Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri üzrə 2017-ci ilin II rübündə ciddi artım ehtimal edilir.
"Report"un analitik qrupu xəbər verir ki, buna səbəb neft qiymətlərinin 50 dollar/barel səviyyəsindən baha satılması, ARDNF-in aktivlərində mövcud olan valyutaların dollarla müqayisədə möhkəmlənməsi, qızılın bahalaşması amilləri göstərilir. Belə ki, funt sterlinq, avro, Türkiyə lirəsi, Çin yuanı, Yaponiya yeni kimi valyutalar II rüb başladığı dövrdən bu günədək möhkəmlənmə göstərib. Xüsusilə, funt sterlinq 2%, lirə 1%, yen 2%, qızıl isə 2,3% bahalaşıb.
Analitik qrup II rübün sonuna qədər ARDNF-in aktivlərində olan valyutalarda möhkəmlənmənin davam edəcəyini, bu səbəbdən dollar ekvivalentində Fondun aktivlərinin artacağını proqnozlaşdırır. Qeyd edək ki, fond birjalarında müsbət tendensiyanın davam etməsi aktivlərinin 12,9%-ni səhmlərə yatıran ARDNF-in gəlirlərini artırmağa davam edəcək. Həmçinin, daşınmaz əmlakdan əldə olunan sabit gəlirlərin Fondun ümumi gəlirlərini artıracağı gözlənilir.
"Report"un analitikləri bildirirlər ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) iyun ayında uçot dərəcəsini artırmasa və Fransadakı prezident seçkilərini avroyönümlü namizəd qazanarsa, vahid Avropa valyutasının da bahalaşması ehtimal edilir. Bu da aktivlərinin 35%-dən çox hissəsini avroda saxlayan ARDNF-ə müsbət təsir edəcək.
Xatırladaq ki, bir qədər əvvəl ARDNF-in Azərbaycan Mərkəzi Bankına (AMB) transfertlərini tam icra etməməsinin mümkünlüyü barədə səslənən fikirlər reallaşarsa, Fondun aktivləri daha da arta bilər. Analitik qrup hazırda 33,2 mlrd. dollar olan ARDNF-in aktivlərinin II rübün sonunda 35 mlrd. dollara yaxınlaşacağını proqnozlaşdırır.