“Memorandum Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq, beynəlxalq mövqelərini gücləndirəcək” - RƏY

“Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” hər iki tərəf üçün xüsusi əhəmiyyəti olan sənəddir. Bu tarixi razılaşma Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq, eyni zamanda, ölkəmizin beynəlxalq mövqelərini gücləndirəcək”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, imzalanan sənəd indiki mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın uzun illər ərzində qazandığı etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə xidmət edir.

Millət vəkili bildirib ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin 2022-ci il iyulun 18-də Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların siyasi məzmunu bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində daha üstün mövqelərə malik olduğunu bir daha təsdiqləyir:

“Avropa İttifaqı ilə münasibətlər yalnız iqtisadi maraqlardan qaynaqlanmır. Azərbaycan bu əməkdaşlıqdan ciddi siyasi dividentlər də götürür. Avropanın enerji təhlükəsizliyi indi həmişə olduğundan daha ciddi aktuallıq kəsb edir. Bizim ölkəmiz öz resursları ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında hər zaman mühüm rol oynayıb. Yeni anlaşma bu rolun artırılmasını nəzərdə tutur”.

Soltan Məmmədov vurğulayıb ki, anlaşma memorandumunun əsas hədəflərindən biri Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini 20 milyard kubmetrə çatdırmağı nəzərdə tutur. Bu, kifayət qədər ciddi bir rəqəmdir və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli təsir göstərməklə yanaşı, Azərbaycanın iqtisadi gəlirlərinin artmasında da vacib rol oynayacaq:

“Sənədin əhəmiyyətini artıran ikinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycanı Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevirməyi hədəfləyir. Bu gün Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni prioritet məqsədlərindən biri elan edib. Bilirsiniz ki, mütəxəssislər yaxın 30 il ərzində insanların istifadə etdiyi enerji mənbələrinin 35 faizə qədərinin bərpaolunan ehtiyatların payına düşəcəyini proqnozlaşdırırlar. Azərbaycan Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 10 dekabr 2021-ci il tarixli Sərəncamında işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi ilə bağlı xüsusi bənd var. Bu baxımdan, hesab edirəm ki, yeni saziş Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələrin də uğurla həyata keçirilməsinə də töhfə verə bilər”.

Milli Məclisin deputatı vurğulayıb ki, imzalanan memorandumun əhəmiyyətini artıran ən vacib məqam Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olması faktının birmənalı qəbul edilməsidir:

“Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin ölkəmizi etibarlı və etimad doğuran tərəfdaş kimi xarakterizə etməsi Azərbaycanın xarici siyasətinin uğurlarından biri kimi qiymətləndirilə bilər”.

Digər xəbərlər