Azərbaycan Birləşmiş Ştatlar və İsraillə uzun müddətdir sıx əməkdaşlıq edir ki, bu da Cənubi Qafqaz və digər regionların təhlükəsizliyinə töhfə verib.
“Report” xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim “Diplomatic watсh”a müsahibəsində üçtərəfli əməkdaşlığın potensialı ilə bağlı suala cavab verərkən bildirib.
Onun sözlərinə görə, üçtərəfli əməkdaşlığın inkişafı hər üç ölkənin maraqlarına cavab verir və Bakı onun daha da dərinləşməsində maraqlıdır.
"Məsələn, Orta Dəhlizi götürək. Bu, Avropanı və Asiyanı birləşdirən ən qısa, sürətli və iqtisadi cəhətdən səmərəli marşrutdur. Bu dəhliz İsrailə və Azərbaycana fayda gətirəcək. Dünyanın supergücü olan və bu layihədə mühüm rol oynayan Birləşmiş Ştatlar da bundan faydalanacaq", - X.İbrahim deyib.
O qeyd edib ki, Azərbaycan logistik əlaqələrin inkişafında maraqlı olduğu üçün bu, İsraillə tərəfdaşlıq sahələrini şaxələndirməyə imkan verir.
"Biz təkcə neft və qazdan danışmırıq, İsrailə və qonşu ölkələrə fayda gətirə biləcək digər yüklərin də daşınmasını həyata keçiririk. Biz buna regional və bütöv kontekstdə baxırıq", - diplomat vurğulayıb.
X.İbrahim sonda əlavə edib ki, Azərbaycan həmçinin ərəb ölkələri, Mərkəzi Asiya və öz qonşuları ilə də yaxşı əlaqələrə malikdir.
"Biz özümüzü birləşdirici ölkə hesab edirik. Lakin konkret olaraq Azərbaycan-İsrail-ABŞ formatında əməkdaşlıqdan danışsaq, bu üçtərəfli münasibətlər bütün tərəflərin maraqlarına cavab verir", - o yekunlaşdırıb.