Anna Hakopyanın avantürası- işğal altında olan Qarabağda “sülhsevərlik” tamaşası - ŞƏRH

Anna Hakopyanın avantürası- işğal altında olan Qarabağda “sülhsevərlik” tamaşası - ŞƏRH Tamaşanın ssenarisi yalan üzərində qurulduğundan bu rolla onlar özlərinə ziyan vurur, Ermənistanın işğalçı obrazını gizlədə bilmirlər
Analitika
2138
9 Oktyabr , 2018 15:00
Anna Hakopyanın avantürası- işğal altında olan Qarabağda “sülhsevərlik” tamaşası - ŞƏRH

Bakı. 9 oktyabr. REPORT.AZ/ Ermənistanda çevirliş nəticəsində hakimiyyətə gələn siyasi qüvvə işğal altında olan Azərbaycan torpaqları üzərindən özünə imic formalaşdırmağa, xal toplamağa, ölkə əhalisi arasında və xaricdə nüfuz qazanmağa çalışır.

Bu ölkənin baş naziri Nikol Paşinyan münaqişənin danışıqlar yolu ilə həllindən danışdığı halda işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər edir.

O və həyat yoldaşı Anna Hakopyan beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq üçün “sülhsevər” rolunda çıxış etməyə səy göstərirlər. Ancaq qonşu dövlətin işğal altında olan torpaqlarını öz niyyətləri üçün səhnəyə çevirmələri onların saxtakarlığını açıq-aşkar göstərir. Tamaşanın ssenarisi yalan üzərində qurulduğundan bu rolla onlar özlərinə ziyan vurur, Ermənistanın işğalçı obrazını gizlədə bilmirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan

Təəssüf ki Ermənistanın hakim ailəsinin bu oyunbazlığına, avantürasına ATƏT Minsk qrupunun həmsədr dövlətlərindən bir olan Rusiyanın vətəndaşları da qoşulur.

Oktyabrın 7-də Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil etdiyi səfərdə Rusiya vətəndaşlarının “İnam” (“Vera”) Beynəlxalq Xeyriyyə Fondunun təsisçisi Anna Federmesser, yazıçı Lyudmila Ulitskaya və “Qadın dialoqu” Partiyasının sədri Yelena Semerikova, xüsusilə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova və digərlərinin iştirakı təəssüf və məyusluq doğurur.

“Qadın dialoqu” Partiyasının sədri Yelena Semerikova

Yeri gəlmişkən, Ermənistanın avantürasına qoşulub Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurmağa səy göstərən, sepratizmə dəstək verənlərdən bir də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini, habelə hakim “Vahid Rusiya” (“Yedinaya Rossiya”) fraksiyasının üzvü Konstantin Zatulin də Azərbaycana qarşı hədyan çıxışlar ilə seçilir. O, Ermənistanın işğalçılıq siyasətini və erməni seperatizmini dəstəkləyir.

Görünür, Rusiya Dumasında təmsil olunan Zatulin və Jurova kimilər Azərbaycan və Rusiya arasında əlaqələrin hərtərəfli inkişafından narahatlıq keçirir, uğursuz formada erməni lobbi dairələrinin təsiri altında bu əlaqələrə xələl yetirməyə çalışırlar.

Dünyanın bütün normal düşüncəli insanları sülhsevərdir. Onlar üçün sülhməramlılıq gəlişi gözəl sözlər və cazibədar şüarlar deyil. Bu baxımdan sülhdən danışılan zaman ilk növbədə qarşı tərəfin duyğuları, acıları, maraqları və hüquqları nəzərə alınmalıdır. Ancaq Ermənistan baş nazirinin həyat yoldaşı və onun avantürasına qoşulanlar sülhməramlılıq pərdəsi arxasında gizlənərək Azərbaycan ərazilərinin işğalının davam etdirilməsini hədəfləyirlərsə, çox ciddi şəkildə yanılırlar.

Axı, başqa bir ölkənin beynəlxalq hüquqla tanınan və qorunan ərazi bütövlüyünü, suverenliyini güc yolu ilə pozaraq işğal edilən bir əraziyə səfər edib, orada sülhdən və insani dəyərlərdən necə danışmaq olar? Bu nə əcaib məntiqdir? Azərbaycanın işğal olunmuş ərazilərində Xocalı, Ağdaban soyqırımları törədən, günahsız insanları qətlə yetirən, ana bətnindəki körpələrin, uşaqların, yaşlıların və qadınların qanını axıdanların indi həmin torpaqlarda sülhdən və insansevərlikdən danışması gülüncdür. Çünki bu cinayətləri törədənlər ədalət mühakiməsi qarşısında cavab verməyiblər, işğal isə davam edir. 

İndi Dağlıq Qarabağa səfər edib orada barışdan danışanların üzlərinin rəngi yəqin heç vaxt dəyişmir, sifətlərində həya qızartısı çoxdan məhv olub, ya da heç olmayıb.

Sülhməramlılıq adı altında belə təbliğat heç bir baxımdan düzgün sayıla bilməz. Bu sayaq təşəbbüslər, bu addımı atanlar sülhməramlılıq və sülhsevərlik kimi xoşməramlı fəaliyyətlərə zərbə vururlar. Qonşu dövlətin vətəndaşlarının öz torpaqlarından qaçqın düşməsinə dəstək verənləri bu niyyətin daşıyıcıları və tərəfdarları siyahısına daxil etmək gülüncdür.

