Azərbaycan və Koreya Respublikası arasında münasibətlər 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri inkişaf edir. K-pop, kino, taekvondo və müasir texnologiyalara qədər Koreya mədəniyyəti həm Azərbaycan gənclərinin, həm də yaşlı nəslin gündəlik həyatının əhəmiyyətli bir hissəsinə çevrilib. Bundan əlavə, azərbaycanlı tələbələrin Cənubi Koreyanın təhsilinə və akademik proqramlarına marağı artır.
Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu "Report"a müsahibəsində ikitərəfli əməkdaşlığın perspektivləri, iqtisadi gündəlik, təhsil ilə bağlı layihələrin inkişafı, həmçinin birbaşa aviareyslərin açılmasını və turizm əlaqələrinin gücləndirilməsi barədə danışıb.
- Koreya və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri Koreya Respublikası və Azərbaycan dostluq əlaqələrini və qarşılıqlı faydalı tərəfdaşlığı ardıcıl şəkildə inkişaf etdirirlər. Bu gün bizim əməkdaşlığımız ticarət, mədəniyyət, təhsil və çoxtərəfli qarşılıqlı əməkdaşlıq da daxil olmaqla geniş sahələri əhatə edir. İnsanlar arasında əlaqələr əhəmiyyətli dərəcədə artıb. Bu isə cəmiyyətlərimizin bir-birinə dərin və səmimi marağını nümayiş etdirir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini fəal şəkildə dəstəkləyir. Bu da onların sülhə, davamlı inkişafa və qlobal əməkdaşlığa ümumi sadiqliyini əks etdirir.
Müxtəlif sektorlarda istifadə olunmamış mühüm potensialı, xalqlarımızın və institutlarımızın qarşılıqlı əlaqəyə açıq şəkildə hazır olmasını nəzərə alaraq, gələcək inkişaf üçün əhəmiyyətli imkanlar qalır.
- Yaxın gələcəkdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və ya idarələrarası məsləhətləşmələr planlaşdırılırmı?
- Sıx münasibətlərin və siyasi əlaqə kanalının saxlanılması həmişə prioritet təşkil edir. Hazırda növbəti siyasi dialoq, eləcə də yüksək səviyyəli səfərlərin keçirilməsi ilə bağlı müzakirələr davam edir.
- İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın son iclası 2023-cü ilin iyun ayında Seulda keçirilib. Növbəti iclasın nə vaxt keçirilməsi planlaşdırılır və tərəflər imzalamaq üçün hansı sənədləri hazırlayır?
- Birgə Komissiya praktiki və qarşılıqlı faydalı nəticələr əldə etmək üçün vacib platforma olaraq xidmət etməyə davam edir.
Komissiyanın növbəti iclasının keçirilmə vaxtı hazırda müvafiq nazirliklər tərəfindən nəzərdən keçirilir. Hər iki tərəf qarşıdakı iclasın iqtisadi əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli irəliləyiş gətirməsini təmin etməyə çalışır.
- İki ölkə arasında ticari-iqtisadi münasibətlərin cari vəziyyətini necə qiymətləndirirsiniz? Hansı sahələrdə əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi üçün potensial görürsünüz?
- Koreya və Azərbaycan fəal, eləcə də konstruktiv iqtisadi tərəfdaşlığın tərəfdarıdır. Azərbaycanda artıq "Samsung", LG və "Heerim" kimi müxtəlif Koreya şirkətləri fəaliyyət göstərir. Koreyanın Ticarət və İnvestisiyanın Təşviqi Agentliyi (KOTRA) isə əməkdaşlığın genişləndirilməsinə fəal şəkildə kömək edir. Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi yolunda irəlilədikcə, Koreya, xüsusilə qeyri-neft sektorunun inkişafında etibarlı tərəfdaş kimi qəbul edilir.
