Aprel döyüşləri - Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir - ŞƏRH

Aprel döyüşləri - Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir - ŞƏRH Üç gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi
Analitika
22870
2 Aprel , 2018 14:52

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən iki il ötür. Üç gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi. 

Bu döyüşlər Ermənistan silahlılarının atəşkəsi pozması nəticəsində baş verib. 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprelin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub. Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəkliyə Azərbaycan ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

Əslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Həmin döyüşlərdən sonra Ermənstan silahlı qüvvələrində çaxnaşma yarandı. Müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi, işğalçı orduya rəhbərlik edən şəxslərin xeyli hissəsi işdən qovuldu. Bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı. Nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğal altında saxlayan Ermənistanın əsl mahiyyəti üzə çıxdı. Bölgəni işğal altında saxlayan gücü və status-kvonun qalmasında maraqlı olan dövlətləri bir daha göstərdi. Eyni zamanda aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inandığını sübuta yetirdi.

Yeri gəlmişkən, döyüşlər Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasının 23-cü ildönümü günü başlamışdı. Bu gün Kəlbəcərin işğalından 25 il ötür. Bu müddət ərzində işğal edilən torpaqların, o cümlədən Kəlbəcərin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Ancaq ötən 25 il ərzində Ermənistan bu qətnamələri yerinə yetirməyib.

Bu hadisələr Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu göstərdi. Aprel döyüşlərindəki məğlubiyyətdən sonra erməni təbliğatçıları Ermənistan cəmiyyətində ruh yüksəkliyi yaratmaq üçün Türkiyə və Azərbaycan torpaqlarına iddialarını bir daha açıq formada göstərdilər. Ancaq bununla belə, Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlardan sonra Ermənistanda Rusiyaya qarşı çıxışlar da artdı. Yerevanda və Los-Ancelosda ermənilər Rusiya əleyhinə aksiyalar keçirdilər. Həmin aksiyada “İşğalçı Rusiya Ermənistanı tərk et!”, “Rusiya imperiyadır!” şüarları səslənmişdi. Hadisələrdən sonra Moskva Yerevanın və bütövlükdə ermənilərin könlünü almaq üçün Ermənistan ordusuna 100 milyon dollarlıq kredit verdi. Hətta Ermənistanda “İskander” zenit-raket kompleksini də yerləşdirdi.

Son aylar Ermənistanda yenidən Rusiya əleyhinə çıxışlar başlayıb. Bu il martın 29-da Ermənistanda çıxan “Haykakan Jamanak” qəzetində “1996-cı ildə Gümrüdə 102 saylı hərbi bazanın rusiyalı əsgərlərinin törətdikləri qanlı özbaşınalılqlar” başlığı altında məqalə dərc olunub. Rusiyalı hərbçilərə nəzarət məqsədilə Gümrüdə hərbi polis dəstələri yaradılacaq. Bu şəhərdə fəaliyyət göstərən “Kompas” Elmi-Araşdırma, Maarifləndirici Konsaltinq Mərkəzinin mütəxəssisi Karen Petrosyan hərbi polis dəstələri və Rusiya əsgərlərinin törətdikləri cinayətlərdən danışıb. O bildirib ki, belə dəstələrin yaradılması haqqında Ermənistan və Rusiyanın birgə bəyanat verməsi yaxşı olardı. K.Petrosyan 102 saylı bazanın hərbçisi Valeri Permyakovun 2015-ci il yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirməsini yada salıb: “Avetisyanların qətlindən sonra Gümrünün Bullvar məhəlləsində Rusiya hərbçisinin meyiti aşkar olundu”. Mütəxəssis deyib ki, 1996-cı ildə həmin hərbi hissənin əsgərləri Denis Popov və Aleksandr Kamaenevin Gümrüdə avtomat silahdan açdıqları atəş nəticəsində 2 nəfər ölmüş, 8 nəfər yaralanmışdı. K.Petrosyanın sözlərinə görə, yaradılacaq Rusiya hərbi polis dəstələrinin səlahiyyət həddini aşaraq rusiyalı hərbçilər kimi davranmayacaqlarına təminat yoxdur. Əslində, belə zənn etmək olar ki, Rusiya bu polis dəstələri adı altında Ermənistandakı hərbçilərinin sayını artırır. Erməni təhlilçilər yeni yaradılacaq hərbi qurumdan ehtiyat edirlər. Onun Ermənistana xeyrinin olmayacağını bildirirlər.

