Azərbaycan-Britaniya münasibətləri strateji tərəfdaşlığa əsaslanır - ŞƏRH

Azərbaycan-Britaniya münasibətləri strateji tərəfdaşlığa əsaslanır - ŞƏRH Böyük Britaniyada “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısı keçirilir. Bu mötəbər beynəlxalq tədbirdə dünyanın nüfuzlu ölkələrinin rəhbərləri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. Qeyd edək ki, Avropa Siyasi Birl
Analitika
18 İyul , 2024 16:08
Azərbaycan-Britaniya münasibətləri strateji tərəfdaşlığa əsaslanır - ŞƏRH

Böyük Britaniyada “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısı keçirilir. Bu mötəbər beynəlxalq tədbirdə dünyanın nüfuzlu ölkələrinin rəhbərləri, o cümlədən Azərbaycan Prezident İlham Əliyev iştirak edir.

Qeyd edək ki, "Avropa Siyasi Birliyi"nin məqsədi Avropa qitəsinin təhlükəsizliyinin, sabitliyinin və rifahının möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirməkdir. Bu günə qədər "Avropa Siyasi Birliyi"nin üç iclası keçirilib.

Birliyin ilk sammiti 2022-ci ilin oktyabrında Praqada 44 ölkənin iştirakı ilə baş tutub. Azərbaycan Prezidenti də keçirilən toplantılara dəvət olunub. Bu da ölkəmizə necə böyük əhəmiyyət verildiyinin, onun etibarlı tərəfdaş kimi qəbul edildiyinin göstəricisidir. Təbii ki, burada 44 günlük Vətən müharibəsi və onun nəticələri böyük rol oynayıb. Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda yaranan yeni reallıqlar artıq Qərbdə də qəbul edilir. Reallıq budur ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşır. Ən azı, regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz.

Londonda keçirilən tədbirin təşkilatçısı qismində çıxış edən Böyük Britaniyaya gəldikdə, ölkələrimiz arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur.

İki ölkə münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Belə ki, Böyük Britaniya 31 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 11 mart 1992-ci ildə qurulub. Ötən zaman ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə edilib. Heç şübhəsiz ki, bu uğurların qazanılmasında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu vardır.

Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərimizin inkişafına böyük töhfələr verib. Ümummilli liderin 1994-cü ildə və 1998-ci ildə Böyük Britaniyaya səfər etməsi ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas ana sütununu təşkil edib. Ümummilli Lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının 2004, 2009 və 2018-ci ildə Böyük Britaniyaya üç rəsmi səfəri baş tutub. Prezidentin bu səfərlərindən 2018-ci il səfəri xüsusi əhəmiyyətə malikdir. Belə ki, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqının 86.02% səsini və yenidən etimadını qazanan ölkə başçımız ilk səfərini qardaş Türkiyə dövlətinə etdikdən sonra Britaniyanın Baş naziri Tereza Meyin dəvəti əsasında Azərbaycana qayıtmayaraq Türkiyədən birbaşa Böyük Britaniyaya səfər edib. Bu faktın özü münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir.

Sözügedən səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm sənədlər imzalanmışdır.

Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyətləri dəfələrlə Azərbaycanda səfərdə olublar. Bu səfərlər Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə hər dəfə yeni bir impuls qazandırıb.

Yeri gəlmişkən, iki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir.

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanan vaxtdan Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru qismində çıxış edir. Əməkdaşlığımızın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Saziş imzalanmışdır. Bütövlükdə, 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir ki, bu rəqəm, həqiqətən də, iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir.

Qeyri-neft sahəsində əlaqələrin inkişafı diqqət mərkəzindədir. Bu məqsədlə, 2 mart 2015-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandum”u imzalanıb.

Son illərdə ölkəmizdə aparılmış islahatların bir hissəsi bərpa olunan enerji istehsalı ilə bağlıdır ki, bu sahədə də bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpa olunan energetika sahəsi son dövrlərdə "yaşıl iqtisadiyyat"ın inkişafında önəmli yer alıb. Azərbaycan bu sahədə zəngin təcrübəyə malik ölkələrlə əməkdaşlığı genişləndirmək xəttini tutur.

Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, bərpa olunan enerjinin və günəş enerjisinin inkişafı üçün imkanlar var və bu sahədə də Böyük Britaniyanın nümunəvi təcrübəsi mövcuddur, o zaman münasibətlərimizin yüksək səviyyədə olması Azərbaycana sözügedən ölkənin təcrübəsindən yararlanmaqda kömək edəcək. Artıq Britaniya şirkətlərindən biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşıl enerji zonalarının yaradılması, həmçinin bu ərazilərdə bərpa olunan enerjidən istifadə işində Britaniya şirkətləri maraqlıdır.

İki ölkə hərbi sahədə əməkdaşlığın inkişafı üçün də səylər göstərilir.

Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. 44 günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgilədi və münasibətlərimizə xələl gətirəcək addım atmadı.

"Azərbaycan da Böyük Britaniyanın sülh təşəbbüsünü yüksək qiymətləndirir". Bunu “Report”un sualını cavablandıran Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Londonda Avropa Siyasi İcmasının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən qarşı tərəf imtina edib. Görüşün keçirilməsi üçün təşəbbüslə Böyük Britaniya çıxış edib.

Beləliklə, Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirməsinin göstəricisidir. Əminlikə də deyə bilərik ki, bu əməkdaşlıq gələcəkdə daha da artacaq və strateji önəm kəsb edəcək.

Son xəbərlər

Orphus sistemi