Yuxarı
    Bağlamaq

    Azərbaycan mətbuatının keşməkeşli yolu: "Əkinçi" ilə başlayan 4 addım - TƏHLİL

    Mətbuatımız bütün demokratik ölkələrdə olduğu kimi, öz dövlətinin, cəmiyyətinin maraqları əsasında fəaliyyət göstərir

    Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan milli mətbuatının yaranmasından 140 il ötür. Mətbuatımızın bu günədək keçdiyi yola qısa nəzər salmaq istərdik. Onun yaranması və inkişaf tarixini təxmini olaraq 4 mərhələyə bölmək, yaxud söz azadlığı, demokratiya uğrunda atılan 4 addım kimi qiymətləndirmək olar.

    Birinci mərhələ XIX əsrin III yarısından - "Əkinçi" ilə başlayıb. Bunu ilk addım saymaq olar. Bu dövrü həm də "Azərbaycanın müasir dövlət, cəmiyyət olmaq uğrunda mübarizə mərhələsi də" adlandırmaq olar. Həmin dövrdə "Əkinçi"də yazılanlar daha çox bu məqsədə xidmət edirdi. Cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə onun əsas hədəfi idi.

    Sonrakı dövrdə onun ardıcılları "Füyuzat" və "Molla Nəsrəddin" "Əkinçi"nin apardığı iki xəttin yükünü sanki öz aralarında böldü. "Füyuzat" çağdaş millət və cəmiyyət olmaq üçün maarifəndirməyə üstünlük verirdi. "Molla Nəsrəddin" isə bu yöndəki fəaliyyətində millətin, cəmiyyətin nöqsanlarını satirik dillə tənqid edirdi. Bu mərhələnin iştirakçıları həm də çağdaş Azərbaycan ədəbiyyatı və musiqisinin yaradılmasında da əvəzsiz rol oynayıblar.

    İkinci mərhələ Azərbaycan Xalq Cümhuriyyəti dövrüdür. 23 ay ərzində ölkədəki azad fikir deməyin, demokratik atmosferin əsası, azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Çünki həmin vaxtadək Azərbaycanda dövlət qurulmamışdı. Dövlət olandan sonra bir sıra problemlər həll edildiyindən mətbuatın hadisələrə yanaşması da fərqlənirdi.

    Təəssüf ki, mətbuatın azadlığı uzun sürmədi. Azərbaycan mətbuatının o vaxtkı müasir dünya ilə əlaqəsi kəsildi. Araya bolşevizm girdi, azad fikrə müdaxilə etdi. Bolşevizmin işğalı Azərbaycanda demokratik mətbuatın inkişafını əngəllədi.

    Üçüncü dövr isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 140 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır.

    Düzdür, sovetləşmənin ilk illərində Azərbaycan mətbuatı söz azadlığının müdafiəçisi kimi çıxış etməyə çalışırdı.

    Ancaq bu dövrün öz xüsusiyyətləri var idi. Bütün göstərişlər əmrlə bir mərkəzdən, Moskvadan verildiyindən mətbuatın da vəzifəsi həmin tapşırıqlara sözsüz əməl etmək idi.

    Kommunist Partiyasının orqanı olaraq leninizm ideyalarını yaymalı, təbliğ etməli, SSRİ-nin siyasi-ideoloji siyasətinin mütləq qaydada müdafiə etmək onun başlıca vəzifəsi idi. O illərdə mətbuat Azərbaycan SSR-nin daha çox sosial-mədəni həyatında baş verənləri işıqlandırır, SSRİ-ni tərənnüm etməklə məşğul olurdu.

    Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

    Mətbuat kolxozlaşma, dünyada gedən sosialist inqilabları, sosializmin tam və qəti qələbəsini, sovetlərin qüdrətini, II Dünya savaşında, "soyuq müharibə illəri"ndə SSRİ-nin haqlı olduğunu yazmağa məcbur edilirdi.

    Dördüncü mərhələ 1980-ci illərin II yarısından başlayır. Azərbaycan sovetlərin tərkibində olmasına baxmayaraq, respublikada çap olunan bir sıra qəzetlər 1918-1920-ci illərdə mövcud olmuş, sovet rejimi tərəfindən müəyyən mənada unutdurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin, demokratiya, söz və mətbuat azadlığının təbliği ilə başlayır.

    XX əsrin əvvəllərində və sonuna yaxın qəzetlər Azərbaycan ərazisi, tarixi torpaqlarla bağlı yazılarla çıxış edir. XX əsrin əvvəllərində çar Rusiyasının bu yöndə yürütdüyü siyasəti iyirminci yüz ilin sonlarına yaxın Moskva təkrarlamağa başladı. Mətbuat bu siyasətin Azərbaycana qarşı olduğunu davamlı olaraq yazırdı.

    Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu mərhələsidir. Respublikadakı informasiya vasitələri (yazılı və elektron) bu gün demokratik dünyadakı həmkarları ilə təcrübə mübadiləsi aparır, onların keçdiyi tarixi formalaşma prosesini dəyərləndirib fəaliyyətində tətbiq edir.

    Bu baxımdan Azərbaycan mətbuatı demokratik dünyanın tərkib hissəsidir. Bunu onun keçdiyi tarixi mübarizə yolu da sübut etməkdədir. Azərbaycan mətbuatı müstəmləkəçiliyə, milli assimilyasiyaya qarşı demokratiya uğrunda mübarizə apararaq yaranıb formalaşmaqdadır.

    Hazırda Azərbaycandakı mətbuat siyasi-ideologiyadan asılı deyil. Bütün dünyada olduğu kimi, Azərbaycanda da siyasi-sosial mühitin tələblərinə cavab vermək istiqamətində mətbuat mövcuddur.

    140 yaşlı mətbuat demokratik ölkələrdə olduğu kimi, dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasını, demokratik cəmiyyətin formalaşmasını əsas hədəf sayır. Azərbaycan mətbuatı hər cür terrorçuluğa qarşı təbliğat aparır.

    Heç şübhəsiz, ərazi bütövlüyünün pozulması, bölgəmizdəki siyasi balans və başqa bu kimi amillər Azərbaycanda demokratiya və mətbuatın inkişafına da mane olur. Bununla belə, Azərbaycan KİV-i 140 il əvvəl olduğu kimi, indi də sözün doğrusunu yazmaq, onu müdafiə etmək prinsipinə sadiqdir.

    O bu yöndəki fəaliyyətində demokratik cəmiyyətlərdəki həmkarları ilə əməkdaşlıq edir, əlaqələr qurur.

    Beləliklə, Azərbaycan mətbuatı söz, fikir azadlığına üstünlük verməklə yanaşı, bütün demokratik ölkələrdə olduğu kimi, öz dövlətinin, cəmiyyətinin maraqları əsasında fəaliyyətini davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi