmasına səbəb ola bilər. Bu baxımdan, Azərbaycan üçün aqrar sektorda subsidiyaların verilməsi növbəti dövr üçün də prioritet olaraq qalacaq və sözsüz ki, saziş imzalanan zaman da bu prioritetin nəzərə alınmasına ehtiyac var”.

Ekspert vurğulayıb ki, birmənalı şəkildə Azərbaycanda aqrar sektorda subsidiyaların aradan qaldırılması, azaldılması arzuolunan deyil: “Biz subsidiyalaşdırma mexanizminin daha çox təkmilləşdirilməsini təklif edirdik və artıq bəzi məqamlar da nəzərə alınıb. Xüsusən də istehsal edilmiş məhsulun həcminə görə subsidiyanın verilməsi təcrübəsi mövcuddur. Bu baxımdan, inkişaf etmiş ölkələrdə subsidiya mexanizmi varsa, nə üçün Azərbaycanda aqrar sektora subsidiyalaşma həyata keçirilməməlidir? Yalnız bir faktı qeyd etmək istəyərdim ki, ABŞ-da yalnız pambıq sektoruna il ərzində 3 mlrd dollardan artıq subsidiya həyata keçirilir”.

Beynəlxalq təcrübə nə deyir?

Ekspert ABŞ təcrübəsindən misal gətirərək deyib ki, bu da birbaşa onunla bağlıdır ki, həmin sektor ABŞ üçün məşğulluq və eləcə də ənənəvi sahələr üçün xammalın formalaşması baxımından vacibdir: “Buna görə də inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, bu istiqamətdə aqrar sektora subsidiya verilməsi həyata keçirilir və nəticə etibarı ilə Azərbaycanda da növbəti dövrlərdə də subsidiyalaşma mexanizmini qoruyub saxlamalıdır. Əks halda, bu, fermerlər üçün ciddi ziyan olacaq və onların xərclərinin artmasına gətirib çıxaracaq. Bu baxımdan sazişdə subsidiyalarla bağlı məsələlərin nəzərə alınması və subsidiyalaşmanı davam etdirilməsinin razılaşdırılması çox vacibdir. Azərbaycan birmənalı şəkildə subsidiyaşmanın aradan qaldırılması ilə bağlı öhdəliyi götürməsini arzuolunan hesab etmirik”.

V. Bayramov qeyd edib ki, hətta, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzvlüklə yanaşı, aqrar sektorun subsidiyalaşmasının həyata keçirilməsinə imkan verir. Onun sözlərinə görə, bu zaman inkişaf etməkdə olan ölkələr üçün ümumi aqrar məhsul istehsalının 10%-i həcmində subsidiya “divarı” müəyyənləşdirir: “Düşünürəm ki, tərəfdaşlıq sazişində oxşar təcrübədən istifadə edilməsi daha məqsədə uyğun olardı və Azərbaycana istehsal edilən məhsulun həcminə uyğun olaraq məhz ÜTT prinsiplərində olduğu kimi, subsidiyalaşma “divarı”nın tətbiq və təklif olunmasına ehtiyac var. Düşünürəm ki, subsidiyalaşmanın qorunub saxlanılması çox vacibdir və birmənalı şəkildə hazırlanmış sazişdə subsidiyanın verilməsinin davam etdirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin əks olunmasına ehtiyac var”.

Enerji daşıyıcılarının qiymətinin artırılması nələr yaradacaq?

Mütəxəssis deyir ki, enerji daşıyıcılarının qiyməti və enerji bazarının liberallaşdırılması məsələsinə gəldikdə, bu məsələ də kifayət qədər həssas məsələlərdir: “Nəzərə alsaq ki, bunların sosial tərəfləri də var. Azərbaycanda enerji daşıyıcıları, o cümlədən benzinin, xüsusilə də dizelin qiymətinin artırılması məsələsi çox həssasdır. Əgər dizelin qiymətinin artırılması ilə bağlı qərar qəbul olunarsa, aqrar məhsullar daxil olmaqla, çox fərqli sektorlarda qiymət artımına gətirib çıxaracaq. İndiki halda enerji daşıyıcılarının bu cür, xüsusilə də dizelin qiymətinin artırılması arzuolunan deyil. Bizdəki qiymətin digər ölkələrdə qiymət səviyyəsinə çatıdırlması da arzuolunan deyil”.

Ekspert vurğulayıb ki, Azərbaycan enerji ölkəsidir və enerji məhsulları istehsal etdiyi və neft ixrac etdiyi üçün qiymətlərin mövcud alıcılıq qabiliyyətinə görə, eyni zamanda ölkənin istehsal imkanlarına uyğunlaşdırılması vacibdir: “Bu baxımdan, biz bu sektorda qiymətlərin liberallaşdırılmasının tərəfdarı deyilik. Çünki, bunun sosial tərəfləri var və istehlak bazarına birbaşa təsir göstərir. Bu baxımdan subsidiyalaşma mexanizmində olduğu kimi, enerji daşıyıcıları ilə bağlı qiymətlərinin artırılması, liberallaşdırılması və ya uyğunlaşdırılmasının tərəfdarı deyilik. Güman edirəm ki, qiymətlər optimal olaraq qorunub saxlanılmalıdır və xüsusən də dizel qiymətinin mövcud şərtlər, o cümlədən sosial faktorla nəzərə alınmaqla müəyyənləşməsi və qorunub saxlanılması daha vacibdir”.

Sonda V.Bayramov bir daha təkrarlayıb ki, Avropa İttifaqı Azərbaycan üçün vacib tərəfdaşdır və tərəfdaşlıq sazişinin imzalalanması münasibətlərin genişlənməsi baxımından daha vacibdir: “Azərbaycan məhsullarının Avropa bazarlarına çıxış imkanlarının artırılması çox önəmlidir. Ancaq eyni zamanda aqrar sahənin subsidiyalaşmasını azaldılması və enerji daşıyıcılarının qiymətlərinin liberallaşdırılması ilə bağlı məsələləri, xüsusən kiçik və orta sahibkarlıqla bağlı təşviq mexanizminin qorunub saxlanılmasına ehtiyac var. Birmənalı şəkildə Azərbaycan çalışmalıdır ki, imzalanacaq sazişdə fermerlərin, kiçik və orta sahibkarların dövlət dəstəyindən və təşviqindən istifadə imkanlarının qorunub saxlanılmasına nail olunsun”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi