ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi? - ŞƏRH

ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi? - ŞƏRH Bakı. 19 sentyabr. REPORT.AZ/ Həftənin ilk günündə dünyanın qaynar bölgələrindən sayılan Suriyadakı vəziyyətə dair Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında danışıq oldu.
Analitika
172
19 Sentyabr , 2018 15:19
ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi?  - ŞƏRH

Bakı. 19 sentyabr. REPORT.AZ/ Həftənin ilk günündə dünyanın qaynar bölgələrindən sayılan Suriyadakı vəziyyətə dair Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında danışıq oldu.

Soçidə görüşən prezidentlər İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəliblər.

Türkiyə prezidenti danışıqlardan sonra bildirib ki, rusiyalı həmkarı ilə Suriyadakı vəziyyəti ətraflı müzakirə ediblər: “Cari ilin oktyabr ayının 15-dək silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində hərbsizləşdirilmiş zona yaratmaq barədə qərar qəbul etdik".

Həmin bölgəyə Türkiyə ordusunun səyyar keşikçi qrupu və Rusiya hərbi polisi nəzarət edəcək.

R.T.Ərdoğanın təklifinə əsasən, bütün müxalifət qruplaşmaları oktyabrın 10-dək ağır silahlarını, tanklarını, reaktiv yaylım atəşi sistemlərini, topları və minaatanları ərazidən çıxaracaqlar. Oktyabrın 15-dən etibarən Türkiyə və Rusiya əyalətə birgə nəzarət edəcək.

Türkiyənin İdlibdə 12, Rusiyanın 10, İranın isə az sayda müşahidə məntəqəsi olduğu və onların saylarının artırılacağı bildirilir.

Dövlət başçıları Suriyanın İdlib əyalətinin terrorçulardan təmizlənməsi üçün birgə səy göstərəcəklərini də vurğulayıblar.

R.T.Ərdoğan Suriyada terrorçulara qarşı mübarizənin İdliblə məhdudlaşmayacağını bildirərək terrorçu PKK-nın bu ölkədəki qolları olan YPG və PYD-nin də əsas hədəflərdən biri olduğunu söyləyib. O, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları nəticəsində Suriya ərazisinin 4 min kv km-ni terrorçu İŞİD və PKK qruplaşmalarından təmizlədiklərinin deyib: “Oxşar addımların YPG/PYD-nin əlində saxladığı başqa bölgələrdə də atılmasını istəyirik”.

Vladimir Putin Suriyanın Hələb və Tartus əyalətlərindəki Rusiyanın hərbi bazalarına hücum təhlükəsinin olduğunu bildirib. O, “Əl-Nusra” da daxil olmaqla bütün silahlı qrupların bölgədən çıxarılacağını vurğulayıb.

Prezidentlərin mətbuat konfrasından sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu İdlibdə hərbi əməliyyatların keçirilməyəcəyini bildirib.

R.T.Ərdoğanla V.Putinin Soçi danışıqları günü İran İdlib bölgəsindəki hərbi əməliyyata qatılmayacağını bəyan edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasimi bildirib ki, Suriyanın ərazi bütövlüyünü dəstəkləyirlər: “Bu səbəbdən, ölkə ərazisinin terrorçulardan təmizlənməsini istəyirik”.

Qeyd edək ki, İran Bəşşar Əsədə bağlı silahlıların sırasında hərbi əməliyyatlara qatılırdı. Rəsmi Tehran döyüşlərdə iştirak etmədiklərini, daha çox Əsəd hərbçilərini təlimatlandırdıqlarını iddia edir.

Türkiyə və Rusiya prezidentlərinin danışıqları keçirilən gecə İsrail Suriya ərazisini raket atəşinə tutub. Sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi vurulub. Nəticədə Rusiyanın 15 hərbçisi ölüb.

Rusiya təyyarəsini hansı dövlətin vurması isə hələ ictimaiyyət üçün tam məlum deyil.

Hadisədən sonra bunu İsrailin etdiyinə dair xəbər yayıldı. Ancaq yəhudi dövlətinin rəsmiləri Rusiya təyyarəsini vurduqlarını təkzib etdilər. Hətta prezident Vladimir Putin də sonradan bunun bədbəxt hadisə olduğunu, dolayı yolla təyyarəni İsrailin vurmadığına işarə edib.  

Ancaq Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik etdiyi qurumun kollegiya iclasında deyib: “Mən İsrailin müdafiə naziri Aviqdor Libermanı məlumatlandıraraq bildirdim ki, bunu cavabsız qoymayacağıq və uyğun addım atacağıq”. O, cavab tədbirinin nədən ibarət olacağını açıqlamayıb.

Bu isə onu göstərir ki, hadisəyə görə V.Putinlə S.Şoyqu arasında fikir ayrılığı var.  

