Azərbaycan gəncliyi - elmli, müasir, döyüşkən

Azərbaycan gəncliyi - elmli, müasir, döyüşkən Gənclər cəmiyyətin gücünü, müqavimətini təşkil edən ən əsas təbəqədir. Onlar dövlətin qorunmasında əsas rol oynayır. Gənclik həm də bir cəmiyyətin, millətin, dövlətin, etnik qrupun gələcəyidir.
Analitika
2 Fevral , 2021 14:31
Azərbaycan gəncliyi - elmli, müasir, döyüşkən

Gənclər cəmiyyətin gücünü, müqavimətini təşkil edən ən əsas təbəqədir. Onlar dövlətin qorunmasında əsas rol oynayır. Gənclik həm də bir cəmiyyətin, millətin, dövlətin, etnik qrupun gələcəyidir.

Azərbaycanda yeni nəslin yetişməsində və formalaşmasında mərhum Prezident Heydəri Əliyevin yürütdüyü gənclər siyasəti öz müsbət nəticəsini verməkdədir. Ümummilli lider 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam verməklə bu məsələyə çox böyük əhəmiyyət verdiyini sübut edir. Mərhum Prezident gənclər siyasəti nəticəsində ölkənin gələcəyini birbaşa onların inkişafı ilə bağlayıb. O, Azərbaycanda sovet dövründən sonra yeni nəslin yetişməsində əvəzsiz rol oynayıb. Heydər Əliyevin dövründə yetişib formalaşan gənclik Azərbaycanın dövlət quruculuğunda, ərazi bütövlüyünün təmin olunmasında aparıcı olub.

Heydər Əliyev
Heydər Əliyev

Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bir il sonra, fevralın 2-də onun iştirakı ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Ulu öndər 1997-ci il fevralın 1-də ilk forumun ildönümü münasibətilə gənclərlə görüşüb. Mərhum Prezident 1997-ci il fevralın 2-də imzaladığı sərəncamla Azərbaycanda Gənclər Gününün qeyd edilməsini rəsmi olaraq təsdiqləyib. Bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təsis edilib. Daha sonra MDB-yə digər üzv ölkələr və Şərqi Avropa dövlətləri də gənclər gününü qeyd etməyə başlayıblar. BMT-nin qərarı ilə 1998-ci il avqustun 12-dən Beynəlxalq Gənclər Günü qeyd edilir.

İlham Əliyev də həmin dövrlərin gənclərindəndir. Azərbaycan Prezidenti olduqdan sonra mərhum dövlət başçısının gənclər siyasətini uğurla davam etdirir. İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclik 2016-cı ilin Aprel döyüşlərində Ermənistan ordusu barədə yayılan mifi darmadağın etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində isə yeni nəsil işğalçı dövlətin ordusunu fiziki və mənəvi cəhətdən məğlubiyyətə uğratdı.

Prezident İlham Əliyev Şuşaya səfəri zamanı Cıdır düzündəki çıxışında Azərbaycan gəncliyinə çox böyük qiymət verib: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Öz dövlətinin güclənməsinə xidmətinə, elm sahəsində fəaliyyətinə, ölkəsinin ərazi bütövlüyünün təmin olunmasına görə xüsusi bir günün təsis olunması Azərbaycan gəncliyinin haqqıdır.

Sovetlər dövründə “manqurt” deyilən tez-tez işlədilən bir ifadə var idi. Manqurt öz ata-anasına, soyuna yad olan, yalnız ağasının əmrlərini icra edən, zombiləşmiş insandır. Azərbaycan gəncliyi 1988-ci ildə başlayan milli azadlıq hərəkatı zamanı sübut etdi ki, SSRİ-nin manqurtlaşdırma ideologiyası ona sirayət etməyib. Həmin dövrün gəncliyi könüllü dəstələr yaradaraq düşmənlə müqayisədə zəif silahlarla torpaqların işğaldan azad edilməsi uğurunda mübarizə apardı. Sovet-kommunist rejiminin çökməsində mühüm rollardan birini oynadı. Həmin dövrün gəncliyi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının yaranmasında ən fəal iştirakçı oldu. Bu mübariz nəsli müstəqillik ilərində daha güclü ardıcılları əvəz elədi. Yeni gənclik mili dövlət quruculuğunda iştirak etməklə yanaşı, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsində əsas rolu oynadı.

Bizlər adətən Azərbaycan tarixindəki qəhrəmanlıqdan danışarkən Koroğlu, Babək, Qaçaq Nəbi, Mehdi Hüseynzadə və başqalarını nümunə göstəririk. Ancaq çox keçmişdən bəhs etmədən Azərbaycanın son 32 illlik tarixinə, o cümlədən 84 gün öncə baş verən 6 həftəlik döyüşlərə nəzər salmaqla gəncliyin qüdrətini, gücünü və dövlətinə münasibətini görmək mümkündür. Azərbaycanın Qarabağ bölgəsinin böyük bir hissəsini Ermənistan işğalından təmizləyən gənclik torpağına, dövlətinə bağlılıqla öz babalarının gəncliyindən geri qalmadıqlarını sübut etdilər. Azərbaycan gəncliyi gücünü, Vətənə, torpağına, dövlətinə sevgisini 44 günlük döyüşlərdə dünyaya, dostlara və düşmənlərə göstərdi. Mübariz İbrahimov, Polad Həşimov və onların döyüş yoldaşları yeni və gələcək nəsillər üçün örnəkdirlər. Onlar şəriksiz olaraq Azərbaycan gəncliyinin təmsilçilərdir. Gənclik yalnız işğalçını, düşməni torpaqlarından qovmaqda fərqlənmir. Dövlət quruculuğunda, onun inkişafında, müasirləşməsində, ərazi bütövlüyünün təminində gəncliyin rolu əvəzsizdir.

Azərbaycanın dövlət bayrağında qırımızı rəng müasirləşmək (avropalaşmaq) rəmzidir. Mərhum ideoloq Əli bəy Hüseynzadə "Avropanın beynini həzm edək, onun mədəsində həzm olmayaq" deyib. Yeni nəsil babalarının bu vəsiyyətinə ləyaqətlə əməl edir. Hazırda dünyanın ən aparıcı universitetlərində təhsil alan, fəaliyyət göstərən Azərbaycan gəncliyi öz torpağına, vətəninə, dövlətinə bağlılığı unutmur. Onlar müasir informasiya texnologiyaları sahəsində uğurlar qazanır. Gənclik Azərbaycanı xaricdə ləyaqət, şərəf və qürurla təmsil edir. Onun haqq işi, problemləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində fəaliyyət göstərir. O, Azərbaycanın üçrəngli bayrağının ideyaları əsasında güclü, demokratik, müasir dövlətin qurulmasında vacib rola malikdir. Eyni zamanda son illər özünün daha bacarıqlı, elmli və döyüşkən tərəfini bir daha göstərə bilir. Öz torpağına bağlı, elmli, mədəni, zəngin və müasir dünyagörüşlü, daim axtarışlar və ixtiralar edən, yenilikçi, novator gəncliyi olan dövlət əbədidir. Müasir Azərbaycan da bu yoldadır.

Son xəbərlər

Orphus sistemi