​"Çe"nin "SİRİZA"sı və Aİ Yunanıstanda imtahan verəcək - ŞƏRH

​"Çe"nin "SİRİZA"sı və Aİ Yunanıstanda imtahan verəcək - ŞƏRH Marin Le Pen: "Yunanıstan xalqı Avropa İttifaqına güclü bir sillə vurdu"
Analitika
26 Yanvar , 2015 16:05
​Çenin SİRİZAsı və Aİ Yunanıstanda imtahan verəcək - ŞƏRH

Bakı. 26 yanvar. REPORT.AZ/ Avropada sağ və ya sağ mərkəzçilərin ehtiyatlandığı radikal solçular Yunanıstanda seçkidə qalib gəldiklərini elan edib. Ölkə tarixində ilk dəfə olaraq 1957-1974-cü illərdə "polkovniklər xuntası" dövrünü yaşamayan partiya - SİRİZA Radikal Sol Partiya qalib gəlib. Bu koalisiya 6 sol siyasi təşkilatın birləşməsi nəticəsində formalaşıb. Onun lideri 2009-cu ildən sonra ilk dəfə millət vəkili seçilib. Təşkilatın lideri Aleksis Çiprasdır. Hətta ona dostları Çe Gevaranın şərəfinə "Çe-pras" deyirlər.


"REPORT"un şərhi

Hakimiyyətə gələn yeni siyasi qüvvənin qarşısında duran ən əsas məsələ heç şübhəsiz Yunanıstanı iqtisadi böhrandan çıxarmaqdır. 2003-cü ildə SİRİZA parlament seçkisində qalib gələndə avro dollara nisbətdə 1,1184 dollar ucuzlaşmışdı. 11 ildən sonra oxşar proses baş verib. Ötən gün avro dollara nisbətdə 1,1194 dollar ucuzlaşıb.

Bundan başqa, 2008-ci ildə dünyada başlayan iqtisadi böhrandan Yunanıstan çıxa bilməyib. Halbuki ötən illər ərzində Avropa İttifaqı bu ölkəyə milyardlarla avro məbləğində yardım edib. Bu vəziyyətdən çıxa bilməyən Yunanıstan Aİ-nin autsayderinə çevrilib.

Son seçkiyədək Yunanıstan Avropa üçün iqtisadi problem yaradırdısa, bu siyasi kampaniyadan sonra onun Aİ-yə siyasi-ideoloji yöndən də problem yaradacağı ehtimal olunur. Sol radikalların və ümumiyyətlə, solçuların seçkidə qalib gəlməsi Avropanın siyasi elitası üçün bir siqnal da ola bilər. Çünki sol radikallar bir qayda olaraq qatı millətçiliyi ilə fərqlənirlər.

Məsələn, SİRİZA-nı ilk olaraq təbrik edənlər arasında Fransa "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen də var. O, Radikal Sol Partiyanın qələbəsini belə xarakterizə edib: "Yunanıstan xalqı Avropa İttifaqına güclü bir sillə vurdu".

Yunanıstanın Türkiyə ilə münasibətlərində Qərbi Trakiyadakı türklərə, Kipr probleminin həlli və zaman-zaman meydana çıxan adalarla bağlı porblemlərə görə ziddiyyətli olub və bu proses davam etməkdədir.

Yunanıstandakı sollar, xüsusilə seçkinin ilkin nəticələrinə görə dördüncü olan "Qızıl Şəfəq" Partiyası anti-türk çıxışları ilə seçilib. Bu siyasi təşkilat dəfələrlə türklərin yaşadığı Qərbi Trakiyada anti-türk aksiyaları keçirib, hətta onların Yunanıstandan çıxarılması şüarlarını irəli sürüblər.

Bu baxımdan yeni siyasi qüvvənin Türkiyə ilə münasibətlərində müsbət istiqamətdə dəyişikliyin baş verməsi şübhəsiz hər iki dövlətin xeyrinə ola bilər.

Azərbaycan torpaqlarını işğal edən və Türkiyəyə qarşı çeşidli iddialar irəli sürən Ermənistanla da Yunanıstanın münasibətləri çox sıxdır. Ötən illərdə rəsmi Afina ilə İrəvanın hərbi sahədə də əməkdaşlığı artıb. Sadəcə olaraq, Yunanıstanın üzləşdiyi iqtisadi-maliyyə böhranı bu və başqa sahələrdə əlaqələrin dərinləşməsinə sözsüz mane olur.

Azərbaycan-Yunanıstan münasibətlərinə gəldikdə isə əlaqələrin inkişaf etdiyini Prezident İlham Əliyev 2014-cü ilin iyununda bu ölkəyə səfərində bildirib.

Beləliklə, hakimiyyətə gələn yeni qüvvə Yunanıstanı iqtisadi, siyasi, ictimai böhrandan xilas etmək kimi ağır bir yükün məsuliyyətini üzərinə götürüb. Eyni halda SİRİZA ilə yanaşı, Avropa İttifaqını da bu ölkədə yaranmış vəziyyətlə bağlı imtahan gözləyir. 

Son xəbərlər

Orphus sistemi