XİN: "Aİ-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik"də Azərbaycanı hədəf alan məsələlər qəbuledilməzdir

Növbəti 7 il müddətində Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir.

"Report" xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Aİ ilə Ermənistan arasında imzalanan sənədə dair şərhində qeyd olunub.

Bildirilib ki, sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların "qaçqın" statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir.

Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur.

Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almır.

Digər xəbərlər