Bütün hallarda daha çox inandırıcı sayılan variant isə təyyarənin Suriyanın Hərbi Hava Qüvvələri tərəfindən səhvən vurulmasıdır. Çünki hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Yeri gəlmişkən, Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinin istifadə etdiyi sistemin və təlimatçıların Rusiyaya aid olduğu ehtimal edilir. 

Heç kimə sirr deyil ki, İdlib məsələsində ABŞ və Avropa İttifaqının da razılığı vacibdir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezidentlərin Soçi görüşü ilə bağlı ABŞ-ın dövlət katibi Maykl Pompeo və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerinini məlumatlandırıb.

Soçi danışıqlarından sonra verilən bəyanatlardan belə anlaşılır ki, İdlibdə hərbi əməliyyatlar başlamayacaq. Bölgəyə Türkiyə və Rusiya nəzarət edəcək. Düzdür, ABŞ və Avropa İttifaqı hələlik buna razılıq verməyib. O da sirr deyil ki, həmin bölgədə Vaşinqtonun və Brüsselin də dəstəklədiyi silahlılar mövcuddur. Əslində İdliblə bağlı vəziyyətin bu yerə çatmasının səbəblərindən biri də Suriyanın bu strateji əyalətində hərənin öz qrupunun mövcud olmasıdır. İndi həmin dövlətlər öz aralarında silahlılarının İdlibdən çıxarılmasına razılıq verməlidirlər.

İran bu proseslərdə oyundankənar vəziyyətdə qaldı. Bunun səbəbləri çox ola bilər. Ancaq, ehtimal ki, səbəblərdən biri də ABŞ prezidentinin terrorçu İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Brett Makqerkin İran İnqilab Keşikçiləri Qvardiyasının “Əl-Qüds” qoşununun komandanı Qasım Süleymani ilə görüşüdür. Bu görüş sentyabrın 11-də keçirilib.

Həmin görüşdə tərəflərin İraqda yeni hökumətin qurulmasını və başqa məsələləri müzakirə edikləri barədə məlumatlar yayılıb. B.Makqerk Q.Süleymaniyə iki ölkə arasındakı bütün fikr ayrılığını kənara ataraq İraqda yeni hökumətin qurulması məsələsində birgə işləməyi təklif edib. İnformasiyaya əsasən, görüş ABŞ prezidentinin xüsusi nümayəndəsinin təşəbbüsü ilə keçirilib.

B.Makqerk deyib ki, Vaşinqton istənilən şəxsin baş nazir olmasına qarşı deyil, eləcə də Heydər Əl-İbadinin bu vəzifədə qalmasına etiraz etmir. Onun sözlərinə görə, ABŞ İraqda başlayan prosesin davam etməsini, İranın buna çətinlik yaratmamasını istəyir.

İranlı general Qasım Süleymani amerikalı nümayəndəyə ölkəsinin İraqdakı konsulluğuna hücum barədə əvvəlcədən məlumatlı olduqlarına dair dəlil-sübut göstərib. O, Bağdad yaxınlığındakı ABŞ konsulluğuna hücumun İrana aiddiyyəti olmadığını çatdırıb.

Q.Süleymani İraqın İranın qırmızı xətti olduğunu və Tehranın heç vaxt ondan imtina etməyəcəyini söyləyib.

Q.Süleymani qeyd edib ki, ABŞ İraqda İranın maraqlarına zidd siyasət yürütməsə, İran da İraqda ABŞ-ın maraqlarına qarışmamağa hazırdır.

Məlumata görə, tərəflər İraqda yeni hökumət qurulanadək müzakirələri davam etdirməyi razılaşdırıblar. 

Həmin görüşdə İranın Suriyadakı hərbi əməliyyatlardan çəkinməsinin də təklif edildiyi ehtimal olunur. Çünki İraq məsələsinin Suriyasız müzakirə olunması ağlabatan görünmür. Hər iki dövlətdə oxşar problemlər var.

Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru, indiki dövlət katibi Maykl Pompeo Qasım Süleymaniyə məktub göndərmişdi.

İdlib məsələsinə İranın qatılmaması Tehrana edilən və görünməyən beynəlxalq təzyiqlərin, ölkə daxilindəki siyasi-iqtisadi vəziyyətin nəticəsi də sayıla bilər.

Beləliklə İdlibin taleyi ilə bağlı Türkiyə və Rusiya prezidentlərinin keçirdiyi görüşün nəticəsi yaxın günlərdə bəlli olacaq. Suriya məsələsi ilə bağlı Tehran görüşünün nəticəsizliyi çox çəkmədi. Ona görə də ABŞ-ın İdlibə Türkiyə və Rusiyanın nəzarət etməsinə razılığını da çox gözləməyəcəyik. Hər halda, İraq və Suriyada vəziyyətin bu yerə çatmasının müəllifi və məqsəd də var.

Son xəbərlər

Orphus sistemi