Bu il biz kənd təsərrüfatı sahəsində əməkdaşlığa diqqət yetirdik. May ayında baş tutan "Caspian Agro" sərgisi ilə dekabrın 2-də keçirilmiş Koreya-Azərbaycan kənd təsərrüfatı əməkdaşlığı seminarı arasında qarşılıqlı əlaqə imkanları tapmaq üçün Şəki və Gəncəyə səfər etdim.
Əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. Azərbaycanın bərpa olunan enerji, ağıllı infrastruktur, logistika və kənd təsərrüfatı kimi sektorlara artan diqqəti Koreya şirkətləri üçün yeni imkanlar açır. Biz bu potensialın nəzərə çarpan və qarşılıqlı faydalı nəticələrə çevrilməsi üçün institusional koordinasiyanı və özəl sektorun fəal iştirakını davam etdirəcəyik.
- Cənubi Koreya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində minatəmizləmə və mülki infrastrukturun bərpası da daxil olmaqla, layihələrə investisiya yatırmağı nəzərdən keçirirlərmi?
- Koreya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində əldə edilən son nailiyyətləri alqışlayır və hər iki ölkənin barışıq səylərini dəstəkləyir.
Hal-hazırda Koreya ITF (Minatəmizləməyə və mina qurbanlarına yardım üzrə Beynəlxalq Fond - red.) vasitəsilə Azərbaycanda minatəmizləmə səylərini dəstəkləyir. Bununla yanaşı, 2018-ci ildən bəri KOICA (Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi - red.) Azərbaycanın ənənəvi (yeraltı - red.) su təchizatı sistemi olan kəhrizlərin bərpasında iştirak edir. Bu kəhrizlərin bəziləri azad edilmiş ərazilərdə bərpa edilib. Biz Azərbaycan hökuməti ilə bu istiqamətdə səylərin genişləndirilməsinə dair müzakirələr aparırıq.
Hesab edirəm ki, (Azərbaycan və Ermənistan arasında - red.) sülh sazişi imzalandıqdan sonra Koreya şirkətləri üçün daha çox investisiya imkanları yaranacaq.
- Hazırda region ölkələri, Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, Orta Dəhlizin inkişafını geniş şəkildə müzakirə edirlər. Bu nəqliyyat marşrutları Cənubi Koreya üçün nə dərəcədə cəlbedicidir və Seul onların həyata keçirilməsində iştirakı (maliyyələşdirmə, podratçı şirkətlər, avadanlıq tədarükü və s.) nəzərdən keçirirmi?
- Biz Orta Dəhlizi mövcud logistika marşrutlarına mühüm əlavə hesab edirik.
Koreya coğrafi cəhətdən regiondan uzaq olduğu üçün müasir logistika şəbəkələrindən çox asılıdır. Avropaya yük daşımalarına tələbat artdıqca Orta Dəhlizin əhəmiyyəti də artacaq. Bunun da müvafiq sektorlarda müxtəlif əməkdaşlıq və investisiya formalarına gətirib çıxaracağını gözləyirik.
- Hazırda Azərbaycan və Koreya Respublikası arasında birbaşa hava əlaqəsi yoxdur. Tərəflər birbaşa reyslərin açılmasını müzakirə edirlərmi?
- Azərbaycan və Koreya arasında birbaşa reyslərin açılması ilə bağlı müzakirələr aparılır. Biz bu təşəbbüsü dəstəkləyirik və səfirlik onun reallaşdırılması üçün imkanlar axtarmağa davam edəcək.
- Bakı və Seul turizm sahəsində əməkdaşlığın inkişafı üçün hansı addımlar atır?
- Koreya Respublikası və Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq son illərdə insanlararası əlaqələrin güclənməsi və hər iki tərəfin aktiv iştirakı sayəsində sabit şəkildə inkişaf edir.
Azərbaycan Turizm Bürosu 2025-ci ilin sentyabrında Seulda təqdimat tədbiri təşkil edib. Burada Koreyanın turizm sənayesini təmsil edən 80-dən çox nümayəndə iştirak edib. Onlar, həmçinin 2025-ci ilin oktyabrında Koreyanın aparıcı turizm şirkətlərinin Azərbaycana səfərini təşkil ediblər. Bu cür səylər qarşılıqlı məlumatlılığın artırılmasına və turizm sektorunda yeni biznes imkanlarının yaradılmasına kömək edir.
Eyni zamanda, məmnuniyyətlə bildirirəm ki, Koreyaya səfər edən azərbaycanlı turistlərin sayı ildən-ilə artır və bu, Koreya mədəniyyətinə, təhsil imkanlarına və s. artan marağı əks etdirir. Biz bu tendensiyaları alqışlayırıq. Xalqlarımız arasında qarşılıqlı səfərləri, mədəni anlaşmanı daha da dərinləşdirmək üçün turizm idarələrimiz və özəl sektor arasında sıx əməkdaşlığı təşviq edəcəyik.
- Cənubi Koreya universitetləri azərbaycanlı gənclər arasında çox məşhurdur. Tərəflər təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edirlərmi? Hal-hazırda Cənubi Koreya universitetlərində neçə azərbaycanlı tələbə təhsil alır?
- Təhsil sahəsində əməkdaşlıq ikitərəfli tərəfdaşlığımızın ən vacib elementlərindən biridir. Azərbaycanlıların təkcə Koreya mədəniyyətinə deyil, həm də bu ölkədə təhsil almağa böyük maraq göstərməsi məni çox sevindirir.
2020-ci ildən bəri İnha Universiteti və Bakı Mühəndislik Universiteti birgə ikili diplom proqramını həyata keçirir. Bu proqram əla nəticələr göstərib. Bu il iyul ayında diplomların təqdim edilmə mərasimində iştirak etmək və hər iki universitetin dərəcəsini almış 82 tələbəni təbrik etmək şərəfinə nail oldum. Səfirliyimiz iki ölkənin digər universitetlərini əlaqələndirmək və yaxın gələcəkdə oxşar proqramlar yaratmaq üçün çalışır.
Bundan əlavə, Koreya hökuməti hər il "Global Korea Scholarship" (GKS) təqaüdü verir. Bu da azərbaycanlı tələbələrə Koreyada bakalavr və magistr səviyyələrində təhsil almaq imkanı verir. Koreya universitetləri, eyni zamanda ADA Universiteti və Azərbaycan Dillər Universiteti daxil olmaqla, Azərbaycanın aparıcı ali təhsil müəssisələri ilə aktiv mübadilə proqramlarını dəstəkləyirlər. Bundan əlavə, Koreyadakı Hankuk Xarici Dillər Universitetinin Türk-Azərbaycan araşdırmaları üzrə xüsusi kafedrası var.
Bu gün Koreya Respublikasının ali təhsil müəssisələrində təqribən 200 azərbaycanlı tələbə təhsil alır, bu da onun akademik mühitinin artan cəlbediciliyini, güclü tədqiqat potensialını və innovativ təhsil mədəniyyətini nümayiş etdirir.
- Cənubi Koreya Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirmi?
- Mədəni mübadilə ölkələrimiz arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsində mühüm rol oynayır. Cənubi Koreya və Azərbaycan qədim mədəni ənənələrə malik ölkələrdir. Azərbaycanda Koreya dilinə və mədəniyyətinə maraq artmaqda davam edir. Biz bu əlaqələri daha da gücləndirməyə sadiqik.
Səfirlik hər il K-POP müsabiqəsi və taekvondo üzrə "Koreya səfiri kuboku"nun bir sıra mədəni proqramlarını həyata keçirir. Kral Secon İnstitutu da Bakıda Koreya dili kursları təklif edərək mühüm rol oynayır.
Bu tədbirlər Koreyanın mədəni irsinin və müasir həyatının müxtəlif aspektlərini nümayiş etdirir, eləcə də Azərbaycan ictimaiyyətinə Koreya ilə müxtəlif tərəflərdən tanış olmağa imkan verir. Biz həm də hər il bu tədbirlərdə iştirakın artdığını görməkdən məmnunuq, bu da Koreyaya artan marağı və xalqlarımız arasında möhkəmlənən mədəni əlaqələri əks etdirir.