11 sentyabr hadisəsi - istənilən ölkə üçün terror təhlükəsi var - ŞƏRH

11 sentyabr hadisəsi - istənilən ölkə üçün terror təhlükəsi var - ŞƏRH Bakı. 11 sentyabr. REPORT.AZ/ 17 il bundan əvvəl baş vermiş hadisə sübut etdi ki, dünyada tutduğu mövqedən, gücündən və qüdrətindən asılı olmayaraq heç bir dövlət terrordan sığortalanmayıb.
Analitika
11 Sentyabr , 2018 13:52
11 sentyabr hadisəsi - istənilən ölkə üçün terror təhlükəsi var - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ 17 il bundan əvvəl baş vermiş hadisə sübut etdi ki, dünyada tutduğu mövqedən, gücündən və qüdrətindən asılı olmayaraq heç bir dövlət terrordan sığortalanmayıb.

2001-ci il sentyabrın 11-də terrorçular ələ keçirdikləri 4 sərnişin təyyarəsindən ikisini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi “göydələn binalara” və birini Vaşinqton ətrafında yerləşən Pentaqonun baş qərargahına çırpdılar. Onlardan birinin isə ABŞ paytaxtına çatmadan Pensilvaniya ştatında ölkənin Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ ev olduğu bildirildi.

Terror nəticəsində 2977 nəfər ölüb, 6300 nəfərə yaxın isə yaralanıb.

Bu aksiyanı “əl-Qaidə” terror qruplaşmasının həyata keçirdiyi bildirildi.

Hücumun əsas məqsədinin binalar, təyyarələrdəki minlərlə günahsız qurbanlardan daha böyük hədəf olduğu deyilir.

Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir. Müstəqil blokda yerləşən 7 binadan ibarət kompleksə 2001-ci il sentyabrın 11-də çox ağır zərbə vuruldu.

Dünyanın ən böyük ofis binası sayılan Pentaqon ABŞ-ın ürəyi hesab edilir. Hadisələr nəticəsində binanın 10-da bir hissəsi zərər görüb.

Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzi dünyada iki ən yaxşı müdafiə olunan binadan biri hesab edilirdi.

Federal Təhqiqat Bürosu 3 gün içində təyyarə oğrularının siyahısını tərtib etdi. Terror hücumunu Hüsamə bin-Ladenin Əfqanistanda bir mağarada planlaşdırdığı barədə məlumatlar yayıldı. Şübhəli təyyarə oğrularının isə Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən olduqları müəyyənləşdirildi.

2001-ci il sentyabrın 20-ində prezident Buş ABŞ Konqresinin birgə sessiyasında 11 sentyabr günü baş verən hadisələr, 9 günlük xilasetmə və bərpa cəhdləri və 11 sentyabr terroruna qarşı cavab tədbirləri haqqında danışdı. Zərər çəkənlərin ailələrini və həyatda qalanları maliyyə yardımı ilə təmin etmək məqsədi ilə hücumların qurbanlarına yardım etmək üçün böyük miqdarda pul ayrıldı, xeyriyyə cəmiyyətləri yaradıldı.

Bu terror ABŞ-ın iki göz bəbəyinə edilən hücum idi. 11 sentyabr hadisəsini 1932-ci ildə baş vermiş “böyük depressiya” ilə də müqayisə etmək olar.

Çünki bu hadisə ölkə vətəndaşlarının öz dövlətinə güvəninin üzərinə şübhə toxumu səpdi. Axı, amerikalıların ödədikləri vergidən terrora qarşı mübarizə üçün dövlət büdəcəsində maliyyə vəsaiti ayrılır.

Bundan çıxış yolu da tez tapıldı. ABŞ Əfqanıstanda "Taliban"a qarşı əməliyyata başladı və qısa müddətdə bu terrorçu qruplaşmanın hakimiyyəti devirildi.

