Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Avropa və Xarici İşlər Nazirliyinin əsassız cavablarını rədd edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyasının üzvlərinin suallarına əsassız cavablarına dair şərhində bildirilib.
"Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, "Dağlıq Qarabağdan köçürülmüş" ermənilərə dəstək, "erməni məhbuslarının taleyi və onların azad edilməsi", "erməni dini və mədəni irsi," "Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları", habelə "Azərbaycanda insan hüquqları" kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik", onun şərhində qeyd olunub.
Vurğulanıb ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir:
"Cavablarda Ermənistanın təhlükəsizliyi, "Dağlıq Qarabağdan olan ermənilər", "Azərbaycanda saxlanılan erməni əsilli şəxslər" kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur.
Fransa tərəfinin özünü sülh prosesinin tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq olduğunu bir daha göstərir. Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meylləri təşviq edir və normallaşma prosesinə zərbə vurur.
"Erməni əsirləri və saxlanılan şəxslər" barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir. Azərbaycanda saxlanılan erməni əsilli şəxslər milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Ermənistanla yanaşı Fransanın da 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməni əsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və cəzalarını çəkirlər".
Əlavə olunub ki, Ermənistanda və keçmiş işğal edilmiş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin "erməni mədəni və dini irsi" ilə bağlı iddiaları şərh etməsi gülüncdür:
"Qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması, jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, eləcə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur.
Fransa XİN-in cavabları bir daha göstərir ki, Paris hələ də regionun reallıqlarını qəbul etməkdə çətinlik çəkir və Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir. Bu isə Fransanın həm regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur".