“Şərq Tərəfdaşlığı” ölkələri COVID-19-u müzakirə edəcək

“Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin qeyri-rəsmi videokonfransı iyunun 11-də keçiriləcək.

“Report” Avropa İttifaqı Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı nazirlər “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin liderlərinin qarşıdan gələn videokonfransı öncəsi qeyri-rəsmi fikir mübadiləsi aparacaqlar.

Müzakirələr “Şərq Tərəfdaşlığı”nın 2020-ci ildən sonrakı dövr üçün birgə məlumatına və proqramın beş uzunmüddətli siyasi məqsədinə yönəldiləcək: iqtisadiyyat və rabitə; qurumların hesabatlılığı; qanunun aliliyi və təhlükəsizlik; “yaşıl” və rəqəmsal çevrilmə; ədalətli və inklüziv cəmiyyətlər.

Nazirlər həmçinin COVID-19 ilə mübarizədə Aİ-nin tərəfdaş ölkələrə həm səhiyyə sektorunun ehtiyaclarını, həm də uzunmüddətli sosial-iqtisadi nəticələri özündə cəmləşdirən dəstəyini müzakirə edəcəklər.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Digər xəbərlər