2002-ci ilin sonunda terror aktlarına qarşı hazırlıq və təxirəsalınmaz tədbirlər üçün Tomas Kinin rərbərlik etdiyi Birləşmiş Ştatlarda Terror Aktları üzrə Milli Komitə (9/11 Komitəsi) yaradıldı. 2004-cü il iyulun 22-də Komitə özünün 9/11 Komitə məruzəsini yayımladı.

Bu gün Nyu-Yorkda həmin faciənin 17-ci ildönümünə həsr edilən tədbirlər keçiriləcək. Minlərlə insan “Qraund Ziro” meydanında hadisə qurbanlarını yad edəcəklər. Orada 9/11 xatirə muzeyi tikilib. Onun tikintisinə 350 milyon dollar ianə toplanıb.

Sentyabr hadisəsindən sonra Ağ ev terrora qarşı mübarizə ilə bağlı beynəlxalq koalisiyanın yaranmasına nail oldu. Koalisiyanın əməliyyatı nəticəsində 2003-cü ilin martında İraqda Səddam Hüseyn hakimiyyəti devrildi.

Bundan sonra hadisələr daha da sürətləndi. “Əl Qaidə”nin başçısı Hüsamə-bin-Laden öldürüldü. Afrikanın şimalında Misir, Tunis və Liviyada “ərəb inqilabı” oldu. Yəmən dağıldı. Suriyada Hafiz Əsədin ölmüdən sonra hakimiyyət dəyişikliyi olsa da, yeni prezident Bəşşar Əsəd ölkəyə nəzarəti itirdi.

SSRİ dağıdıqdan sonra Yaxın və Orta Şərqdən demək olar ki, çıxarılan Rusiya yenidən bölgəyə girməyə başladı. Suriyada Rusiya təyyarələri antiterror əməliyyatı keçirdi.

Sentyabrın 11-də baş verən terror hadisəsinə münasibət heç də bir mənalı deyil. Ancaq faciəni kimin törətməsindən asılı olmayaraq, bu, insanlığıa qarşı uzanmış xain əl idi. Çünki terror qurbanlarının çoxu mülki şəxslər olub.

Həmin hadisələrdə bu cinayətin miqyası genişləndi. “Əş-Şabab” (2004-cü ildə yaranıb), “Boko Haram” (2002), İŞİD (2006) kimi yeni terror qruplaşmaları yarandı.

Hətta, hər dövlətin himayə etdiyi “öz terror” təşkilatı peyda oldu. Vaxtı ilə ABŞ və Avropa İttifaqının terror təşkilatı olaraq, tanıdıqları qurplaşmalar başqa ölkələrdə adlarını dəyişərək, fəaliyyət göstərməyə başladılar. Məsələn, terrorçu PKK-nın Suriyada “YPG” və “PYD” adları altında yeni qrupları yarandı. Bu qruplaşmaları isə ABŞ, Rusiya, Avropa İttifaqı himayə etməkdədir.

Yeri gəlmişkən, iş o yerə çatıb ki, PKK işğalçı Ermənstan ərazisində təlim keçir. Onların işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təlim düşərgələrinin olduğu da deyilir. Başqa sözlə, bu terror təşkilatının bölgəmizdə də müttəfiqi Ermənistandır.

Dünyanın aparıcı gücləri “öz terror” təşkilatları ilə rəqib bildikləri, maraqlarına zidd dövlətlərə qarşı hibrid müharibə aparırlar.

Beləliklə, 11 sentyabr hadisəsindən sonra terrorun nə miqyası daralır, nə də ona qarşı səmimi ortaq mübarizə aparılır. Əksinə, terror hadisələri daha da “çiçəklənir”.

ABŞ prezidenti Donald Trampın 2001-ci il sentyabrın 11-dən sonra ölkə üzrə elan edilən fövqəladə vəziyyət rejimi müddətinin bir il uzatması bunu göstərir. Amerika lideri deyib ki, ölkədə terror təhlükəsiz qalır və bu səbəbdən 2001-ci il sentyabrın 14-də elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadır.

Belə rejimi hər bir dövlət üçün qüvvədə saxlamaq olar. Çünki istənilən ölkədə terror təhlükəsi var.  

Son xəbərlər

Orphus sistemi