“Təəssüf ki, Baydenin dövründə bizi çətin dörd il gözləyir. Çünki o, baxışları ölkədə ciddi parçalanmalara səbəb olan qatı solçu siyasətçilərin yolunu tutub”.
Bunu “Report”a müsahibəsində amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik və hüquqşünas İrina Tsukerman deyib.
Onun sözlərinə görə, yeni prezident aparıcı respublikaçı senatorlardan biri olan Ted Kruzu Qobbels adlandırmaqla vəzifələrinin icrasına heç də yaxşı tərəfdən başlamayıb: “Bu, çətin ki, onu Kruz və Trampın tərəfdarları ilə yaxınlaşdırsın. Halbuki demokratlar və daha solçu respublikaçılar Baydenin tvitterdə sələfindən daha az fəal olduğuna görə ictimaiyyətin bir hissəsini özünə qarşı daha az “kökləyəcəyini” düşünürdü. O isə bəribaşdan təkcə sözləri ilə yox, həm də hərəkətləri ilə özünü fərqli formada apardı. Hətta kabinetini və digər müttəfiqlərini seçərkən belə kimin layiq olması ilə yox, dərinin rəngi, cinsiyyət və cinsi oriyentasiya kimi xarici göstəricilər ilə daha çox maraqlandığını göstərdi. Üstəlik, onun məmurlarının əsas hissəsi çox solçudur və Konqresdə Respublikaçı azlıq ilə nədəsə kompromisə getməyə meylli deyil, başqa sözlə, ölkənin azı yarısının fikri onları maraqlandırmır”.
İ.Tsukerman həmçinin vurğulayıb ki, hər iki palata artıq Demokratların əlində olduğundan Bayden administrasiyası böyük maneələr ilə üzləşməyəcək və onlar yaxın iki ildə ölkə üçün kifayət qədər radikal və dağıdıcı proqramlar da həyata keçirəcəklər.
“Bayden vəzifəsinə başladığı ilk gündə prioritetlərinin Trampın bir çox nailiyyətlərini, o cümlədən ölkənin iqtisadiyyatı və enerji siyasəti üçün vacib olan, minlərlə iş yeri yaradan önəmli boru kəmərinin (Keystone XL – red.) inşasını ləğv etmək olduğunu açıq şəkildə göstərdi. Bunun əvəzinə Obama dövrünün administrasiyaya yaxın olanları korporativ dairələrdə zənginləşdirən, sıravi amerikalı üçün isə narahatlıq yaradan və cibə ziyan vuran bahalı və korrupsiyalaşmış “yaşıl” iqtisadi siyasətinə qayıdış izlənilir”, - hüquqşünas söyləyib.
Analitik hesab edir ki, Baydenin prezidentliyi dövründə ABŞ-ın xarici siyasətini heç də hər zaman işə yaramayan, avtoritar dövlətlərin rəhbərlik etdiyi və ya himayəsində olan korrupsiyalaşmış beynəlxalq təşkilatlar kontekstində isə xüsusilə pis işləyən çoxtərəfli münasibətlərə qeyd-şərtsiz qayıdış gözləyir.
“İranla danışıqlar da, Baydenin ilk gündən özünü Səudiyyə Ərəbistanı kimi köhnə müttəfiqlərə qarşı qoyması faktını nəzərə alsaq, çətin ki, yaxşı nə iləsə nəticələnsin. Bayden İrana və Yaxın Şərqdəki ortaqlarına qarşı olan enerji və digər sanksiyaları ləğv etməyə hazırlaşır. Bu da yeni dağıdıcı müharibələrə, terrorizmin böyüməsinə gətirib çıxaracaq”, - analitik hesab edir.
“Nəhayət, Demokratlar kampaniyalarını maliyyələşdirən və müəyyən layihələrə və şirkətlərə investisiya qoyan erməni lobbisinə rəğbət bəsləyir. Hazırda Qafqaz Bayden üçün prioritet deyil, lakin bu, hər an dəyişə bilər, xüsusən də enerji məsələlərində Rusiya ilə işləməyi üstün tutan Almaniyanın, özünün erməni diasporunun təzyiqi altında olan və Rusiyaya nisbi yaxınlığı olan Fransanın təzyiqi altında”, - İ.Tsukerman bildirib.