Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilir.
"Report"un məlumatına görə, konfransın əsas mövzusu "Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış"a həsr olunub.
Texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizlik sahəsində baş verən dəyişikliklərin müzakirəsi üçün yüksəksəviyyəli beynəlxalq platforma rolunu oynayan konfransda beynəlxalq ekspertlər, ölkədə akkreditə olunan səfirlər və diplomatlar, eləcə də aidiyyəti beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlər və diplomatiyaya təsiri, kibermüttəfiqliklər və strateji muxtariyyət arasında balans, iri texnologiya şirkətlərinin geosiyasi aktor kimi artan rolu ətrafında fikir mübadiləsi aparılacaq.
Həmçinin informasiya müharibəsi və "deepfake" texnologiyalarının yaratdığı təhdidlərə qarşı mübarizə, kiberməkanda etimadın formalaşdırılması və dövlətlərin məsuliyyətli davranışının təşviqi, eləcə də kritik infrastrukturun qorunması və transsərhəd təhlükəsizlik risklərinin idarə olunması kimi aktual məsələlər gündəliyin əsas müzakirə mövzularına daxildir.