​Azərbaycan klubları Premyer Liqadakı fasiləni necə keçirəcəklər?

​Azərbaycan klubları Premyer Liqadakı fasiləni necə keçirəcəklər? Fəaliyyətini dayandıran "Araz Naxçıvan" və "Dnepr"i qəbul edəcək "Qarabağ" istisna olmaqla, 8 klub təlim-məşq toplanışı təşkil edəcək
Analitika
4 Noyabr , 2014 17:04
​Azərbaycan klubları Premyer Liqadakı fasiləni necə keçirəcəklər?

Bakı. 4 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası noyabrın 16-da AVRO-2016-nın seçmə mərhələsində Norveç yığması ilə keçirəcəyi oyun öncəsi təlim-məşq toplanışı ilə əlaqədar Topaz Premyer Liqasında noyabrın 20-dək fasilə yaranıb. "Report"un məlumatına görə, noyabrın 6-da Avropa Liqasının qrup mərhələsində Ukrayna "Dnepr"ini qəbul edəcək "Qarabağ" istisna olmaqla, digər klublar hazırda istirahətdədirlər.

"Araz Naxçıvan" isə fəaliyyətini artıq dayandırıb. "Report" digər 8 komandanın hazırlıq planını öyrənmək üçün onlara müraciət edib.

"Neftçi"

Fasiləyə 2-ci pillədə yollanan "Neftçi" noyabrın 6-da "Bakcell Arena"da bir araya gələcək. "Flaqman"ın 7 oyunçusu əsas və gənclərdən ibarət Azərbaycan milli komandalarına çağırıldığından, toplanışda iştirak edə bilməyəcəklər. Yoxlama görüşünün keçirilib-keçirilməyəcəyi hazırlığın gedişi zamanı məşqçilər korpusunun qərarından asılı olacaq.

"İnter"

Paytaxt klubu noyabrın 6-da "İnter Arena"da toplaşacaq. Hazırda komandanın gürcüstanlı futbolçuları öz ölkələrində istirahət edirlər. Onlar da toplanış günü Bakıya qayıdıb, kollektivə qoşulacaqlar. "İnter" 2 yoxlama görüşü keçirməyi nəzərdə tutub.

"Xəzər Lənkəran"

Cənub təmsilçisi noyabrın 5-də Bakıdakı "Dalğa Arena"da hazırlığa başlayacaq. Klubun baş məşqçisi Oğuz Çətin əvvəlcə iki mərhələli plan hazırlamışdı. Komanda bir həftə Bakıda hazırlaşıb, sonra Lənkərana yollanmalı idi. Lakin Lənkəran şəhər stadionu təmirə bağlandığından, planda da dəyişiklik edilib və "Xəzər Lənkəran" fasilə müddətində elə paytaxtda qalacaq.

"Qəbələ"

"Qəbələ" noyabrın 7-də doğma şəhərdə toplaşacaq. Baş məşqçi Dorniel Muntyanu noyabrın 9-da futbolçularını əvəzedici komanda ilə oyunda sınayacaq. "Qəbələ" noyabrın 12-də isə "Sumqayıt" klubu ilə yoxlama görüşü keçirməyə gələcək. Hazırlığın bundan sonrakı hissəsinin paytaxtda baş tutması da istisna deyil.

"Simurq"

Noyabrın 7-də Zaqatalada toplaşacaq "Simurq" hazırlığı elə orada da keçirəcək. Lakin yoxlama görüşü üçün komandanın Bakıya və ya başqa rayona qısamüddətli səfəri də istisna deyil. "Simurq"un hətta Gürcüstana 2 günlük səfəri də baş tuta bilər. Rəhbərlik qonşu ölkədə yoxlama görüşü keçirmək üçün rəqib tapsa, komanda yenə Gürcüstana səfər edəcək.

AZAL

Noyabrın 6-da "AZAL Arena"da toplanışa start verəcək klub ayın 10-dan sonra yoxlama görüşləri keçirməyi planlaşdırıb. Paytaxt komandası Premyer Liqa təmsilçilərindən ən azı biri ilə qarşılaşmağı düşünür.

"Bakı"

Hazırda istirahətdə olan "Bakı"nın 2 əcnəbi futbolçusu - Lukas Masio Horvat və Risto Ristoviç öz ölkəsində istirahətdədir. Komanda noyabrın 6-da öz bazasında toplanışa başlayacaq. "Zolaqlılar"ın I divizion təmsilçisi "Bakılı" ilə yoxlama görüşü keçirəcəyi dəqiqdir. Paytaxt komandası daha bir rəqib axtarır.

"Sumqayıt"

"Sumqayıt" noyabrın 7-də təlim-məşq toplanışına başlayacaq. Komanda hazırlıq müddətində bir yoxlama görüşü keçirməyi planlaşdırır ki, bu da "Qəbələ"yə qarşı olacaq. 

Qeyd edək ki, komandaların əksəriyyəti Premyer Liqada yaranan budəfəki fasilənin onların hazırlıq səviyyələrinə müsbət təsir edəcəyi qənaətindədir. 

Son xəbərlər

Orphus sistemi