Ukrayna Rusiyanın silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Azərbaycana təşəkkür edib.
"Report" xəbər verir ki, bu, Ukraynanın Prezidenti Volodimir Zelenskinin Azərbaycan lideri İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
O, məktubunda bildirib ki, Ukrayna Rusiyanın silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə İlham Əliyev və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir:
"Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpin şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir".