Nquyen Van Tyen: Azərbaycan və Vyetnam mədəni əlaqələrin inkişafı üçün böyük potensiala malikdir

Vyetnamlı ədəbiyyatşünas, tərcüməçi Nquyen Van Tyen Azərbaycanla Vyetnamın ədəbiyyat və mədəniyyətin öyrənilməsi ilə məşğul olan qurumları arasında əlaqələrin inkişaf edəcəyinə ümid etdiyini bildirib.

"Report"un Hanoya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Nquyen Van Tyen jurnalistlərə açıqlamasında deyib.

"İstərdim ki, ədəbiyyat və mədəniyyətin öyrənilməsi ilə məşğul olan qurumlarımız arasında yaxşı münasibətlər qurulsun. Hesab edirəm ki, mədəni və ədəbi əlaqələrin inkişafı üçün potensialımız var", - o bildirib.

N.Tyenin sözlərinə görə, Vyetnamda Azərbaycan ədəbiyyatına maraq artır. Xüsusən də, azərbaycanlı kinorejissor Əjdər İbrahimovun "Vyetnamda gördüklərim" kitabının tərcüməsi gənclərdə maraq doğurub.

"Təqdimat günü tədbirə kitabın bir nüsxəsini əldə etmək və onu oxumaq arzusunda olan çoxlu sayda tələbə və gənclər gəlmişdi. Hazırda, böyük ehtimalla, kitab bazarında artıq nadir bir nüsxəyə çevrilib", - müsahib qeyd edib.

N.Tyen Azərbaycana iki dəfə - 2024 və 2025-ci illərdə səfər etdiyini bildirib. İlk səfəri zamanı o, Bakıda keçirilən Asiya xalqları ədəbiyyatı üzrə beynəlxalq konfransda iştirak edib, Azərbaycan Milli Elmlər Akademiyasını və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu ziyarət edib.

N.Tyen 2026-cı ildə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasındakı mahnıların mətnlərini Vyetnam dilinə tərcümə edib. O, həmçinin Hanoy Universitetində türkologiya və azərbaycanşünaslıq mərkəzlərinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Digər xəbərlər