Azərbaycan əmək, məşğulluq və sosial müdafiə sahəsində gördüyü işləri TDT-yə üzv ölkələrlə bölüşməyə hazırdır.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.
O, Azərbaycanın bu sahə üzrə qarşılıqlı təcrübə mübadiləsinə də hazır olduğunu söyləyib:
"Əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, təcrübə mübadiləsinin aparılmasını ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsində olduqca mühüm addım sayıram. Azərbaycanın məşğulluq və sosial müdafiə sahəsində qazandığı təcrübəni və əldə etdiyi uğurları təşkilata üzv dövlətlərlə bölüşməkdə, eləcə də Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin bu sahədə qazandığı təcrübəni öyrənməkdə maraqlı olduğumuzu bildirmək istərdim".