Urs Unkauf: ADA Universitetindəki Forum bütün region üçün flaqman ola bilər

ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum analitik mərkəzlərdən olan ekspertləri, diplomatiya nümayəndələrini, akademik cəmiyyəti və dövlət hakimiyyəti orqanlarını birləşdirən unikal qlobal platformadır.

Bunu “Report”a açıqlamasında Almaniya Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının (BWA Global Economic Network) federal idarəedici direktoru Urs Unkauf bildirib.

Onun sözlərinə görə, forum qlobal dünya nizamının transformasiyası şəraitində müasir çağırışların, həmçinin həlli yalnız əməkdaşlığın gücləndirilməsi, konfrontasiya deyil, əməkdaşlıq vasitəsilə mümkün olan çoxsaylı beynəlxalq problemlərin müzakirəsi üçün vacib meydandır.

"Azərbaycan belə bir konfrans təşkil etməklə bu prosesə əhəmiyyətli töhfə verir. Əminəm ki, bu tədbir təkcə Azərbaycan universitetləri üçün deyil, bütün region üçün flaqman tədbir olmaq potensialına malikdir. Bu tədbir, gələcəyin müzakirəsinə güclü təkan vermək və onun formalaşması üçün konkret təkliflər irəli sürmək qabiliyyətinə malikdir", - ekspert vurğulayıb.

U.Unkauf Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürünü bildirib: "Dövlət başçısına vaxt ayırdığına və bir neçə saat ərzində dünyanın aparıcı analitik mərkəzlərinin nümayəndələrinin suallarını şəxsən cavablandırdığına görə minnətdarlığımı bildirirəm. Bu, həqiqətən unikal hadisədir və əsl liderliyin parlaq təsdiqidir".

Xəbər lenti