Erməni şərhçi Naira Ayrumyan yazıb: “Bu hərbi polis Rusiyaya niyə lazımdır? Bu suala Ermənistanın cavabı yoxdur. Rusiyanın Gümrüdən başqa Erebunidə hərbi bazası var. Bundan başqa, Ermənistanın dövlət sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbçiləri qoruyur. Rusiya hərbçilərinin əksəriyyətinə xarici pasport verilmir. Onların çoxu daxili pasportla asanlıqla Ermənistana səfər edə bilirlər”.

Bu arada aprelin 2-də Rusiyanın Ermənistanda yerləşən hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən təlimlərdə iştirak edirlər. İkitərəfli taktiki təlimlərə mindən çox hərbçi, təqribən, 300 ədəd hərbi texnika, o cümlədən qırıcı təyyarələr, ordu və pilotsuz aviasiya cəlb olunub. Bundan başqa, anti-Rusiya çıxışları qarşılığında Moskva Yerevana daha bir güzəştli kredit ayıracaq. Rusiya Ermənistana hərbi avadanlıqlar almaq məqsədilə cari il 100 milyon dollarlıq kredit verəcək.

Yeri gəlmişkən, ABŞ-ın Xarici Siyasət Şurasının analitiki Stiven Blank bu yaxınlarda qeyd edib ki, ABŞ-ın yeni sanksiyaları digər dövlətləri Rusiya silahları almaqdan çəkindirə bilər: “Rusiya silahlarının Cənubi Qafqaza gəlməsinin dayandırılması pis olmazdı, heç olmasa, bu tərəflərin sülh əldə etməsinə yardım göstərərdi. Rusiya silahları alanlara dövlət səviyyəsində müəyyən istisnalar olunsa da, RF-dən böyük həcmdə silah alan Ermənistan surprizlərlə rastlaşa bilər. Ümumiyyətlə, bir dövlətə sanksiyalar tətbiq etmək mümkündür”.

Belə çıxır ki, Ermənistanda cəmiyyətin fikirləri rəsmi Yerevan üçün əhəmiyyətli deyil. Rusiyanın isə bu ölkəyə öz ərazisi kimi baxdığı dönə-dönə təsdiqini tapır. Yaxud bu iddia doğru deyilsə, o zaman Moskva anti-Rusiya təbilğatı əksilməyən bir ölkəni niyə belə canı-dillə dəstəkləyir, ona yardım edir? Hətta 2016-cı ilin aprelin 2-5-də keçirilən hərbi əməliyyat belə Rusiyanın istəyi və xahişi ilə dayandırıldı. Əks halda, daha böyük ərazilərin işğalçıdan təmizlənəcəyi istisna olunmurdu.

Beləliklə, aprel döyüşləri Azərbaycana torpaqların hərbi yolla işğaldan azad etmək üçün "yaşıl işıq" da yandırdı, bunu reallaşdırmaq üçün Azərbaycanın hər cür imkanı olduğu nümayiş etdirildi. Eyni zamanda Azərbaycan cəmiyyətinin də işğal faktını çox uzanmasından narahat olduğu üzə çıxdı. Ona görə də ilk növbədə münaqişənin dinc yolla həllinin tərəfdarı olub atəşkəs rejiminin pozulmamasından ötrü canfəşanlıq edən və təcavüzkar Ermənistana bir dəfə də olsun həddini bildirməyən beynəlxalq vasitəçiləri ittiham edirlər. Aprel döyüşləri sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. Habelə iki il əvvəl keçirilən hərbi əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir.

Son xəbərlər

Orphus sistemi