Hamı çox yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsindən ən çox əziyyət çəkən tərəf Azərbaycandır. Azərbaycan əraziləri 25 ildən artıqdır Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Sülhyaratma fəaliyyəti ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyi izah edilməlidir.

Azərbaycan tərəfi torpaqların sülh yolu ilə işğaldan azad edilməsi tərəfdarıdır. Düzdür, beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını hərb yolu ilə işğalçıdan təmizləməyə də imkan verir. 2016-cı ilin aprelində Azərbaycan bu qüdrətinin olduğunu hamıya nümayiş etdirə bildi. Bununla belə rəsmi Bakı sülhsevərlik mövqeyindən çıxış edərək, öz torpaqlarının dinc yolla azad olunmasına razılıq verir.

Anna Hakopyan və onun avantürasına qoşulanlar bu xoşməramlı mövqeyə qarşı çıxmağa səy göstərir. Bu baxımdan sülhməramlılıq fəaliyyəti qeyri-peşəkarcasına özfəaliyyət formasında həyata keçirildiyi təqdirdə, ümumi prosesə mənfi təsir göstərir və vəziyyətin daha da gərginləşməsinə səbəb olur.

Anna Hakopyan bu hərəkəti ilə həyat yoldaşı Nikol Paşinyana qarşı çıxıb. Belə ki, Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin möhkəmləndirilməsi ilə əlaqədar müəyyən məsələlər müzakirə edildiyi bir vaxtda belə bir addımın atılması münaqişənin danışıqlar yolu ilə həllinə xidmət etmir. Əksinə mənfi informasiya mühiti yaradır. Rəsmi Yerevanın etibarına yenə də kölgə salır.

Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir. BMT-yə üzv olan bütün dövlətlər, o cümlədən münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Fransa və Rusiya Azərbaycanın müstəqilliyini həmin ərazilərlə birlikdə tanıyırlar. Odur ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin, müvafiq qanunlarının kobud şəkildə pozulmasıdır. Bu qanunsuz səfərdə iştirak etmiş şəxslərin adları müvafiq dövlət qurumu tərəfindən "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.

Xatırladaq ki, bu siyahıya müxtəlif dövlətlərin vətəndaşı olan 707 nəfərin adı salınıb. Rusiyada siyasətlə məşğul olmağa səy göstərən Yelena Semerikova isə 2007-ci ildən bu siyahıdadır.

Ancaq törətdikləri əməllərinə görə, peşmanlıq yaşayıb, Azərbaycandan üzr istəyənlər də var. Onlardan bəzilərini yada salaq.

Rusiya Liberal Demokrat Partiyasının liderlərindən biri Aleksey Mitrofanov

Rusiyanın tanınmış siysətçisi, Rusiya Liberal Demokrat Partiyasının liderlərindən biri Aleksey Mitrofanov əməlinə görə üzr istəyəndən sonra siyahından çıxarılıb.

Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Dmitri Uvarov, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

O, məktubunda 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazmışdı. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulamışdı.

Dmitri Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini vurğulamışdı.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20 mindən çox insanın həlak olduğunu qeyd etmişdi. D.Uvarov Bakıya səfər edib, işğaldan azad olunan Cocuq Mərcanlı kəndində “Sülh naminə musiqi” layihəsi çərçivəsində azərbaycanlı qaçqınlara xeyriyyə konserti vermək niyyətində olduğunu da vurğulamışdı. 

Onun birlikdə Rusiya vətəndaşı Mariya Nemtsova və Argetina vətəndaşı Manuel Dominqez də oxşar məktubla Azərbaycanın rəsmi qurumlarına müraciət etmişdilər.

2017- ci ildə rəsmi Bakının tələbi ilə Belarusun paytaxtı Minskdə həbs edilərək, Bakıya gətirilən, Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşin Prezident İlham Əliyevdən, Azərbaycan xalqı və dövlətindən  üzr istəmişdi.

Xatırladaq ki, A.Lapşin dekabrın 14-ü Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb. Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində ə səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da “müstəqil dövlət” kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmişdi.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təbəəsi, İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

O, 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını vurğulayıb. BƏƏ təbəəsi bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

Səhvlərinin başa düşüb üzr istəyənlərin sayı çoxdur. Bu onu göstərir ki, Lapşinin timsalında Azərbaycana qarşı hörmətsizlik edənlərə, səhvə yol verənlərə reallığı Bakıda da başa salmaq mümkündür. Ancaq Azərbaycan sülhsevərlik və humanizm mövqeyindən çıxış edərək, onların yol verdikləri qanunsuzluqları başa düşəcəklərinə ümid edir.

Odur ki, Ermənistan dövlətinin saxta iddialarına dəstək verənlərin, sülhsevərlik adından çirkin məqsədlər üçün istifadə edib Anna Hakopyanın avantürasına qoşulanların da gec-tez səhvlərini başa düşəcəyi istisna deyil.

Son xəbərlər

Orphus sistemi