Hər kəs qanun qarşısında bərabərdir, polis sabitliyin qarantıdır

Hər kəs qanun qarşısında bərabərdir, polis sabitliyin qarantıdır İl yarımdır bütün dünyanı çənginə alan koronavirus pandemiyasının bütün ölkələrdə yaratdığı karantin rejiminin Azərbaycanda tətbiq olunması cəmiyyətimizin birliyini nümayiş etdirməklə yanaşı, dövlətimizin qanunları qarşısında hamının bərabər olmasını və h
Analitika
405
3 Avqust , 2021 20:15
Hər kəs qanun qarşısında bərabərdir, polis sabitliyin qarantıdır

İl yarımdır bütün dünyanı çənginə alan koronavirus pandemiyasının bütün ölkələrdə yaratdığı karantin rejiminin Azərbaycanda tətbiq olunması cəmiyyətimizin birliyini nümayiş etdirməklə yanaşı, dövlətimizin qanunları qarşısında hamının bərabər olmasını və heç kimin qanundan üstün olmamasını bir daha sübut etdi.

Şübhəsiz, sərt qanuni ölçülər götürülməsə, dövlət siyasətinin üzərinə kölgə düşər, xalq və dövlət hakimiyyəti arasında bağlar zəifləyər, uçurum dərinləşər. Bu səbəbdən xalqın dövlət hakimiyyətinə olan inamını bilərəkdən və ya bilməyərəkdən sarsıtmaq cəhdlərinin qarşısı qəti şəkildə alınmalıdır. Burada mövqe birmənalı, konkret və aydın olmalıdır.

Dövlət başçısı da dəfələrlə vəzifəsindən, statusundan asılı olmayaraq, hər bir kəsi qanunlara riayət etməyə çağırıb, mövcud qaydaları pozanların cəzalandırılmasını tələb edib. Bir sözlə, hər kəs öz hərəkətlərinə görə məsuliyyət daşıyır.

Bu məsələdə polislərin üzərinə böyük iş düşür. Koronavirus pandemiyası başlayandan ölkədə tətbiq olunan karantin rejiminə nəzarət etmək üçün daxili işlər orqanlarının əməkdaşları gecə-gündüz fəaliyyət göstərirlər. İlk dövrlər xeyli çətin olsa da, ötən il yarım ərzində cəmiyyət karantin tələblərinə bir növ öyrəşib və bu bəlanın bitməsini səbirsizliklə gözləyərək dövlət tərəfindən müəyyənləşdirilən tələbləri yerinə yetirməyi özünə borc bilir. Təəssüf ki, qanun pozuntularına da rast gəlinir. Daxili işlər orqanları ölkənin müxtəlif bölgələrində xüsusi karantin rejiminin tələblərini pozanları məsuliyyətə cəlb edib. Cəmiyyətə nümunə olması gərəkən şəxslərin isə bu qaydaları pozması vətəndaşların narazılığına səbəb olur və ciddi ictimai qınaqla qarşılanır.

Belə hadisələrdən biri də bu il iyulun 29-da Xaçmaz rayonunda qeydə alınıb. Gecə saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimova karantin qaydalarının pozulması ilə bağlı haqlı irad bildirən polis əməkdaşı nalayiq hərəkətlə qarşılaşıb. Eldəniz Səlimov xidməti vəzifələrini icra edən polis nəfərinə qarşı zor tətbiq edib və bu gün də artıq deputat toxunulmazlığından məhrum olunaraq məhkəmə qarşısına çıxarılıb.

Bu hadisə bir daha onu sübut edir ki, polislər tərəfindən qanunun icrasına heç kim mane olmamalıdır. Bir məsələ də diqqətdən yayınmamalıdır ki, karantin qaydalarını pozmuş hər hansı deputata liberallıq göstərilməsi narazılıq doğurar, ciddi ictimai qınağa səbəb olar. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və əgər yüksək rütbəli məmurlar, vəzifə sahibləri belə, qanunvericiliyin tələblərini, karantin qaydalarını pozarlarsa, hüquq-mühafizə orqanları tərəfindən dərhal adekvat qaydada cəzalandırılacaqlar.

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. Bir çox deputat həmkarları Eldəniz Səlimovun toxunulmazlıq hüququnun ləğv edilməsinə dair çıxışlar ediblər. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli isə çıxışında həmkarının bir növ müdafiəsinə qalxıb, onun toxunulmazlığına xitam verilməsini deputatların nüfuzuna zərbə kimi qiymətləndirib: "Öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq". Ancaq Tahir Kərimli unutmamalıdır ki, qanunları qəbul edənlər özləridirlər. Bu baxımdan, qanunverici orqanın təmsilçiləri davranışlarında daha da məsuliyyətli olmalı, nüfuzlarına xələl gətirən hərəkətlərdən çəkinməlidirlər.

Bu gün Azərbaycanda qayda-qanunlara əməl olunmasına nəzarəti polis həyata keçirir. Bu baxımdan, polisin işinə müdaxilə yolverilməzdir. Xüsusilə deputatlar bu məsələdə daha diqqətli olmalıdırlar.

Son xəbərlər

Orphus sistemi