Bu ilin başlıca hadisələri: möhtəşəm qələbə, pandemiya, seçkilər...

Bu ilin başlıca hadisələri: möhtəşəm qələbə, pandemiya, seçkilər... Başa çatan 2020-ci il dünya düzəninə də böyük təsir göstərən hadisələr sarıdan boldu. “Report” hər il olduğu kimi başlıca hadisələrin icmalını təqdim edir.
Analitika
30 Dekabr , 2020 13:30
Bu ilin başlıca hadisələri: möhtəşəm qələbə, pandemiya, seçkilər...

Başa çatan 2020-ci il dünya düzəninə də böyük təsir göstərən hadisələr sarıdan boldur. “Report” hər il olduğu kimi başlıca hadisələrin icmalını təqdim edir.

Uzun illərdir həsrətində olduğumuz qələbə

2020-ci il əsas olaraq ölkəmizin uzun illərdir işğal altında qalan torpaqlarını geri qaytarması ilə əlamətdar oldu. Qarabağ bölgəsində 27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən müharibə ordumuzun tam qələbəsilə, Ermənistanın sarsıdıcı məğlubiyyətilə başa çatdı. “Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq” – bu sözləri prezident İlham Əliyev qazilərlə görüşü zamanı dilə gətirib. Bu müharibədə həm ölkə əhalisi, həm də bütün dünya azərbaycanlıları birlik və həmrəylik nümunəsini göstərdilər, hər kəs cəbhəyə gedib torpaqlarımız uğrunda döyüşməyə can atırdı. Halbuki Ermənistanda analar övladlarını döyüş meydanına göndərmək istəmir, etiraz aksiyaları keçirirdilər.

Azərbaycan ordusu bu müharibədə bütövlükdə 2823 şəhid verib. Xalqımız bu qəhrəmanlarının xatirəsini daim əziz tutacaq, qoruyub saxlayacaq.

Noyabr ayının 9-da Azərbaycan prezidenti, Ermənistan baş naziri, Rusiya prezidenti tərəfindən imzalanmış birgə bəyanatın şərtlərinə görə cəbhədə bütün hərbi əməliyyatlar dayandırıldı, tərəflər əsirlərini qarşılıqlı təhvil verməyə başladılar. Dekabrın 1-dək Azərbaycana mərhələli şəkildə Kəlbəcər, Ağdam, Laçın rayonları qaytarıldı.

Dekabr ayının 10-da Bakıda keçirilən möhtəşəm Qələbə paradı da ordumuzun gücünü, qüdrətini bir daha hamıya əyani şəkildə göstərdi.

Bu çətin vaxtda bir sıra xarici ölkələrin Azərbaycana göstərdikləri dəstək də xüsusi qeyd olunmalıdır. Qardaş Türkiyə ən yüksək mənəvi, siyasi dəstək verməklə “bir millət iki dövlət” şüarına sadiq olduqlarını növbəti dəfə sübut etdi. Həmçinin Pakistan, İsrail, Ukrayna, İtaliya vs. ölkələr ərazi bütövlüyümüzün bərpası üçün güc vasitəsindən istifadə etmək haqqımızı tanıdıqlarını ortaya qoydular. Digər tərəfdən, tarixən ermənilərin müttəfiqi kimi mövqe tutmuş Rusiyanın siyasətində mühüm dəyişikliklər nəzərə çarpdı. İkinci Qarabağ müharibəsinə dair bitərəf mövqe tutan bu ölkənin prezidenti müharibənin Azərbaycan ərazisində getdiyi üçün Ermənistanla hərbi yardım sazişinin bu məsələyə şamil olmadığını qəti şəkildə bəyan etdi. Həmçinin Rusiyada bir sıra nüfuzlu KİV-lər, ekspertlər Azərbaycanın öz torpaqlarını azad etmək üçün haqlı mübarizə apardığını vurğulayaraq Ermənistanın yalançı təbliğatını ifşa edirdilər. Hətta Rusiyanın “Vedomosti” nəşri oxucuları arasında keçirdiyi rəy sorğusuna əsasən İlham Əliyevi ilin siyasətçisi elan etdi.

Eyni zamanda, müharibədə məğlub olmuş Ermənistanda vəziyyət get-gedə gərginləşir. Uzun illərdir xam xülyalarla aldandığını dərk etməyə başlayan erməni xalqı küçələrə çıxaraq hökumətdən hesab verməyi tələb edir. Yerevanda həftələrlə davam edən etiraz aksiyalarında baş nazir Nikol Paşinyanın istefasına dair tələblər səsləndirilir. Bununla yanaşı iqtisadi böhran içində olan bu ölkə hələ Azərbaycana qarşı uzun illərdir yeritdiyi işğalçılıq siyasəti nəticəsində vurulan maddi ziyanı da ödəməli olacaq.

COVID-19: yaşamaq uğrunda mübarizə

2019-cu ilin 31 dekabr tarixində Çinin Hubey əyalətinin ən böyük şəhəri Vuhanda yeni koronavirusun peyda olduğu açıqlandı. İlk yoluxma halları şəhərin həm dəniz canlıları, həm də toyuq, dovşan, ilan, yarasa əti satıldığı topdansatış bazarında qeydə alındı. Koronavirusun törətdiyi ağciyər xəstəliyi sürətlə yayılmağa başlayaraq tezliklə xarici ölkələrə də sirayət etdi, hava limanlarında, metrolarda sərnişinlərin hərarətini ölçməyə başladılar. Həmçin8in əhaliyə qoruyucu maska taxmaq tövsiyə olundu.

Yeni virus get-gedə daha çox ölkəni cənginə alır, bir çox ölkələrdə karantin məhdudiyyətləri tətbiq edilməyə başlandı. Mart ayının 11-də isə Dünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya elan etdi, bir çox ölkələrdə virusun yayılmasını əngəlləmək üçün lokdaunlar və gediş-gəliş məhdudiyyəti qüvvəyə mindi. Yayın əvvəlində pandemiyanın birinci dalğası səngiyərkən karantin tədbirləri yumşaldıldı, bununla yanaşı koronavirusa qarşı peyvənd dərmanlarının tapılması üçün tədqiqat işləri daha da geniş vüsət aldı. Lakin tezliklə başlayan və daha təhlükəli olan ikinci dalğa dünya boyu məhdudiyyətlərin yenidən artırılmasına, bununla da iqtisadiyyatın iflic olmasına gətirib çıxardı. Üstəlik, son günlər Böyük Britaniyada koronavirusun əvvəlkindən 70 faiz daha sürətlə yoluxduğu bildirilən yeni növü üzə çıxaraq artıq bir sıra xarici ölkələrə da yayılıb.

Dünya Səhiyyə Təşkilatı 70 faizdən artıq səmərə göstərən hər bir peyvənd dərmanının uğurlu hesab edəcəklərini açıqlayıb. Lakin koronavirusa yoluxmalar və ölüm sayına görə xeyli fərqlə birinci yerdə olan ABŞ-da hökumət hətta 50 faizlik səmərəsi sübuta yetirilən dərmanları satın almağa hazır olduqlarını bildirib. İndiyədək müxtəlif əczaçılıq şirkətlər tərəfindən hazırlanmış bir sıra dərmanlar artıq rəsmi qeydiyyatdan keçib. Bunlardan Çinin “Sinovac” şirkəti tərəfindən hazırlanmış dərman 97 faiz səmərə göstərdiyinə görə bir çox ölkələr tərəfindən satın alınır. ABŞ-ın 150 ilədək tarixi olan “Pfizer” şirkətinin hazırladığı “BNT162b2” dərmanı da sınaqlar zamanı 95 faizlik nəticə göstərib. ABŞ-ın “Moderna” şirkətinin isə təqdim etdiyi dərman 94,5 faizlik nəticə göstərıb.

Bununla yanaşı Böyük Britaniyanın “Astra Zeneca” şirkəti tərəfindən Oksford Universitetilə birgə hazırlanmış, sınaqlarda orta hesabla 70 faizlik nəticə göstərən dərman ən ucuz sayılır.

Sadalanan və başqa ərsəyə gətirilmiş dərmanlar 2021-ci ildə koronavirusu dəf etməyi təmin edəcəkmi? Hələlik qəti cavab yoxdur.

Seçki ili

2020-ci ilin mühüm siyasi hadisələri arasında ilk növbədə ABŞ-da noyabr ayının 3-də keçirilən seçkilər yada düşür. Mövcud prezident, respublikaçı Donald Trampin qələbə çalacağını ehtimal edənlər daha çox olsa da, nəticə başqa cür oldu, Demokrat Partiyasının namizədi Co Bayden ölkənin 46-cı prezidenti kimi yanvar ayının 20-dən fəaliyyətə başlayacaq. Hərçənd D.Tramp məğlub olduğunu inkar edərək seçkilərdə saxtakarlıq olduğunu bildirib, hətta Ali Məhkəməyə müraciət edib. Lakin bunun nəticəsi olmadı. İndi bütün dünyanı maraqlandıran əsas məsələ yeni ABŞ administrasiyasının xarici siyasətdə, xüsusilə də Çin və İran siyasətində dəyişikliklərə gedib-getməyəcəyidir.

