2023-cü il nə ilə yadda qaldı: başa çatmaqda olan ilə ümumi baxış

2023-cü il nə ilə yadda qaldı: başa çatmaqda olan ilə ümumi baxış Başa çatmaqda olan 2023-cü il asan il olmadı. Biz Şərqi Avropada davam edən müharibənin, Yaxın Şərqdə yeni müharibənin başlanmasının, miqyası və ölümcüllüyü ilə dəhşət saçan zəlzələlərin, iqlim dəyişikliyinin, dünyada neokolonial zülmə qarşı mübarizənin g
Analitika
30 Dekabr , 2023 12:00
2023-cü il nə ilə yadda qaldı: başa çatmaqda olan ilə ümumi baxış

Başa çatmaqda olan 2023-cü il asan il olmadı. Biz Şərqi Avropada davam edən müharibənin, Yaxın Şərqdə yeni hərbi əməliyyatların başlanmasının, miqyası və ölümcüllüyü ilə dəhşət saçan zəlzələlərin, iqlim dəyişikliyinin, dünyada neokolonial zülmə qarşı mübarizənin güclənməsinin və ola bilsin, yeni pandemiyanın yaranmasının şahidi olduq. Amma 2023-cü il, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə yaddaşımızda qalacaq.

“Report” ənənəvi olaraq ilin ən yaddaqalan hadisələrinin icmalını təqdim edir.

Antiterror əməliyyatı

İlk əvvəl ondan başlayaq ki, 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.

Oktyabrın 15-də dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarında, eləcə də Əsgəran qalasında oldu və getdiyi hər yerdə Azərbaycan bayrağını qaldırdı.

Qərb cəbhəsində dəyişiklik yoxdur

Ukraynada müharibənin başlamasından keçən iki ilə yaxın ərzində münaqişə dalana dirənmiş vəziyyətdədir. Nə Rusiya, nə də Ukrayna cəbhə xəttində irəliləyiş etmək üçün kifayət qədər qüvvə toplaya bilmir. Tərəflər manevr müharibəsi doktrinasından imtina edərək mövqe, səngər qarşıdurmasına keçiblər. Bununla belə, tərəflərin təşəbbüsü ələ keçirmək və qoşunların irəliləməsini təmin etmək cəhdlərinə baxmayaraq, cəbhə xəttində nəzərəçarpacaq dəyişiklik müşahidə olunmur.

Yaydakı əks-hücum cəhdlərindən danışan Ukrayna Prezidenti Volodimir Zelenski bunun gözlənilən nəticəni vermədiyini etiraf edib. “Biz daha sürətli nəticələr əldə etmək istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimizə nail ola bilmədik. Bu faktdır”, - o deyib.

Ukraynada müharibə başlayandan Azərbaycan bu ölkəyə hər cür humanitar yardım göstərib. Göstərilən yardımların siyahısına generatorların, transformatorların, tibbi ləvazimatların və dərmanların göndərilməsi daxildir. Ümumilikdə Azərbaycan Ukraynaya 33 milyon ABŞ dollarından çox yardım edib.

Azərbaycan, dünyanın ən çox minalanmış ölkələrindən biri kimi, mina təhdidinin yaratdığı təhlükəni dərk edərək, bu böyük humanitar fəlakətin həllində Ukraynaya hər cür köməklik etməyə çalışır. Məsələn, Bakı Kiyevə minatəmizləmə maşını bağışlayıb və onu idarə edəcək mütəxəssislər hazırlamağa başlayıb.

“Vaqner”: üsyan, yürüş və “başsız” qalma

Ukraynada uzun sürən müharibə Rusiyada da öz təsirini göstərdi. “Vaqner”çilərin üsyanı və Rostov-Don şəhərinin muzdlular tərəfindən ələ keçirilməsi 2023-cü ilin gözlənilməz hadisələrindən biri oldu.

Bir vaxtlar Rusiyanın ən böyük özəl hərbi şirkəti (ÖHŞ) olmuş “Vaqner”in üzvlərinin üsyanının səbəbi, iddialara görə, Rusiya Müdafiə Nazirliyi tərəfindən onların mövqelərinin atəşə tutulması oldu. İyunun 23-də ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinin mətbuat xidməti “Teleqram” kanalında rəhbərlərinin Rusiya Müdafiə Nazirliyinə qarşı ittihamlar səsləndirdiyi məlumat yayımladı. Rusiya MN Priqojinin bəyanatını təkzib edərək “Vaqner”çilərin arxa düşərgələrinə hücum barədə məlumatın informasiya təxribatı olduğunu və reallığı əks etdirmədiyini bildirdi.

ÖHŞ-nin Müdafiə Nazirliyinin bu cür hərəkətlərinə cavab verəcəyini bildirən Priqojin qoşunları ilə Rostov-Don şəhərinə daxil olaraq bütün hərbi obyektlərə nəzarəti ələ keçirdi. Priqojinin “Ədalət yürüşü” adlandırdığı üsyanının əsas məqsədi Müdafiə Nazirliyinin rəhbərliyini və şəxsən nazir Sergey Şoyqunu məsuliyyətə cəlb etmək idi.

Bu hadisələrdən bir neçə ay əvvəl ÖHŞ rəhbəri Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini qoşunları tam komplektləşdirməməkdə, o cümlədən sursat çatışmazlığında ittiham etmişdi. Başqa sözlə, qruplaşma rəhbəri ilə Rusiya hərbi qurumu arasında münaqişə hələ iyun qiyamından əvvəl yaranmışdı.

Moskvaya qədər davam etməli olan üsyan və yürüş Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə əldə olunan razılaşmalardan sonra dayandı. ÖHŞ rəhbəri muzdluları ilə birlikdə Belarusa yola düşdü. Avqustun 23-də, üsyandan düz iki ay sonra Yevgeni Priqojinin olduğu təyyarə Rusiyanın Tver vilayəti üzərində səmada qəzaya uğradı və ÖHŞ-nin təsisçisi həlak oldu.

Müqəddəs torpaqlar yenidən od tutub yanır

Dünya ictimaiyyətinin bütün diqqəti Ukraynaya yönəldiyi bir vaxtda Yaxın Şərqdə yenidən qanlı münaqişə baş qaldırdı. Oktyabrın 7-də radikal HƏMAS qruplaşmasının yaraqlıları Qəzza zolağında sərhədi keçərək İsrailin sərhəd kibbutslarına və şəhərlərinə daxil oldu, azı 1 200 israillini öldürərək 200-dən çoxunu girov götürdü.

Buna cavab olaraq İsrail Müdafiə Ordusu döyüş hazırlığı vəziyyəti elan edib və radikal HƏMAS qruplaşmasını məhv etmək üçün “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

Əməliyyat zamanı Fələstinin mülki əhalisi arasında böyük itkilər qeydə alınıb ki, bu da dünya ictimaiyyətində rezonansa səbəb olub, insanları İsrail tərəfdarları və Fələstini dəstəkləyənlərdən ibarət iki düşərgəyə ayırıb.

Fransa neokolonializminə qarşı hərəkat

Başa çatmaqda olan il həm də Afrika ölkələri və Fransanın dənizaşırı ərazilərində anti-müstəmləkəçilik əhval-ruhiyyəsinin artması ilə yadda qaldı.

Keçmiş Fransa koloniyalarında dövlət çevrilişləri əvvəllər də baş verib, lakin bu il siyahıya daha iki ölkə qoşuldu: Niger və Qabon. Hər iki ölkə hətta siyasi suverenlik əldə etdikdən sonra da keçmiş metropoliyadan ciddi şəkildə asılı idi və bu, dövlətlər daxilində iqtisadi, siyasi və sosial problemlərə səbəb olurdu.

İyulun sonunda Niger hərbçiləri prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını, avqustda isə Parislə bütün razılaşmaların ləğv edildiyini açıqladı və ondan qoşunlarını ölkədən çıxarmağı tələb etdi. Dekabrın 2-də Niger hökuməti “Sahel beşliyi”nin bütün strukturlarından, o cümlədən birgə silahlı qüvvələrdən çıxdı. Nigerdə ​​yerləşdirilmiş sonuncu fransız hərbçiləri dekabrın 22-də səhər saatlarında ölkəni tərk etdi.

Qabonda da hərbi çevriliş baş verdi. Qabonun bir qrup yüksək rütbəli hərbi məmuru avqustun 30-da milli televiziya vasitəsilə hakimiyyəti ələ keçirdiklərini elan etdilər. Üsyançılar avqustun 26-da keçirilmiş prezident seçkilərinin nəticələrini ləğv etdilər və generalların iclasında Bris Oliqi Nquema keçid dövrü üçün dövlət başçısı təyin edildi.

Fransanın dənişaşırı ərazilərində də antimüstəmləkəçilik əhval-ruhiyyəsi artmaqda davam edirdi. Ötən əsrdə Afrikadakı müstəmləkələrini tərk etməsinə baxmayaraq, bu ölkə bir sıra dənizaşırı əraziləri öz nəzarətində saxlamaqda davam edir.

Bu ərazilərdə yaşayan xalqlar müstəqillik əldə etmək arzusunu Bakının dəstəyi ilə Təşəbbüs Qrupuna çevirdilər. Daha sonra Bakı Təşəbbüs Qrupu çərçivəsində Fransa neokolonializminə həsr olunmuş konfranslar keçirildi və orada dənizaşırı ərazilərin nümayəndələri öz ata-baba yurdlarının müstəqilliyi tələbləri ilə çıxış etdilər.

Kral(iça) öldü, yaşasın Kral!

Bu il Böyük Britaniya üçün yeni kralın taxta çıxması ilə əlamətdar oldu. Mayın 6-da III Çarlzın tacqoyma mərasimi keçirildi. Kraliça II Elizabetin ötən il sentyabrın 8-də, 96 yaşında vəfat etməsindən sonra onun oğlu Uels şahzadəsi Çarlz, III Çarlz adı ilə 73 yaşında Britaniya taxtına çıxdı. Təntənəli mərasimə dövlət başçıları, həmçinin kral ailəsinin dostları və üzvləri də daxil olmaqla 2 300 qonaq dəvət olunmuşdu. Mərasimdə Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik etdi.

Növbəti il, növbəti itkilər

2023-cü ildə tarixdə silinməz iz qoyan bəzi şəxsiyyətlər də aramızdan getdi. Onların arasında 100 yaşında dünyasını dəyişən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Finlandiyanın keçmiş prezidenti və 2008-ci il Nobel Sülh Mükafatı laureatı Martti Ahtisaari kimi məşhur siyasətçilər də var. 2023-cü ildə məşhur aktyor və müğənni Vaxtanq Kikabidze də 84 yaşında vəfat etdi.

Zəlzələ - bəla oldu qardaş elə

2023-cü il həm də dağıdıcı zəlzələlərlə yadda qaldı. Ən ölümcül təbiət hadisələrdən biri fevralın 6-da Türkiyədə baş verdi: 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçdi. Azərbaycan qardaş ölkəyə yardım təklif edən ilk ölkə oldu; Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri göndərildi, 21 milyon manatdan çox maddi yardım ayrıldı.

Bu il Mərakeş və Əfqanıstanda da dağıdıcı zəlzələlər baş verdi.

Sentyabrın 9-da Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verdi, ölkənin müxtəlif əyalətlərində 2 mindən çox insan öldü. Bu təbii fəlakət Mərakeşdə son 100 ildə baş vermiş ən güclü zəlzələ kimi ölkə tarixinə düşdü.

Oktyabrın 7-də Əfqanıstanda baş vermiş zəlzələdə də 2 mindən çox insanın ölümü qeydə alındı.

Təki yağışdan çıxıb yağmura düşməyək

Dağıdıcı kataklizm hallarından danışarkən, hamımıza təsir edən iqlim dəyişikliyini qeyd etmək lazımdır. BMT-nin məlumatına görə, 2023-cü il müşahidələrin aparıldığı dövrdə ən isti il ​​olub. Alimlər istixana qazlarının rekord konsentrasiyasını, Antarktida buzlaqlarının əriməsini və dəniz səviyyəsinin qalxmasını qeyd edirlər. Belə görünür ki, iqlim dəyişikliyi geri dönülməsi qeyri-mümkün olan və qaçılmaz prosesdir.

Bu çağırışlarla mübarizə aparmaq üçün dünya ictimaiyyəti BMT platforması çərçivəsində birləşib. BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP) hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin müddəalarının həyata keçirilməsi üçün danışıqlar prosesinin ən yüksək orqanıdır. Dekabrın 11-də Dubayda keçirilən COP28 çərçivəsində Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi rəsmi olaraq elan edilib. Konfrans ölkəmizdə gələn ilin noyabr ayında keçiriləcək və Azərbaycana öz iqlim gündəmini dünyaya tanıtmaq imkanı verəcək.

Virusa yoluxanların sayının göstərildiyi saysız-hesabsız xəbərlərdən yorulan dünya bu il, nəhayət, çoxdan gözlənilən sözləri eşitdi: ÜST COVID-19 pandemiyasının statusunu ləğv etdi. Ancaq sevinc altı aydan bir qədər çox çəkdi. Dekabrda Çindən yeni bir infeksiyanın yayıldığına dair xəbərlər gəlməyə başladı. Mövcud məlumatlara əsasən, bu virusa əsasən uşaqlar yoluxur. Yeni respirator infeksiya əlamətlərinə görə COVID-dən onunla fərqlənir ki, qızdırma, pnevmoniya olmasına baxmayaraq, öskürək olmur. Bu, xəstəliyin ilkin mərhələsində onun aşkarlanmasını çətinləşdirir.

Başa çatmaqda olan il qlobal miqyaslı hadisələrlə zəngin oldu - müharibələr, fəlakətlər, böhranlar, qələbələr və məğlubiyyətlər, böyük dövlətlər arasında qarşıdurmalar... Həyat tərzimizi müəyyən edən və hər birimizə təsir edən bütün bu hadisələr dünyanı qarşıdan gələn 2024-cü ilin daha yaxşı olacağına ümid etməyə məcbur edir. Bizə isə yalnız gözləmək və müharibələrim bitəcəyinə, xəstəliklərin “təslim olacağına”, təbiətin isə daha dəhşətli kataklizmlərlə bizi təəccübləndirməyi dayandıracağına ümid etmək qalır.

Son xəbərlər

Orphus sistemi