Anti-Azərbaycan şəbəkənin total hücumu - AŞPA-nın qərəzi bitmir - ŞƏRH

Anti-Azərbaycan şəbəkənin total hücumu - AŞPA-nın qərəzi bitmir - ŞƏRH Qərb kurasiyasında olduğu təşkilatlar vasitəsilə Azərbaycana qarşı total hücumunu gücləndirib. Hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətləri hədəfə almağa çalışır. Azərbaycana qarşı qərəzli mövqe sərgiləmək üçün növbəyə düzülənlər tıxac yaradıblar
Analitika
23 Yanvar , 2024 16:35
Anti-Azərbaycan şəbəkənin total hücumu - AŞPA-nın qərəzi bitmir - ŞƏRH

Qərb kurasiyasında olan təşkilatlar vasitəsilə Azərbaycana qarşı total hücumunu gücləndirib, hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətləri hədəfə almağa çalışır. Belə demək mümkünsə, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyənlərin artıq növbəsi yaranıb. “Yeni səlib” yürüşünə rəhbərlik edən Fransanın dirijorluğu ilə ard-arda qərarlar qəbul olunur, təşəbbüslərlə çıxış edilir.

Onlar bu dəfə anti-Azərbaycan şəbəkəyə Avropa Şurası Parlament Assambleyasını (AŞPA) qoşmağa müvəffəq olublar. Təşkilatın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. Gətirilən səbəblər də gülüş doğurur. Məsələn, iddia edilib ki, Azərbaycan guya Qarabağdan erməni sakinləri zorla çıxarıb. Halbuki, ortada bununla bağlı bir fakt belə yoxdur. Nə bölgəyə səfər edən BMT missiyasının, nə də digər qurumların hesabat və monitorinqləri nəzərə alınıb. Barələrində məhkəmə qərarı olmayan şəxslər isə “siyasi məhbus” adlandırılıb. Ola bilsin, Azərbaycanda terror törədən, separatçılıq əməllərinə yol verən şəxsləri nəzərdə tuturlar.

Bundan əvvəl də Fransa rəsmiləri, o cümlədən Avropa Parlamentinin bəzi üzvləri barələrində məhkəmə qərarlarının icrasını gözləyən separatçıları, terrorçuları “siyasi məhbus” adlandırmaqdan çəkinməmişdilər. İndi isə alman deputat onların yolu ilə gedir. Ermənistan belə həmin şəxslərlə bağlı məsələni gündəmə gətirmədiyi halda, qərblilərin belə təşəbbüsləri anlaşılan deyil. Bu da onun və digərlərinin qərəz və erməni lobbisinin maraqlarını ifadə etdiklərindən xəbər verir.

AŞPA-nı narazı salan digər bir məsələ ondan ibarətdir ki, o, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə dəvət almayıb. Hələ də anlamaq istəmirlər ki, Azərbaycan seçkilərə müşahidəçiləri dəvət etməkdə müstəqildir. Məsələn, artıq prosesi izləmək üçün ATƏT-dən tutmuş əksər təşkilatlara kimi çoxsaylı müşahidəçilərə dəvətlər göndərilib və təşəbbüslər də müsbət qəbul edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda da bildirilir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyi beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab alıb. Beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, MDB, İƏT, ŞƏT, GUAM, TDT və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib. Mövcud prosedura əsasən, öz növbəsində qeyd edilən təşkilatlar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkiləri müşahidə etməyə çağırış edirlər. Dəvət göndərilən təşkilatların əksəriyyətindən də müsbət cavablar alınıb.

Bu siyahıda AŞPA-nın olmamasının səbəbini isə qurumda çox yaxşı bilirlər.

Obyektivlik naminə qeyd etmək gərəkdir ki, AŞPA-nın bədnam toplantısında alman həmkarına qarşı sərt çıxış edən deputatlar da tapılıb. Məsələn, Böyük Britaniyanın AŞPA-dakı nümayəndəsi Yan Liddel-Qreydjer Azərbaycana qarşı demarşı pisləyib. O, çıxışı zamanı həmkarlarının gəldiyi qənaətə etiraz edib və bunun düzgün qərar olmadığını səsləndirib. Əlavə edib ki, bu cür addımlar yaxşı heç nə vəd etmir. Bu səbəbdən də o, belə qərarların qəbulunda ehtiyatlı davranmağa çağırış edib.

Bir faktı da xatırlatmaq yerinə düşər. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını bərpa edə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq ola bilər. Lakin 30 il ərzində gördüyü və müşahidə etdikləri bunun əksini üzə çıxardı. Nəhayət, Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizə qarşı total hücum start götürdü. AŞPA da artıq bu hücumda ön sırada yer alıb. Sadəcə, Qərb İkinci Qarabağ müharibəsi və ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərlə terrorçuların kökünün kəsilməsini həzm edə bilmir. Bunu açıq etiraf edə bilmədiklərindən müxtəlif yollarla ölkəmizə təzyiq edirlər.

Bəli, bu gün bəzi Qərb ölkələrinin, təşkilatlarının, xüsusilə, AŞPA-nın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar özlərinin prinsip və normalarına zidd addımdır. Ümumiyyətlə, baş verən son hadisələr təşkilatın daxilində demokratik dəyərlərin iflasa uğradığını üzə çıxarıb. Təşkilat həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan xəbərlər üzərində fəaliyyəti prioritet elan edib. AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının istənilməsinin arxasında daha çox anti-Azərbaycan meyilini formalaşdırmış qüvvələrin dayandığı şübhə doğurmur.

Azərbaycan əraziləri işğal altında olan müddət ərzində hər hansısa Qərb təsisatı, o cümlədən AŞPA tərəfindən ciddi addım atılmadı. Verilən qərarlar, söylənilən bəyanatlar isə beynəlxalq hüququ imitasiya etmək mahiyyəti daşıyırdı. Buna görə də Ermənistanın təcavüzü nəticəsində baş verən problemdə real nəticə əldə olunmadı.

Sonda onu da qeyd etmək olar ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qərarı elə Avropa Şurasına daxil olan ölkələrə öz təsirini göstərəcək. Çünki həmin dövlətlərin içində həm də Avropa İttifaqına daxil olan 9 dövlətlə Azərbaycan arasında strateji müttəfiqlik əlaqələri var. Ona görə də həmin dövlətlərin bu məsələyə öz etirazlarını bildirəcəkləri ehtimal olunur.

Əminliklə deyə bilərik ki, AŞPA-nın və onun timsalında digər strukturların anti-Azərbaycan təşəbbüsləri əvvəlkilər kimi nəticəsiz olacaq.

Son xəbərlər

Orphus sistemi