Seçkilərdən söz düşmüşkən, 2020-ci ildə Avropanın şərqində, Belarusda keçirilən prezident seçkiləri ölkədə qarşıdurma ilə nəticələndi. Mövcud prezident Aleksandr Lukaşenkonun rəsmən qələbə çalmasını qəbul etməyən müxalifət ölkə boyu tətillər, kütləvi etiraz nümayişləri keçirdi, nümayişçilərlə polis arasında toqquşmalar baş verdi, bir çox müxalifət üzvü həbs olundu. Bu hadisələrlə bağlı narahatlıq ifadə edən Avropa İttifaqı prezident Lukaşenkoya və bir sıra rəsmi şəxslərə qarşı sanksiya tətbiq etdi.

Həmçinin ilin siyasi hadisələri arasında əlbəttə ki, “Brexit” də göstərilməlidir. 31 yanvar tarixindən Avropa İttifaqı üzvlüyünü tərk edən Böyük Britaniya ilə Aİ arasında 11 aylıq keçid dövründə bir çox əvvəlki qaydalar qüvvədə qalsa da, tərəflər arasında sonrakı iqtisadi və ticari əməkdaşlığa dair danışıqlar çətin keçdi. Nəhayət, dekabrın 24-də, yəni keçid dövrünün başa çatmasına cəmi bir həftə qalmış tərəflər ticarət sazişini razılaşdıqlarını açıqladılar.

Təbiətin şıltaqlıqları

2020-ci il dünya boyu müxtəlif təbii fəılakətlərlə də yadda qalacaq. Belə ki, “Christian Aid” (xristian yardımı) adlı beynəlxalq xeyriyyə təşkilatının hesabatına əsasən il ərzində dünyada baş vermiş 10 ən böyük təbii fəlakətin yetirdiyi iqtisadi zərər 140,9 milyard ABŞ dollarıdır. O cümlədən Şimali Amerika və Karib dənizi hövzəsini yay və payız aylarında cənginə alan tropik qasırğaları regiona 40 milyard ABŞ dollarına başa gəlib.

İlin əvvəlində Avstraliyanı cənginə almış meşə yanğınları nəticəsində 7 milyon ha-dək meşə sahələri böyük zərər gördü, azı 24 nəfər və milyonlarla heyvan öldü. Bunun iqtisadi fəsadları da özünü göstərdi: rəsmi məlumata görə cari ilin üç ayı ərzində Avstraliya ÜDM-si 0,3 faiz azalıb ki, bu da son 29 ildə ilk bu cür hadisədir.

Rusiya da meşə yanğınlarından az ziyan çəkmədi. İyun ayının 27-nə olan məlumata görə bu ölkənin ərazisində, əsasən ucqar bölgələrdə meşə yanğınları 1.153 min ha sahələrini ağuşuna almışdı.

Şimali Amerikada, Kaliforniya ərazisində 1.764.234 ha sahəsini əhatə edən meşə yanğınları nəticəsində 32 nəfər ölüb, 2 milyard dollardan artıq maddi ziyan dəyib.

Qonşu Gürcüstanın Mestia şəhəri yaxınlığında, dağlıq bölgədə də bir neçə gün davam edən meşə yanğını xeyli maddi ziyan yetirib.

2020-ci ilin noyabr ayı Avropada müşahidə dövründə qeydə alınmış ən isti noyabr olub. Bu qənaətə Avropa İttifaqının “Copernicus” Yer Müşahidə Proqramının ekspertləri gəliblər. Belə ki, Yer kürəsində orta illik hava hərarətinin 1 dərəcə artması artıq tropik qasırğaları, müeşə yanğınları, daşqınlar və s. təbii fəsadların artmasına gətirib çıxarıb. Üstəlik başqa bölgələrə nisbətən daha sürətlə isinən Arktikada buz örtüyünün əriməsi də böyük narahatlıq doğurur.

Beləliklə, hadisələr sarıdan bol keçən 2020-ci il bəşəriyyət üçün ciddi sınaq ili, biz azərbaycanlılar üçün isə həm də böyük, möhtəşəm Qələbə ili oldu. Qarşıdan gələn 2021-ci ildə bəşəriyyət koronavirus pandemiyasından yaxa qurtarmaq üçün iqtisadiyyat, sosial sahələrdə bir çox islahatlar həyata keçirməli, tarixi inkişafının yeni mərhələsinə qədəm qoymalı olacaq.

Son xəbərlər

Orphus sistemi