​ABŞ-Azərbaycan münasibətləri: avantüra baş tutmadı - ŞƏRH

​ABŞ-Azərbaycan münasibətləri: avantüra baş tutmadı - ŞƏRH "Sanksiya" iddiaları sadəcə iddia imiş...
Analitika
6 Yanvar , 2016 16:57
​ABŞ-Azərbaycan münasibətləri: avantüra baş tutmadı - ŞƏRH

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu ilin yazında Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək.

Dünyanın enerjiyə tələbatı artdıqca, münaqişə ocaqlarının sayı çoxaldıqca nüvə təhlükəsizliyi məsələsi də aktuallaşmaqdadır.

Rusiya, İran və Ermənistanda atom stansiyaları olduğundan, Azərbaycanın da narahatlığı başadüşüləndir.

ABŞ prezidenti Barak Obama martın 31-i və aprelin 1-də keçiriləcək sammitə Azərbaycan Prezidenti İlham Əliyevi dəvət edib.

Ağ Evin indiki sahibinin göndərdiyi dəvətdə deyilir: "Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir".

Prezident İlham Əliyev bundan əvvəlki üç sammitdən ikisində iştirak edib.

Seulda keçirilən zirvə toplantısındakı çıxışında İlham Əliyev Azərbaycanın nüvə təhlükəsizliyi məsələlərinə münasibətini belə açıqlamışdı: "Azərbaycan qlobal nüvə təhlükəsizliyinə mühüm əhəmiyyət verir və Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə qoşulub.

Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurmuşdur. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis etdiyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə daha da genişləndirmək əzmindəyik.

Nüvə silahının yayılma təhlükəsini və coğrafi mövqeyimizi nəzərə alaraq, Azərbaycan ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadə edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək yüksək standartlara əsaslanan möhkəm qanunverici baza vasitəsilə ixraca nəzarət üçün güclü sistem yaratmışdır. Bu sistem nüvə qaçaqmalçılığının qarşısının alınmasında özünü etibarlı mexanizm kimi doğruldur.

Azərbaycan coğrafi şəraitini və ətraf mühit üçün baş verə biləcək transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təhlükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam dəstəkləyir. Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir".

Azərbaycan dünyanın təhlükəsizliyini təhdid edən istənilən məsələyə qarşı öz mövqeyini açıq şəkildə qoyub.

Bütün bunlar öz yerində. Lakin Barak Obamanın dəvətində başqa bir (bəlkə də əsas) mətləb də aşkar oldu: "sanksiya" iddiaları sadəcə iddia imiş...

Rəsmi Bakı ilə Qərb dövlətləri arasında istənilən məsələyə münasibətdə müəyyən fikir ayrılığı yarananda təəssüf ki, bəziləri vəziyyətin daha da mürəkkəbləşməsini arzulayır, hətta istəklərini gerçəklik kimi ictimai rəyə sırımaqdan əl çəkmirlər.

Bu dəvət isə ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən Konqresə təqdim olunan anti-Azərbaycan xarakterli “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənədin tam şəkildə iflası da sayıla bilər.

Həm də bu dəvət sübut etdi ki, iki dövlət bir-birinin müttəfiqidir. Başqa sözlə, rəsmi Vaşinqtonla rəsmi Bakı arasında münasibət heç də yayılan xəbərlər səviyyəsində kəskin deyil, əksinə, daha yaxındır. Yəni vəziyyəti kəskinləşdirmək istəyənlərin avantürası baş tutmadı...

Son xəbərlər

Orphus sistemi