Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin, əməkdaşlığın yüz illərlə yaşı var. Məhz 101 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhurriyyətinin bayrağındakı qırımız rəng də müasirləşmək, avropalaşmaq anlamını daşıyır. Bu o deməkdir ki, Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. İndiki dövrdə də
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair bəzi razılaşmalara nəzər yetirək. Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra 1991-ci ildən Aİ ölkə iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Bu müddət ərzində İttifaqla münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.
Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerjidaşıyıcları istiqamətində əməkdaşlıq və danışıqların davamlı aparılması təşkil edir. Bu çərçivədə 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidenti
“Yeni İpək Yolu” adlandırılan TRACECA proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) Brüsseldə 1993-cü il mayın 3-də keçirilmiş 8 təsisçi dövlətin - 5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri ticarət və nəqliyyat nazirlərinin konfransında təsis olunub. Proqramın məqsədi qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 2008-ci il mayın 26-da Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Hazırda 2014-2020-ci illər üzrə Aİ-nin yardımları Avropa Qonşuluq Aləti üzrə davam etdirilir. Bu çərçivədə illik maliyyə yardımları hər il Azərbaycanla imzalanan Fəaliyyət Proqramları vasitəsilə həyata keçirilir. 2014-2017-ci illər üzrə maliyyə yardımının əsas istiqamətləri belə olub: regionların və kənd yerlərinin inkişafı, ədliyyə sahəsində islahatlar, təhsil və bacarıqların inkişafı prioritetləri.
Eyni zamanda Azərbaycan və Avropa İttifaqı arasında insan hüquqları və demokratikləşdirmə sahəsində əməkdaşlığa dair çoxsaylı görüşlər, toplantılar keçirilib. Məsələn, 2015-ci ilin avqust-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Avropa İttifaqı ilə birlikdə Milli Məclisə seçkilərdə namizədlərin qeydiyyat prosedurunun daha da gücləndirilməsi və seçkilərlə bağlı müraciətlərə baxılmasına dair genişmiqyaslı təlim və seminarlar təşkil edib.
Enerji sahəsində əməkdaşlığa gəldikdə isə Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5 faizini ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. 2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoyub. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirib: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi. Azərbaycan-Aİ enerji əməkdaşlığı, sadəcə, Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Prezident İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdı. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynaya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusilə "Şahdəniz-2" yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Nəticə etibarilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Nəhəng "Şahdəniz-2" yatağı ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz nəql edəcək.
Tərəflər arasında ticarət əlaqələri hazırda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. 2016-cı ilin yanvar-sentyabr ayı göstəricilərinə əsasən, Aİ-nin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 37,12 faiz (4 milyard 730 milyon dollar) olub. Aİ Azərbaycanın ixracatında da 45,87 faiz, idxalında isə 27,89 faiz payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı, əsasən, maşınqayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı, əsasən, neft və təbii qaz olub (ümumi ixracın 98 faizi). Azərbaycanın Aİ ölkələri arasında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard dollar, 30,5 faiz), Almaniya (768 milyon 70 dollar, 16,25 faiz) və Britaniyadır (449 milyon 71 dollar, 9,5 faiz).
Tərəflər arasında elmi-mədəni əlaqələrin də genişlənməsi istiqamətində görülmüş işlər var. Aİ-nin “Erasmus+” proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. Bu layihə Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ-yə üzv ölkələrin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir. 2015-ci ildə Azərbaycandan, təxminən, 250 tələbə və müəllim heyəti bu proqram çərçivəsində Avropada olmuş, 85 avropalı tələbə və müəllim Azərbaycana gəlmişdi.
Ümumiyyətlə, Azərbaycan Avropa ilə əməkdaşlığı genişləndirmək üçün daha böyük potensiala malikdir. Ancaq Azərbaycanın Dağlıq Qarabağ toprpaqlarının işğal altında saxlanılması bu potensialın reallaşmasına mane olur. İttifaq ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir, Dağlıq Qarabağdakı separatçıları tanımamaqla münaqişənin həllinə töhfə verməyə çalışır. Ancaq bu istiqamətdə daha böyük işlər görməyə hər cür imkanı var. İlk növbədə, təcavüzkara təzyiq etmək kimi imkana malikdir.
Göründüyü kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bundan başqa, Azərbaycan İttifaqdan humanitar və ya başqa yardımlar almır. Odur ki, respublika İttifaqla bütün məsələlərin müzakirəsində azad və müstəqildir. Bu baxımdan, tərəflər arasında əlaqələri və əməkdaşlığı başqa dövlətlər, o cümlədən Gürcüstan, Moldova və Ukrayna ilə müqayisəsi qüsurludur. Azərbaycanın qarşılıqlı ticarət sahəsində əməkdaşlıq etdiyi sahələrdə bu ölkələr Avropa İttifaqından yardımlar alır.
Beləliklə, Azərbaycanla Avropa arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi istisna edilmir. Üçrəngli bayrağın qırmızı boyası da 101 ildir bunu təsdiqləyir.