Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşuldu. Bu, ölkəmizə nə verəcək?

Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşuldu. Bu, ölkəmizə nə verəcək? Azərbaycan yeni qaydalara uyğunlaşmaq üçün lazım olan tədbirlərə ən yüksək səviyyədə start verib
Analitika
6 Aprel , 2021 17:55
Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşuldu. Bu, ölkəmizə nə verəcək?

Buxar mühərriki, elektrik enerjisi, kompüter və internetin ixtirasını ehtiva edən üç sənaye inqilabını geridə qoymuş bəşəriyyət XX əsrin sonlarından etibarən öz sürəti ilə bütün bu inqilabi dövrlərdən xeyli irəlidə olan yeni bir dövrə qədəm qoyub. Süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya və kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan Dördüncü Sənaye İnqilabı dövrü təbii olaraq dünyadakı rəqabət qaydalarını da dəyişib. İndi bu qaydalar ayrı-ayrı dövlətləri yeni seçim qarşısında qoyur: ya ənənəvi qaydada yaşamaqla geriləmək və ya ən yaxşı halda isə yerində saymaq, yaxud da inkişaf üçün rəqabətə girərək mühüm texnoloji və iqtisadi uğurlara imza atmaq. Bu mənada Azərbaycan, həmişə olduğu kimi, bu dəfə də inkişaf yolunu seçib və yeni qaydalara uyğunlaşmaq üçün lazım olan tədbirlərə ən yüksək səviyyədə start verib.

Trendlərə uyğun güclü mövqe qazanmaq məqsədi

Hələ 2007-ci ilin yanvarından başlayaraq Dünya İqtisadi Forumunun illik iclaslarında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin gələcək inkişafına hesablanmış addımları Azərbaycanın yeni çağırışlara hazır olmasını təmin etdi. Məhz uğurlu inkişafın təmin edilməsi kimi ali niyyətin nəticəsidir ki, dövlət başçısının 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi publik hüquqi şəxs yaradılıb. Fərmanla qarşıya qoyulan məqsəd qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, üstəlik rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsidir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə beynəlxalq təşkilatlarla əməkdaşlıq və bu sahədə əlaqələndirmə, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlili və koordinasiyasının həyata keçirilməsi həvalə edilib ki, bu vəzifələrin icracı Azərbaycanın rəqabət qabiliyyətlinin daha da artmasına hesablanıb.

Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzi təsis edilib

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) yaradılması bu yolda atılmış növbəti mühüm addımlardan biridir. Məlumat verildiyi kimi, bu yaxınlarda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende və Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə Razılaşma imzalayıblar. 2021-ci ilin 1 aprel tarixindən fəaliyyətə başlayan 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası isə hələ 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət məktubunun imzalanması ilə qoyulub. Mühüm məqamlardan biri də odur ki, 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk belə mərkəzdir.

Bəs bu mərkəzin yaradılması ölkəmizə nə vəd edir?

Qeyd edək ki, 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzinin funksiyalarını İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs həyata keçirəcək. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış bu təsisatın əsas məqsədi Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlardan maksimum istifadə edilməsi, ölkəmizin bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasının təmin olunmasıdır.

Bu baxımdan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi kimi aparıcı qurumla əməkdaşlıq Azərbaycan üçün uğurlu başlanğıc hesab edilə bilər. Çünki bu Şəbəkənin əsas məqsədi yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi və onların vətəndaşlara və ictimai marağa xidmət göstərməsi məqsədilə həmin texnologiyaların tətbiqi və idarə edilməsinin inkişafıdır. Təsadüfi deyil ki, 2017-ci ilin martında Dünya İqtisadi Forumu tərəfindən təşkil edilmiş Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi məhz mütərəqqi texnologiyaların səbəb olduğu sürətli inkişafın tempinə uyğunlaşmaq üçün müştərək fəaliyyətə ehtiyacdan yaranıb. Bu isə digər ölkələrin təcrübəsinin öyrənilməsi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən Dünya İqtisadi Forumu tərəfdaşlar tərəfindən idarə edilən mərkəzlərin (afiləedilmiş mərkəzlər) təşkilinə başlayıb. Hazırda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 14 mərkəzi var. Bunlardan 10-u Afiləedilmiş Mərkəz, 3-ü Forum tərəfindən idarə olunan mərkəz və ABŞ-ın San-Fransisko şəhərində yerləşən mənzil qərargahdır.

Əməkdaşlıq çərçivəsində addımlar

Təbii ki, belə bir geniş şəbəkə ilə əməkdaşlıq rəqabətədavamlı texnoloji inkişaf, rəqəmsallaşma, insan resurslarının transformasiyası və s. təmin olunması ilə yanaşı, yeni əməkdaşlıq imkanları da deməkdir. Bu çərçivədə 18 və 23 fevral 2021-ci il tarixlərində Dünya İqtisadi Forumu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı ilə birlikdə “Ticarət və kommersiya sektorlarında rəqəmsal ödənişlər” mövzusunda virtual seminarlar təşkil edilib. Dördüncü Sənaye İnqilabı və dəyişən maliyyə və iqtisadi şərtlər dövründə Avrasiya ölkələrinin inkişafını təşviq etmək məqsədilə isə Dünya İqtisadi Forumu yeni bir strateji təşəbbüs - "Avrasiya üçün baxış" strateji təşəbbüsünü - regional danışıqlar və əməkdaşlıq platformasını başlayıb və İqtisadiyyat Nazirliyi qeyd olunan strateji təşəbbüs çərçivəsində yaradılmış işçi qruplarında (Avropa və Avrasiya üçün Yüksək Səviyyəli Regional Fəaliyyət Qrupu və Avrasiya Siyasət Qrupu) mütəmadi olaraq iştirak edir.

Qeyd edilənlər Azərbaycanın digər sahələrdə olduğu kimi, yeni yexnologiya və innovasiyalar, rəqəmsallaşma sahələrində də regionda lider olduğunu deməyə tam əsas yaradır.

Son xəbərlər

Orphus sistemi