Azərbaycanın Rumıniyadakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Buxarestdə "Azərbaycan və Rumıniya arasında münasibətlərin qurulmasında Heydər Əliyevin rolu" adlı dəyirmi masa təşkil edib.
"Report"un məlumatına görə, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən, Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi dövlətçilikdəki xidmətlərindən danışıb.
Heydər Əliyev irsinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan səfir çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə toxunaraq onun bütövlükdə Cənubi Qafqaz regionuna sülh gətirdiyini qeyd edib. O, cari il avqustun 8-də Vaşinqtonda imzalanmış sənədin və Zəngəzur dəhlizinin əhəmiyyətini nəzərə çatdırıb, artıq Azərbaycan ərazisindən Ermənistana yüklərin çatdırılmasını ölkəsinin xoş niyyət göstəricisi kimi səciyyələndirib.
Daha sonra Rumıniyanın keçmiş Prezidenti (1996-2000), Rumıniya Demokratiya Fondunun rəhbəri Emil Konstantinesku tədbirə göndərdiyi videomüraciətdə Ümummilli Liderlə bağlı xatirələrini danışıb, ötən əsrin 90-cı illərində Şərq-Qərb nəqliyyat dəhlizinin və TRACECA layihəsinin formalaşmasında Heydər Əliyevin rolundan bəhs edib.
Mərasimdə Rumıniya Senatının üzvləri Sebastian Çernik, Katalin Daniel Fenekiu, Kristian Şipoş, deputatlar Adrian Solomon və Amet Varol, Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Pakistanın səfiri İlyas Mahmud Nizami, Gürcüstanın səfiri Tamar Beruçaşvili, Rumıniya müsəlmanlarının müftisi Yusuf Murat və digərləri çıxış edib, mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki müstəsna roluna, müasir Azərbaycanın dünyada tutduğu xüsusi yerə yüksək qiymət veriblər.
Tədbirin sonunda Ümummilli Liderin anım gününə həsr edilmiş qısametrajlı sənədli film izlənilib.
Dəyirmi masa Rumıniya televiziya kanalları və mətbuatı tərəfindən geniş işıqlandırılıb.
Tədbirdə Qazaxıstanın Rumıniyadakı səfirliyinin təmsilçiləri, "SOCAR Petroleum SA" şirkətinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi, Rumıniyada yaşayan və fəaliyyət göstərən türk və İran azərbaycanlılarının icmalarının nümayəndələri iştirak ediblər.
Həmçinin mərasim iştirakçılarına Ümummilli Liderin keçdiyi həyat yoluna və Azərbaycan naminə gərgin fəaliyyətinə, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat verilib.